CNN-in ötən həftə yayımladığı və İsrailin Azərbaycandakı mümkün hərbi mövcudluğundan bəhs edən məqalə Azərbaycanda və regionda geniş müzakirələrə səbəb olub.
Dörd mənbəyə istinad edilən materialda iddia olunur ki, İsrail İranla müharibə zamanı Tehrana qarşı əməliyyatları asanlaşdırmaq məqsədilə elit hərbi və kəşfiyyat bölmələrini gizli şəkildə Azərbaycanda yerləşdirib. Məqaləyə görə, həmin qüvvələr Azərbaycanın cənubunda, İran sərhədinə yaxın ərazilərdə fəaliyyət göstərib. CNN bildirir ki, İsrailin xüsusi təyinatlı qüvvələri burada kəşfiyyat məlumatlarının toplanması və pilotsuz uçuş aparatları ilə bağlı əməliyyatlar həyata keçirib.
Nəşr qeyd edir ki, Azərbaycandakı bu yerləşdirmə İsrailin Yaxın Şərqdəki gizli hərbi şəbəkəsinin bir hissəsi olub və ölkəyə əlavə əməliyyat imkanları qazandırıb. Məqalədə Azərbaycanda İsrailin xüsusi əməliyyat qüvvələrinin üzvlərinin, elit vertolyot döyüş və xilasetmə bölmələrinin, həmçinin Mossad (red: İsrailin milli kəşfiyyat agentliyi) əməkdaşlarının yerləşdirildiyi iddia edilir.
CNN-in məlumatı gün ərzində telekanalın efirində müzakirə olunub, daha sonra isə dünyanın aparıcı media qurumları və İsrail mətbuatı onu işıqlandırılıb. Bununla belə, İsrail tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. CNN qeyd edir ki, şərh almaq üçün İsrail Baş Nazirinin Ofisinə və İsrail Müdafiə Qüvvələrinə müraciət edib.
Rəsmi Bakı: “İddialar əsassızdır”
İsraildən fərqli olaraq, Azərbaycan tərəfi yayılan məlumatlara dərhal reaksiya verib.
ABŞ-dəki Azərbaycan səfirliyinin sözçüsü CNN-ə açıqlamasında bildirib ki, Azərbaycan ərazisinin üçüncü dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsi barədə iddialar qətiyyətlə rədd edilir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də vurğulayıb ki, məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib olunub və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya təqdim edilib.
“CNN-dən əsassız iddiaların yer aldığı bu məqalənin təkzib edilməsini gözləyirik”, - deyə o bildirib.
Medianın İnkişafı Agentliyi (MEDİA) isə bəyanat yayaraq CNN-in materialını “uydurma, qərəzli və kobud informasiya manipulyasiyası” adlandırıb. Qurumun fikrincə, yayılan məlumat regional sabitliyə və dövlətlərarası münasibətlərə zərər vurmağa yönəlmiş siyasi təxribat xarakteri daşıyır.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası da məqaləni “məqsədyönlü informasiya təxribatı” kimi qiymətləndirib.
Komissiyanın və parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov “Abzas Media”ya açıqlamasında CNN-in iddialarını əsassız adlandırıb və sübutların ortaya qoyulmasını tələb edib.

Musabəyov bildirib ki, Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlıq uzun illərdir mövcuddur və bu münasibətlər tərəflərin milli maraqlarına əsaslanır. Onun sözlərinə görə, İsrail Azərbaycana silah satmağa Qərb ölkələrinin belə əməkdaşlıqdan imtina etdiyi dövrdə başlayıb.
“İsrail Azərbaycana hərbi texnikanı ABŞ və Avropa dövlətlərinin silah satışına qadağa qoyduqları bir vaxtda satmağa başlayıb. Həmin düvrdə Türkiyə də Azərbaycanın istəklərini tam şəkildə təmin etmək iqtidarında deyildi. Bu səbəbdən Azərbaycan İsraillə əməkdaşlığı saxlayır. Bu, kimin xoşuna gəlmirsə, sadəcə su içib sakitləşsinlər”.
Türkiyənin mümkün reaksiyası ilə bağlı suala cavabında isə deputat qeyd edib ki, Ankara İsrailin Azərbaycanda hərbi mövcudluğunun olmadığını bildiyi üçün bu mövzuda xüsusi reaksiya verməyəcək.
“Türkiyə çox yaxşı bilir ki, İsrailin Azərbaycanda hərbi mövcudluğu yoxdur, ona görə də bununla bağlı hər hansı reaksiyası olmayacaq”.
Ekspertlər: “İddiaları nə təsdiqləmək, nə də tam təkzib etmək mümkündür”
Hazırda Ermənistanda çalışan İsrail Hava Hücumundan Müdafiə Qüvvələrinin keçmiş komandanı, ehtiyatda olan briqada generalı Zvika Haimoviç “Abzas Media”nın sorğusuna cavabında mövzu ilə bağlı şərh vermək istəmədiyini bildirib.
İsrail əsilli müdafiə və təhlükəsizlik üzrə ekspert Yudcin Koqan isə CNN-in yaydığı məlumatların doğruluğunu qəti şəkildə təsdiqləməyin və ya təkzib etməyin çətin olduğunu deyib.

Onun sözlərinə görə, məqalədəki məlumatların həqiqətə uyğun olub-olmaması barədə qəti nəticə çıxarmaq mümkün deyil. Ekspert hesab edir ki, bu cür məlumatların yayılması İsrailin regiondakı təsir imkanlarını və tərəfdaşlarını ön plana çıxarır.
Koqan bildirib ki, İran uzun müddətdir İsrailin regiondakı əlaqələri barədə məlumatlıdır və bu cür xəbərlər daha çox siyasi və psixoloji təsir vasitəsi kimi istifadə oluna bilər.
“İran bütün bunları bilsə də, bu, ona dost olmayan ölkələri bombalamaqla cəzalandırmaq üçün bəhanə verir. Burada söhbət təkcə Azərbaycandan deyil, eyni zamanda, həm də Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gedir. Xatırladım ki, İsrail siyasətçiləri təmkinli sükutu qorumaq əvəzinə, müharibə zamanı BƏƏ-yə səfər etdiklərini bəyan edərək bir-birləri ilə sanki yarışdılar. Onların bu bəyanatları BƏƏ-də xoş qarşılanmadı”, - deyə o bildirib.
Ekspert İsrailin Azərbaycanda hərbi kontingent saxlaması ehtimalına skeptik yanaşdığını vurğulayıb:
“İsrailin Bakıdakı səfirliyində kəşfiyyat əməkdaşları ola bilər, lakin mən Azərbaycanda İsrail hərbi kontingentinin yerləşdirildiyini düşünmürəm”.
Onun sözlərinə görə, Azərbaycan prezidentin İlham Əliyev Tehranla münasibətlərdə balanslı siyasət yürüdür və əlavə risklər yaratmaqda maraqlı deyil.
Koqan Azərbaycan-İsrail münasibətlərini “möhkəm və səmimi” adlandırıb. O hesab edir ki, Türkiyə İsrailin Azərbaycandakı mümkün hərbi mövcudluğuna müsbət yanaşmasa da, Bakı üzərində ciddi təsir mexanizmlərinə malik deyil.
“Ərdoğanın bundan xoşu gəlməyə bilər, lakin onun Əliyevə qarşı heç bir təsir mexanizmi yoxdur və hələ də Azərbaycanın neft və qazına ehtiyacı var. Maliyyə dəstəyi üçün o, Qətər və Səudiyyə Ərəbistanına üz tutur. Türkiyə iqtisadiyyatının vəziyyəti yaxşı deyil, baxmayaraq ki, rəsmi bəyanatlar bunun əksini iddia edir”, - deyə o bildirib.
Brüsseldə fəaliyyət göstərən xarici siyasət eksperti Eldar Məmmədovun fikrincə, Azərbaycan və İsrail arasında mövcud olan geniş hərbi və təhlükəsizlik əməkdaşlığı fonunda belə iddiaların ortaya çıxması təəccüblü deyil.

O qeyd edib ki, kəşfiyyat əməkdaşlığı, pilotsuz uçuş aparatları və raket sistemləri sahəsindəki əlaqələr İsrailin Azərbaycanda müəyyən formada mövcudluğu barədə fərziyyələri tamamilə qeyri-real göstərmir.
“Bunun İrana qarşı əməliyyatlar üçün birbaşa plasdarm rolunu oynayıb-oynamadığını demək isə çətindir. Mənbələrin anonim olması məlumatların yoxlanmasını mürəkkəbləşdirir, lakin iddia tamamilə əsassız da deyil. Rəsmi Bakı bu cür hərbi iştirakı qətiyyətlə təkzib etsə də, Azərbaycanın İsrail ilə sıx təhlükəsizlik əməkdaşlığı fonunda bu cür iddiaların ortaya çıxması məntiqlidir. Azərbaycanın İsrail ilə münasibətlərinin aysberqə bənzədiyini və 90 faizinin suyun altında gizləndiyini fəxrlə bəyan edən məhz Azərbaycan prezidenti İlham Əliyevin özü idi. Aydın məsələdir ki, gec-tez belə bir müttəfiqliyin bədəlini ödəməli olursan”, – deyə ekspert bildirib.
Məmmədovun fikrincə, CNN kimi beynəlxalq media qurumlarının İsrail-İran qarşıdurmasının gizli tərəflərini araşdırması normal jurnalist fəaliyyətinin tərkib hissəsidir.
“Bu hadisədə məqsəd İsrail-İran müharibəsinin gizli tərəflərini ifşa etmək və ya qabartmaq ola bilər. Bu məlumatları ötürən tərəflər həmçinin regiondakı oyunçulara təzyiq göstərməyi və ya İran, Türkiyə və digərlərinin reaksiyalarını yoxlamağı hədəfləyə bilərlər”.
Ekspert hesab edir ki, iddiaların doğru olması halında bu, regionda əlavə gərginlik yarada bilər. O xatırladıb ki, İran dəfələrlə özünə qarşı hücumlar üçün istifadə olunan ərazilərə cavab zərbələri endirəcəyini bəyan edib:
“İran dəfələrlə xəbərdarlıq edib ki, ona qarşı hücumlar üçün istifadə olunan istənilən qonşu ölkənin ərazisinə zərbələr endirəcək. Mart ayında İran mənşəli pilotsuz uçuş aparatları Naxçıvana düşərək dörd mülki şəxsi yaralamış və hava limanına ziyan vurmuşdu. Prezident Əliyev bunu "terror aktı” adlandırsa da, nəzarətdən çıxa biləcək fəsadlar və gərginliyin böyüməsi qorxusundan cavab tədbirləri görməkdən çəkindi”.
CNN-in məlumatı məhz indi yaymasının səbəblərinə toxunan Məmmədov bunu regionda davam edən geosiyasi proseslərlə əlaqələndirib. Onun fikrincə, belə məlumatlar həm İran-Azərbaycan münasibətlərinə təsir göstərmək, həm də regional oyunçuların reaksiyasını ölçmək məqsədi daşıya bilər.
“Aydındır ki, bu məlumat İran və Azərbaycan arasındakı münasibətlərdə gərginliyi artıra bilər. ABŞ və İran arasındakı aktiv hərbi qarşıdurmanın dayandığı və diplomatik danışıqların aparıldığı bir vaxtda, İsrail bu səyləri boşa çıxarmaqda maraqlıdır. Sülh sazişi onun maraqlarına uyğun deyil. Digər tərəfdən, nə Bakı, nə də Tehran hələ ki, aralarındakı kövrək anlaşmanı pozmaqda maraqlıdırlar. Güman edirəm ki, bu vəziyyəti idarə etmək üçün pərdəarxası gizli əlaqələr mövcuddur“, - deyə o bildirib.
Məmmədov Azərbaycan-İsrail hərbi əməkdaşlığını “çox güclü və uzunmüddətli” adlandırıb. Onun sözlərinə görə, Azərbaycan müdafiə sahəsində İsrail texnologiyalarına əhəmiyyətli dərəcədə güvənir, İsrail isə Azərbaycanla əməkdaşlıq sayəsində həm enerji təminatı, həm də regional təhlükəsizlik baxımından mühüm üstünlüklər əldə edir.
“Stokholmda yerləşən SIPRI analitik mərkəzinin məlumatına görə, Azərbaycanın yüksək dəyərə malik silahlarının 70 faizə qədərinin mənbəyi İsraildir. İsrail isə bunun müqabilində İranın şimal sərhədinə çıxış, kəşfiyyat məlumatları və enerji təminatı əldə edir. İsrail neftinin təxminən 40 faizi Azərbaycandandır və bu tədarük hətta İsrailin Qəzzadakı hərbi əməliyyatları zamanı belə dayanmayıb. Bu, İsrailin strateji baxımdan ən dəyərli gizli tərəfdaşlıqlarından biridir. Digər tərəfdən, Bakı silahlardan əlavə, İsrailyönümlü lobbi, o cümlədən AIPAC (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi) vasitəsilə Vaşinqtondakı qərar qəbul edənlərə çıxış əldə edir. Bakı Vaşinqtonda özünü İran və Rusiyaya qarşı bir sipər kimi təqdim edir və bununla da insan haqları məsələlərində güzəşt qazanır“.
Ekspertin fikrincə, İsrailin Azərbaycandakı mümkün hərbi mövcudluğu Türkiyə üçün də müəyyən siyasi dilemma yarada bilər. Bununla belə, Ankara hazırda Bakı ilə Təl-Əviv arasındakı əməkdaşlığa dözümlü yanaşır.
“Türkiyənin Azərbaycanla bir çox səviyyədə, o cümlədən təhlükəsizlik ittifaqını rəsmiləşdirən Şuşa Bəyannaməsi də daxil olmaqla çox yaxın münasibətləri var. Digər tərəfdən, Azərbaycan İsrailin də yaxın müttəfiqidir. İsrail öz növbəsində Türkiyəni İranla eyni səviyyədə bir təhdid kimi görür. Türkiyə də İsrailin İranla müharibəsinə qarşıdır, çünki bunun regionda sabitliyi pozacağından və kürd separatizmini alovlandıracağından ehtiyat edir“.
Ekspert hesab edir ki, İsrailin regionda artan təsiri və bunun Türkiyə ilə mümkün qarşıdurmaya yol açması şəraitində Bakı üçün əsas vəzifələrdən biri Ankara və Təl-Əvivlə münasibətlər arasında balansı qorumaq olacaq.

