Ermənistan Mərkəzi Seçki Komissiyası növbəti parlament seçkilərində bütün 2005 seçki məntəqəsi üzrə səslərin hesablanmasını başa çatdırıb.
Yekun nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası 727 min 160 səs və ya 49,81 faiz toplayaraq birinci olub.
İkinci yeri rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Alyansı tutub. Alyans 340 min 62 səs və ya 23,29 faiz nəticə göstərib.
Keçmiş prezident Robert Koçaryanın liderlik etdiyi “Ermənistan” bloku 145 min 97 səs (9,94 faiz) qazanaraq üçüncü olub.
“Çiçəklənən Ermənistan” Partiyası 58 min 368 səs (4 faiz), beşinci yerdə qərarlaşan “Birlik Qanadları” Partiyası isə 33 min 618 səs (2,3 faiz) əldə edib.
“News.am”ın məlumatına görə, yeni parlamentdə dörd siyasi qüvvə – “Vətəndaş Müqaviləsi”, “Güclü Ermənistan”, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” təmsil olunacaq.
İlkin hesablamalara əsasən, mandatlar aşağıdakı kimi bölüşdürüləcək:
· “Vətəndaş Müqaviləsi” – 61 mandat;
· “Güclü Ermənistan” – 28 mandat;
· “Ermənistan” bloku – 11 mandat;
· “Çiçəklənən Ermənistan” – 4 mandat.
Parlament seçkilərinin nəticələrinə münasibət bildirən baş nazir Nikol Paşinyan Ermənistan xalqını iyunun 7-də keçirilmiş seçkilərdə qələbə münasibətilə təbrik edib.
“Armenpress”in məlumatına görə, Paşinyan Milli Assambleyanın daimi komitələrinin iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı çıxış edib.
“İlk növbədə, Ermənistan Respublikasının xalqını 7 iyun 2026-cı il seçkilərində qazandığı qələbə münasibətilə təbrik etmək istəyirəm. Ermənistan xalqı dövlətini, müstəqilliyini, gələcəyini və sülhü müdafiə etdi”, - deyə Paşinyan bildirib.
Baş nazir çıxışında “Güclü Ermənistan”, “Ermənistan” bloku və parlamentə düşmək üçün tələb olunan baryeri keçdiyi bildirilən “Çiçəklənən Ermənistan” partiyasını nəzərdə tutaraq onları “üçbaşlı müharibə partiyası” adlandırıb və bu qüvvələrin məğlub olduğunu söyləyib.
Paşinyan həmçinin bildirib ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin institusional rəsmiləşdirilməsi istiqamətində iş aparacaq.
“Bu istiqamətdə fəaliyyət göstərəcəyik”, - deyə o vurğulayıb.
Baş nazir yaxın zamanda TRIPP layihəsinin ratifikasiyası prosesinin başlanmasının gözlənildiyini də qeyd edib.
“Bu, vəziyyəti dəyişən layihədir. Ermənistan sülhün kəsişmə nöqtəsinə çevrilir”, - deyə hökumət başçısı bildirib.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Seçkilərdə 18 siyasi qüvvə - 16 partiya və iki alyans iştirak edib. Partiyalar üçün seçki baryeri 4 faiz, üçədək partiyanı birləşdirən bloklar üçün 8 faiz, dörd və daha çox partiyadan ibarət ittifaqlar üçün isə 10 faiz müəyyən edilib.
Səsvermə Moskva ilə Yerevan arasında münasibətlərin gərginləşdiyi bir dövrdə baş tutub. Rusiya Ermənistan rəhbərliyini Qərbyönlü siyasət yürütməkdə ittiham edir. Seçkilərdən sonra Paşinyan Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirəcəyini, eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalacağını bildirib.
“Biz həmçinin Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqına üzv digər ölkələrlə münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”, - deyə Paşinyan vurğulayıb.
