Gündəm

XİN: “Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücum edilib, 5 nəfər həlak olub”

2 dəqiqə
XİN: “Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücum edilib, 5 nəfər həlak olub”

İyunun 5-i, gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə Azov dənizində dron hücumları həyata keçirildiyi bildirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat verib. Xidmətin rəisi Ayxan Hacızadə sözlərinə görə, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

“Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

Hazırda məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları, ölkəmizin diplomatik nümayəndəlikləri, eləcə də müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır. Rusiyadakı səfirliyimizin bir neçə əməkdaşı hadisə yerinə yola düşüb. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır”, - deyə XİN rəsmisi qeyd edib.

Rusiya KİV-ləri Azərbaycan dənizçilərinin həlak olduğu pilotsuz uçuş aparatlarının hücumları Ukrayna tərəfinin həyata keçirdiyini iddia edib.

Məlumata əsasən, gəmilər Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək məqsədilə ballast vəziyyətində hərəkət edirmiş.

Bildirilir ki, hər iki gəmiyə bir neçə pilotsuz uçuş aparatı dəyib. Nəticədə gəmilərin korpusları və üst qurğuları ciddi zədələnib, göyərtədə lokal yanğınlar başlayıb. Hadisə yerində xilasedicilər və istintaq əməkdaşları işləyirlər. Ərazidə gəmi hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Ukrayna tərəfi hələlik sözügedən gəmilərə endirilən zərbələrlə bağlı açıqlama verməyib. Bununla belə, daha əvvəl Ukrayna hərbi komandanlığı Azov dənizində bir sıra Rusiya hərbi obyektlərinə, o cümlədən “Svetlyak” patrul gəmisinə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bəyan etmişdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun