

Cəsur Məmmədov
Jurnalist, təhlilçi
Cəsur Məmmədov 16 iyul 1976-cı ildə Salyan şəhərində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun - indiki Dövlət İdarəçilik Akademiyasının - Politologiya fakültəsini bakalavr dərəcəsi üzrə 1997-ci ildə bitirib.
Gürcüstan İctimai Əlaqələr İnstitutunun (GIPA) Jurnalistika və Media Menecmenti fakültəsində magistr təhsili alıb və 2014-cü ildə məzun olub. Almaniyanın Bielefeld Universitetində Siyasi elmlər və Media elmləri üzrə magistr dərəcələri alıb. Gürcüstanda və Almaniyada magistr təhsili aldığı dövrdə müxtəlif regional və beynəlxalq təqaüdlərə, o cümlədən ABŞ Dövlət Departamentinin və DAAD-ın təqaüdlərinə layiq görülüb.
İndiyədək müxtəlif mətbuat orqanlarında, o cümlədən “Ayna” və “Zerkalo” qəzetlərində çalışıb. Məqalələri müxtəlif beynəlxalq nəşrlərdə, o cümlədən Müharibə və Sülhün İşıqlandırılması İnstitutunda (IWPR, London) dərc olunub. NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə yayımlanan aylıq “Ordunun Aynası” əlavəsinin məsul redaktoru olub.
Beynəlxalq Şəffaflıq Təşkilatının hərbi sahədə anti-korrupsiya indeksinin hazırlanmasında iştirak edib və Azərbaycan üzrə qiymətləndirici olub. Almaniyanın ictimai televiziya kanalı WDR-də reportyor kimi çalışıb.
2002-ci ildən müdafiə və təhlükəsizlik sahəsindəki problemləri — əsasən hərbi islahatlar, insan haqları, hərbi doktrinalar, korrupsiya və əsgər ölümləri mövzularını — araşdırır. 2006-cı ildən hərbi sahədə jurnalist araşdırmaları ilə məşğul olan QHT-lərə rəhbərlik edir. 2015-ci ildən Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) sədridir.
Müdafiə və təhlükəsizlik sektorundakı problemlər, eləcə də bu sahədə medianın rolu mövzusunda bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən NATO-nun Almaniyadakı məktəbində mühazirələr oxuyub. Ordu və media əlaqələrinə dair çoxsaylı araşdırma məqalələrinin və iki kitabın müəllifidir.
Məqalələr
