Siyasət

Həftənin hərbi-siyasi icmalı: Ermənistan seçkilərdən sonra, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşır?

8 dəqiqə
Həftənin hərbi-siyasi icmalı: Ermənistan seçkilərdən sonra, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşır?

Foto illüstrasiya: Abzas Media

Ötən həftə Azərbaycanın hərbi-siyasi gündəmində həm regional təhlükəsizlik, həm də beynəlxalq tərəfdaşlıqların inkişafı baxımından diqqətçəkən hadisələr baş verdi. Xüsusilə Ermənistanda keçirilən seçkilər və bu prosesin region ölkələrinə, o cümlədən Azərbaycana göndərdiyi siyasi mesajlar ön plana çıxdı. “Abzas Media” həftənin əsas hərbi-siyasi hadisələrini təhlil edir.

Ermənistandakı seçkilər və Azərbaycana verilən mesajlar

İyunun 7-də Ermənistanda keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının (VMP) qələbə qazanması göstərir ki, qarşıdakı beş ildə bu ölkədə baş verəcək siyasi və institusional dəyişikliklər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyacaq.

Bu baxımdan MMP-nin seçki proqramı diqqət çəkir. Sənəddə bildirilir ki, Azərbaycanla sülhün bərqərar olması Ermənistan üçün yeni və dinc inkişaf mərhələsinin başlanğıcı hesab edilir. Qeyd olunur ki, 2026–2031-ci illərdə “Real Ermənistan” ideologiyası, eləcə də ölkənin iqtisadi və institusional transformasiyası dövlət inkişaf strategiyasının əsasını təşkil edəcək.

Proqrama əsasən, həmin dövrdə Azərbaycanla münasibətlərin normallaşdırılmasının daha da institusionallaşdırılması istiqamətində addımlar atılacaq. Prioritetlər sırasında sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi, TRIPP layihəsinin həyata keçirilməsi, sülh müqaviləsinin imzalanması, ratifikasiyası və icrası yer alır.

Bu arada Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırdır.

"Əvvəlki kimi, Bakı və Yerevana nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, humanitar məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasının təqdim olunması istiqamətində dəstək verməyə hazırıq", – deyə Qaluzin vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılmasına yönəlmiş səyləri, 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmalar əsasında dəstəkləməyə davam edir.

Paşinyan seçki kampaniyasını əsasən Azərbaycanla sülh gündəliyi və sərhədlərin delimitasiyası üzərində qurmuşdu. O, seçicilərə müraciətlərində bildirirdi ki, partiyasına verilən səs regionda davamlı sülhə dəstək, müxalifətə verilən səs isə revanşizm və yeni müharibə riskinin artması deməkdir.

Bununla belə, Azərbaycan tərəfi hesab edir ki, davamlı sülhün təmin olunması üçün Ermənistan Konstitusiyasının preambulasında dəyişiklik edilməlidir. Rəsmi Bakı bunu sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi təqdim edir.

Söhbət Ermənistanın Müstəqillik Bəyannaməsinə edilən istinaddan gedir. Azərbaycan tərəfi hesab edir ki, həmin sənəd ölkənin ərazi bütövlüyünə dair iddialarla əlaqəli müddəalara söykəndiyi üçün gələcək sülh sazişi baxımından hüquqi risk yaradır.

Maraqlıdır ki, VMP-nin seçki proqramında xalqın iradəsi əsasında yeni Konstitusiyanın qəbul olunması məsələsi də yer alıb.

Paşinyanın komandası qarşıdakı beş il ərzində Gürcüstan, İran, Türkiyə və Azərbaycanla münasibətlərin inkişafını xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Seçki proqramında qeyd olunur ki, Rusiya ilə münasibətlər "konstruktiv transformasiya" mərhələsindən keçəcək.

Sənədə əsasən, Ermənistan Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünü qoruyub saxlamaqla yanaşı, Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində islahatları davam etdirəcək və üzvlük meyarlarına uyğunlaşmağa çalışacaq.

Proqramda 2026–2031-ci illər üçün 100 konkret addım da təqdim olunur. Bunlar arasında Qarabağdan köçmüş 10 min ailənin mənzillə təmin edilməsi, Milli Kiber Müdafiə Mərkəzinin yaradılması, yeni peyklərin orbitə buraxılması və Aİ ilə vizasız rejimə nail olunması kimi hədəflər yer alır.

Seçkilərin ilkin nəticələri açıqlanandan sonra Paşinyan Yerevanın sülhə, regional əməkdaşlığa və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha bəyan edib.

"Ermənistan xalqı sülhü, regional rifahı və əməkdaşlığı dəstəkləyir. Ümid edirəm ki, bu mövqe həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq", – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, tərəflər artıq sülh müqaviləsinin mətnini razılaşdırıblar və növbəti mərhələ sənədin imzalanması olmalıdır.

Üçtərəfli hərbi əməkdaşlıq nə vəd edir?

Paşinyanın partiyasının qələbəsi Ermənistanın gələcəkdə Azərbaycan–Türkiyə–Gürcüstan üçtərəfli əməkdaşlıq formatına qoşulması üçün yeni imkanlar yarada bilərmi?

Paşinyan seçkilərdən sonra bildirib ki, Yerevan Türkiyə ilə münasibətlərin normallaşması və iki ölkə arasında sərhədin açılması istiqamətində əlavə irəliləyiş gözləyir.

Mövcud reallıq göstərir ki, ilkin mərhələdə Ermənistanın Azərbaycan–Türkiyə–Gürcüstan üçtərəfli hərbi əməkdaşlıq formatına qoşulması mümkün görünmür. Bunun əsas səbəbi Bakı və Ankaranın İrəvanla münasibətlərində hələ də həllini gözləyən siyasi və hüquqi məsələlərin qalmasıdır.

Bununla belə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra vəziyyət dəyişə bilər. Bu halda Ermənistanın regionda formalaşan təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinə qoşulması ehtimalı istisna edilmir. Xüsusilə TRIPP layihəsi və regional nəqliyyat təşəbbüsləri Yerevanı daha geniş əməkdaşlıq formatlarına yaxınlaşdıran amillərdən biri kimi qiymətləndirilir.

Bu kontekstdə iyunun 4-də Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişinin imzalanması diqqət çəkir. Sənəd mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı paraflanmışdı və hazırda ratifikasiya mərhələsinə keçməyə hazırdır.

Paşinyan həmçinin vurğulayıb ki, Ermənistanın irəli sürdüyü "Sülhün kəsişməsi" təşəbbüsü regional nəqliyyat və logistika əlaqələrinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır və hökumətin prioritet istiqamətlərindən biri olaraq qalır.

Azərbaycan və Gürcüstan müdafiə nazirləri Zakir Həsənov və İrakli Çikovaninin iyunun 1-də Tbilisidə keçirdiyi görüşdə də üçtərəfli əməkdaşlıq formatının hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Görüş zamanı verilən mesajlar Bakı ilə Tbilisi arasında hərbi əməkdaşlığın gələcək inkişaf istiqamətlərini qiymətləndirməyə imkan verir.

Çikovaninin sözlərinə görə, üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlimlər iştirakçı ölkələrin hərbçiləri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Maraqlıdır ki, Azərbaycan Müdafiə Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda üçtərəfli əməkdaşlıq formatına ayrıca toxunulmayıb.

Azərbaycan–Türkiyə–Gürcüstan üçtərəfli əməkdaşlıq mexanizmi müdafiə nazirlərinin ötən ilin oktyabrında Ankarada keçirilən görüşündə rəsmiləşdirilib. Formatın əsas məqsədi regional təhlükəsizliyin gücləndirilməsi və müdafiə qurumları arasında koordinasiyanın artırılmasıdır.

Tbilisidə keçirilən görüşdə tərəflər Cənubi Qafqazın uzunmüddətli sabitliyi və inkişafı ilə bağlı məsələləri də müzakirə ediblər. Bundan əlavə, müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan hərbi təhsil, hərbi-texniki əməkdaşlıq, sosial və psixoloji dəstək proqramları, eləcə də çoxmillətli təlimlərdə birgə iştirak məsələləri nəzərdən keçirilib.

Səfər çərçivəsində Zakir Həsənov Muxrovanidə yerləşən Mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığı bazasını ziyarət edib, burada yaradılmış infrastruktur, silahlanma və texniki imkanlarla tanış olub.

"Orta dəhliz" və hərbi aspektlər

Ekspertlərin fikrincə, yaxın illərdə Azərbaycan və Gürcüstan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da genişlənməsi mümkündür. Bunun əsas səbəblərindən biri "Orta dəhliz" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və digər strateji logistika xətlərinin təhlükəsizliyinin təmin olunması zərurətidir.

Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi dəyişikliklər qlobal tədarük zəncirlərinə təsir göstərib və Avropa ilə Asiyanı birləşdirən alternativ marşrutların əhəmiyyətini artırıb. Bu baxımdan "Orta dəhliz", eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin təhlükəsizliyi region ölkələri üçün prioritet məsələlərdən birinə çevrilib.

Bu şəraitdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri strateji nəqliyyat və enerji infrastrukturlarının mühafizəsi ola bilər. Buraya həm ənənəvi təhlükəsizlik tədbirləri, həm də pilotsuz uçuş aparatları və digər müasir texnologiyaların tətbiqi daxildir.

Məhz bu səbəbdən üçtərəfli əməkdaşlıq formatı tərəflərin maraqlarına cavab verən praktik mexanizm kimi qiymətləndirilir. Sülh prosesinin uğurla yekunlaşacağı təqdirdə Ermənistanın da gələcəkdə müəyyən formatlarda, məsələn müşahidəçi qismində bu proseslərə qoşulması ehtimalı tam istisna edilmir.

Bununla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi təhsil və hərbi-texniki əməkdaşlıq istiqamətlərində də yeni təşəbbüslərin ortaya çıxacağı gözlənilir. Xüsusilə xüsusi təyinatlı qüvvələrin hazırlığı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişlənməsi mümkündür.

Bu baxımdan Zakir Həsənovun Gürcüstanın Xüsusi Əməliyyatlar Komandanlığına səfəri simvolik əhəmiyyət daşıyır. Bu, iki ölkənin xüsusi təyinatlı bölmələri arasında daha praktiki və institusional əməkdaşlıq mərhələsinə keçidin göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Türkiyənin də bu prosesdə fəal iştirak etməsi ehtimal olunur.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mayın 21-də İzmirdə keçirilən EFES-2026 çoxmillətli hərbi təlimi çərçivəsində də görüşüblər. Tərəflər həmin görüşdə ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafını müzakirə ediblər.

Rəsmi məlumata görə, əməkdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərləri, birgə təlimləri, peşəkar hazırlıq kurslarını, ekspert məsləhətləşmələrini və digər istiqamətləri əhatə edir.

Rusiya amili əngəl rolunda

Bununla belə, üçtərəfli əməkdaşlıq formatının inkişafını məhdudlaşdıra biləcək bir sıra geosiyasi, hüquqi və strateji amillər də mövcuddur. Bu amillər xüsusilə Azərbaycan və Gürcüstan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha dərin institusional mərhələyə keçməsini çətinləşdirir.

Əsas məhdudiyyətlərdən biri tərəflərin milli təhlükəsizlik prioritetləri və qlobal güclərlə münasibətlərindəki fərqlərdir. Bu fərq xüsusilə Rusiya ilə münasibətlərdə özünü daha qabarıq göstərir.

Məlumdur ki, Rusiya 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiya üzərində nəzarətini qoruyub saxlayır. Tbilisi bu əraziləri işğal olunmuş torpaqlar hesab edir və məhz bu səbəbdən Moskva ilə diplomatik münasibətləri bərpa etməyib. Gürcüstanın təhlükəsizlik strategiyasında Rusiya əsas təhdid mənbələrindən biri kimi qiymətləndirilir.

Azərbaycan isə Moskva ilə fərqli münasibətlər modelinə üstünlük verir. Bakı 2022-ci ildə imzalanmış "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirir və balanslaşdırılmış xarici siyasət kursu yürüdür.

Bu səbəbdən Azərbaycanın Gürcüstanla birlikdə Rusiyaya qarşı yönəlmiş hər hansı hərbi-siyasi blokda təmsil olunması və ya bu məzmunlu sazişlərə qoşulması real görünmür. Məhz bu amil tərəflər arasında əməkdaşlığın sərhədlərini müəyyən edən əsas faktorlardan biridir.

Bundan başqa, Bakı ilə Tbilisi arasında həllini gözləyən bəzi məsələlər də qalmaqdadır. Bunlardan biri dövlət sərhədinin tam delimitasiya edilməməsidir. Xüsusilə Keşikçidağ (David Qareci) monastır kompleksi ətrafında zaman-zaman yaranan fikir ayrılıqları iki ölkə arasında münasibətlərə təsir göstərə biləcək həssas mövzulardan hesab olunur.

Digər mühüm fərq isə Avropa İttifaqı ilə münasibətlərdə özünü göstərir.

Hazırda Gürcüstan-Aİ münasibətləri son illərin ən mürəkkəb dövrünü yaşayır. Tbilisi 2023-cü ilin sonunda namizəd ölkə statusu əldə etsə də, sonrakı daxili siyasi proseslər və qəbul edilən bəzi qanunlar Brüssel ilə münasibətlərin gərginləşməsinə səbəb olub.

Azərbaycan isə Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələsi üzərində işləyir. Ötən həftə Bakıda keçirilən danışıqlarda yeni hərtərəfli saziş layihəsi və 2026–2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi müzakirə olunub.

Tərəflər Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi üzrə ilkin razılığa gəliblər. Eyni zamanda, yeni ikitərəfli sazişlə bağlı danışıqlarda bir sıra istiqamətlər üzrə irəliləyiş əldə olunduğu və prosesin həm onlayn, həm də üzbəüz formatda davam etdiriləcəyi bildirilib.

Bütün bunlar göstərir ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsində inkişaf etsə də, yaxın perspektivdə onun klassik hərbi ittifaq formasına keçməsi ehtimalı yüksək deyil.

Ümumilikdə isə Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin bitməsi, tərəflər arasında sülh danışıqlarının prioritetə çevrilməsi, beynəlxalq diqqətin bölgəyə yönəlməsi Cənubi Qafqaz üçün hərbi-siyasi baxımdan ümidverici perspektivlərin yarandığını deməyə əsas verir. Bu prosesin bölgədə, xüsusilə də Gürcüstan və Azərbaycanda axsamaqda olan demokratiyaya, insan haqları məsələsinə nə dərəcədə faydalı olacağını söyləmək isə hələlik çətindir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun