Gündəm

Təyin olunmuş ərazilərdə yaşamaqdan imtina edənlərin məcburi köçkün statusu ləğv ediləcək

2 dəqiqə
Təyin olunmuş ərazilərdə yaşamaqdan imtina edənlərin məcburi köçkün statusu ləğv ediləcək

Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşdirilir.

Bu, Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, məcburi köçkün şəxs əvvəl adətən yaşadığı yerə qayıtdıqda, yaxud əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri aldıqda bu statusunu itirir.

Layihəyə əsasən, vətəndaş qeyd olunan yaşayış yerlərindən imtina etdikdə də məcburi köçkün statusunu itirəcək.

Keçid müddəasına görə, qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin olunmuş məcburi köçkünlərin statusu da həmin tarixdən etibarən ləğv ediləcək.

Yeni təklifə əsasən, şəxs əvvəlki yaşayış yerinin əvəzinə yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin ediləcək. Bununla da dövlətin yeni yaşayış sahəsi verməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

“Məcburi köçkünlərin sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin üç il müddətində davam etdirilməsini dəqiqləşdirir. Bu müddət məcburi köçkün statusunun itirildiyi gündən hesablanacaq.

Keçid müddəalarına əsasən, qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər.

Qeyd olunub ki, dəyişikliklər yurd yaddaşının qorunmasını, sosial müdafiəni, iqtisadi inkişafı və milli bərpa prosesini vahid hüquqi çərçivədə birləşdirməyi nəzərdə tutur.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun