“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiq və hədələrlə üzləşdiyi iddia olunur.
Bu barədə məlumatı onun yaxınları yayıb. Onların sözlərinə görə, Mustafayev ictimai fəal Tofiq Yaqublunun səhhəti ilə bağlı məsələlərə müəssisə rəhbərliyinin münasibətini tənqid etdikdən sonra rejim rəisi Samit Qafarov onu yeni cinayət işi açılacağı ilə hədələyib.
Yaxınlarının bildirdiyinə görə, Elvin Mustafayev bundan əvvəl də müəssisədə zorakılığa məruz qaldığını deyib. Onların təqdim etdiyi məlumata əsasən, hadisə mayın 9-da baş verib. İddia olunur ki, məhkum müxtəlif dövlət qurumlarına ünvanladığı şikayət və müraciətləri göndərmək istəyib, lakin müəssisə rəhbərliyi buna imkan verməyib. Bu səbəbdən tərəflər arasında gərginlik yaranıb.
Məlumata görə, həmin gün Mustafayev cəzasının çəkilməmiş hissəsinin şərti hesab olunması ilə bağlı müraciətinə görə Bakı İstintaq Təcridxanasına aparılmalı idi. Köçürülməzdən əvvəl ondan saqqalını qırxması tələb olunub. O isə bu tələbi qanunsuz hesab edərək etiraz edib.
Yaxınlarının iddiasına əsasən, bundan sonra müəssisənin bir qrup əməkdaşı ona qarşı fiziki güc tətbiq edib. Hadisədə müəssisə rəhbərliyində təmsil olunan bir neçə əməkdaşın və digər əməkdaşların iştirak etdiyi bildirilir. Mustafayevin sözlərinə görə, o, yumruq və təpik zərbələri alıb, daha sonra qolları zorla saxlanılaraq saqqalı məcburi şəkildə qırxılıb. Ardınca isə Bakı İstintaq Təcridxanasına köçürülüb.
Ailəsi bildirir ki, təcridxanaya gətirilərkən onun bədənində müxtəlif xəsarət izləri olub. Bununla belə, həmin xəsarətlərin rəsmi qaydada sənədləşdirilib-sənədləşdirilmədiyi barədə məlumat yoxdur.
Mayın 12-də atası ilə telefon danışığı zamanı Elvin Mustafayevin baş verənlər barədə məlumat verməyə çalışdığı, lakin əlaqənin qəfil kəsildiyi bildirilir. Daha sonra onun təcridxana rəhbərliyinə telefon danışıqlarına müdaxilə edilməsinin qanunsuz olduğunu desə də, etirazının nəzərə alınmadığı qeyd edilir.
Yaxınlarının sözlərinə görə, Elvin Mustafayev həbs olunmazdan əvvəl də onurğa problemləri və protruzia diaqnozu səbəbindən müalicə alıb. O bildirir ki, mayın 9-da məruz qaldığı iddia edilən zorakılıq nəticəsində ağrıları daha da güclənib. Həmçinin boyun nahiyəsinə dəyən zərbələr səbəbindən bir neçə gün normal hərəkət etməkdə çətinlik çəkdiyini deyib.
Ailə üzvlərinin məlumatına görə, hadisədən sonra uzun müddət keçməsinə baxmayaraq, onun qollarında göyərmə və qızartı izləri qalıb. Buna rəğmən, tibbi müayinədən keçirilmədiyi iddia olunur. Yaxınları məsələ ilə bağlı prokurorluğa müraciət etməyə hazırlaşdıqlarını bildirirlər.
Elvin Mustafayev 2023-cü il yanvarın 31-də məhkəmə qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona əvvəlcə satış məqsədilə külli miqdarda narkotik vasitələrin daşınması ittihamı verilsə də, sonradan məhkəmə ittihamı dəyişərək onu satış məqsədi olmadan külli miqdarda narkotik saxlamaqda təqsirli bilib.
Mustafayev ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir. Bir sıra hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar. Rəsmi qurumlar isə Azərbaycanda siyasi məhbusların olması ilə bağlı iddiaları rədd edir.
