Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
“APA”nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Qərara əsasən, Abasquliyeva məhkəmə zalında həbs edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən digər şəxslərdən Elnur Əhmədli 5 il 2 ay, Amil (Hamlet) Mustafayev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən əvvəl son söz hüququndan istifadə edən Mehriban Abasquliyeva məhkəmənin ədalətli qərar verəcəyinə inandığını bildirib.
Dövlət ittihamçısı çıxışında Abasquliyevanın 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il, Elnur Əhmədli və Amil Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş verib. Yanğından sonra Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarının pozulması və səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
İstintaqın nəticələrinə görə, mərkəzin dördüncü mərtəbəsində yerləşən Yenidoğulmuşların intensiv terapiya bölməsində baş verən yanğın zamanı 7 körpə həyatını itirib, 4 nəfər xəsarət alıb. Hadisə nəticəsində müəssisəyə 361 min manat məbləğində maddi zərər dəydiyi bildirilib.
İttihama əsasən, Mehriban Abasquliyeva 2022-ci ilin dekabrında direktor təyin olunduqdan sonra müəssisənin imkanlarını nəzərə almadan xəstə qəbulunun sayını əhəmiyyətli dərəcədə artırıb. İstintaq hesab edib ki, bu addım elektrik sisteminin normadan artıq yüklənməsinə və nəticədə yanğının baş verməsinə səbəb olub.
Sabiq direktor Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarının pozulması maddələri ilə, şöbə rəisləri vəzifəsində çalışmış Elnur Əhmədli və Hamlet Mustafayev isə yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə təqsirləndiriliblər.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, həmçinin Elçin Nəcəfov, Vaqif Hacıyev, Aynurə Əhmədova və Gülbahar Zülfüqarova zərərçəkmiş şəxs qismində tanınıblar.
