Paşinyan Karapetyanı “300 min azərbaycanlının qayıdışı” ilə bağlı açıqlamalarına görə həbslə hədələyib

Paşinyan Karapetyanı “300 min azərbaycanlının qayıdışı” ilə bağlı açıqlamalarına görə həbslə hədələyib
27 May 2026
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanı yenidən məhkəmə və həbs ilə hədələyib.

Karapetyan daha əvvəl yaydığı videomüraciətdə bildirib ki, seçkilərdə qalib gələcəkləri təqdirdə “Güclü Ermənistan” bloku Azərbaycan vətəndaşlarının Ermənistanda daşınmaz əmlak əldə etməsini qadağan edən qanun qəbul edəcək.

Onun sözlərinə görə, erməni xalqı üçün əsas məsələ Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin “300 min azərbaycanlının Ermənistana köçürülməsi” planının qarşısını almaqdır.

Paşinyan isə sosial şəbəkədə paylaşdığı videoda bu iddiaları “mövcud olmayan mövzunu Ermənistanın daxili siyasi gündəminə daxil etmək cəhdi” adlandırıb.

“Onu “300 min azərbaycanlının qayıdışı” adlı mövcud olmayan mövzunu Ermənistanın daxili siyasi gündəminə daxil etməyə çalışdığı üçün mühakimə etmək lazımdır. Bu casusluq fəaliyyətindən heç nə alınmayacaq”, - Paşinyan bildirib.

Baş nazir müxalifət liderinin uzun illər Ermənistanı tərk edə bilməyəcəyini deyib və onun “casusluq” və “çirkli pulların yuyulması” maddələri ilə cəzaçəkmə müəssisəsində olacağını iddia edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da mayın 26-da jurnalistlərlə görüşdə “300 min azərbaycanlının Ermənistana köçürülməsi” barədə iddiaları rədd edib.

“Bu tezis xəstə təxəyyülün məhsuludur, cəfəngiyatdır. Üstəlik, bizim təkziblərimizdən sonra bunun yenidən təkrarlanması iki şeyi göstərir: ya bunu deyən adam məsələni ümumiyyətlə başa düşmür, ya da qəsdən insanların həssas hissləri ilə manipulyasiya etməyə çalışır”, - Mirzoyan deyib.

Nazir bildirib ki, Ermənistana azərbaycanlıların köçürülməsi məsələsi ümumiyyətlə müzakirə olunmur.

Jurnalistlərdən birinin “bəs neçə azərbaycanlının köçürülməsindən söhbət gedir?” sualına Mirzoyan “Heç birindən” cavabını verib.

“300 min azərbaycanlının Ermənistana köçürülməsi” barədə tezisi son aylarda Ermənistanın “Güclü Ermənistan” və “Ermənistan” müxalif blokları aktiv şəkildə gündəmə gətirir.

Paşinyan isə bir neçə dəfə bəyan edib ki, Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda belə bir məsələ nə müzakirə olunub, nə də gündəmdədir.

Buna baxmayaraq, müxalifət nümayəndələri bu iddianı yaymağa davam edir. Ermənistan mediasının məlumatına görə, bunun üçün süni intellekt vasitəsilə hazırlanmış videomateriallardan da istifadə olunur.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun