İqtisadiyyat

Yenidən istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımaları hələ nəzərdə tutulmur

3 dəqiqə
Yenidən istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımaları hələ nəzərdə tutulmur

Gürcüstanın Axalkalaki stansiyasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirmədən sonra rəsmi istismara verilməsi mərasimi keçirilib.

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həmçinin Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edib. Rəsmi şəxslər xəttin istifadəyə verilməsini simvolizə edən düyməni birlikdə sıxıblar.

Azərbaycan nümayəndə heyətinə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları”nın (ADY) sədri Rövşən Rüstəmov daxil olub.

BTQ xəttinin yenidən açılması fonunda Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarlarının bərpasından sonra Türkiyəyə də dəmir yolu ilə səfərlərin mümkün olacağı ilə bağlı gözləntilər yaranmışdı. Lakin ADY rəhbərliyi hazırda bu istiqamətdə konkret planın olmadığını açıqlayıb.

Rövşən Rüstəmov jurnalistlərə bildirib ki, BTQ layihəsi regional və beynəlxalq logistika baxımından strateji əhəmiyyət daşıyır və Çinlə Avropa arasında yük daşımalarının genişlənməsinə xidmət edir.

“BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil”, - ADY sədri deyib.

Onun sözlərinə görə, layihə iştirakçı ölkələrlə yanaşı, “Orta Dəhliz” üzrə fəaliyyət göstərən digər tərəfdaşlar üçün də yeni imkanlar yaradır.

ADY sədrinin açıqlaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İqtisadçı Natiq Cəfərli paylaşımında BTQ xəttinin istifadəyə verilməsini müsbət hadisə kimi qiymətləndirsə də, sərnişin daşımaları ilə bağlı mövqeyi tənqid edib.

Cəfərli bildirib ki, Bakı-Tbilisi-Qars xətti Azərbaycanın maliyyə dəstəyi və siyasi iradəsi sayəsində reallaşıb. O, ADY rəhbərinin “konkret plan yoxdur” açıqlamasını isə sual altına alıb:

“Yumşaq desəm, çox qəribə açıqlamadır. Yaxşı, o planı kim qurmalı, tərtib etməlidir ki? Mən? Plan yoxdursa, sizin işiniz elə plan tərtib edib ölkələr arası münasibətləri intensivləşdirmək deyilmi? Gürcüstan tərəfi razı, Türkiyə tərəfi marağını ifadə edib, yaxşı, planı bircə siz ADY olaraq qura bilmirsiniz, ya qurmamısınız?! Nə mane olur ki bu planı düşünüb həyata keçirməyə?

Onun fikrincə, BTQ xətti gələcəkdə sərnişin daşımaları üçün də istifadə oluna bilər:

“BTQ dəmir yolunu sərnişinlər üçün “Qafqaz Ekspresinə” çevirmək olar, hətta Orta Asiya respublikalarından turistlərin Avropaya qədər çatdırılmasını təşkil etmək mümkündür”.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilk dəfə 2017-ci il oktyabrın 30-da yük daşımaları üçün test rejimində istifadəyə verilib. Layihə 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında həyata keçirilib.

Ümumi uzunluğu 827 kilometr olan BTQ xətti Avropadan Çinə qədər uzanan nəqliyyat marşrutlarının tərkib hissəsi hesab edilir və “Orta Dəhliz”in əsas komponentlərindən biri sayılır. Layihə Ermənistan ərazisindən yan keçdiyi üçün beynəlxalq səviyyədə müəyyən mübahisələrə də səbəb olmuşdu.

Tikintisinə 2007-ci ildə başlanılan və təxminən 10 il sonra tamamlanan layihənin ümumi dəyəri rəsmi şəkildə açıqlanmayıb. Yerli medianın məlumatına görə, 2014-cü ilə qədər layihəyə 536,8 milyon manat vəsait xərclənib. Dövlət Neft Fondunun 2015-ci il büdcəsindən əlavə 111,5 milyon manat ayrılıb. Prezident İlham Əliyev isə 2022-ci ildə xəttin ötürücülük qabiliyyətinin artırılması üçün əlavə 100 milyon dollar vəsait ayrılacağını bəyan etmişdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun