8 il azadlıqdan məhrum edilən “Abzas Media”nın jurnalisti Nərgiz Absalamovanın səhhətindəki problemlərlə bağlı tibbi müayinəsinin 4 aydır təmin edilmədiyi bildirilir.
Bu barədə onun yaxınları “Abzas Media”ya məlumat verib.
Yaxınlarının sözlərinə görə, jurnalist uzun müddətdir haymoritdən əziyyət çəkir və həbsindən əvvəl də dəfələrlə müalicə alıb. Hazırda isə onun yenidən tibbi müayinə və müalicəyə ehtiyacı olduğu deyilir.
Bildirilir ki, Nərgiz Absalamova haymorit səbəbindən nəfəs darlığı və güclü baş ağrılarından əziyyət çəkir.
Yaxınlarının sözlərinə görə, jurnalist MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən keçirilməsi və ümumi tibbi yoxlanış üçün saxlanıldığı Lənkəran Penitensiar Kompleksinin rəhbərliyinə 4 ay əvvəl müraciət edib. Lakin bu günə qədər müraciət təmin olunmayıb.
Jurnalistin vəkili Bəhruz Bayramov bildirib ki, məsələ ilə bağlı Ombudsman Aparatına və həbsxana rəhbərliyinə dəfələrlə rəsmi müraciətlər ünvanlanıb, amma nəticə olmayıb.
“Ombudsman Aparatından dedilər ki, müraciət qeydə alınıb və həll olunacaq. Amma ortada heç nə yoxdur. Bu günədək məsələ həllini tapmır. Nərgiz Absalamovanın özünə də həbsxana əməkdaşları “yuxarıdan” təsdiq gözlədiklərini bildiriblər. Gənc insandır, ağrılardan əziyyət çəkir. 4 aydır lazımi tibbi müayinəni təmin etmirlər”, - deyə vəkil bildirib.
Qeyri-iş günü olduğuna görə Penitensiar Xidmətdən məsələyə münasibət almaq mümkün olmayıb.
Nərgiz Absalamova 2023-cü il noyabrın 30-da saxlanılıb. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətləri də daxil olmaqla bir sıra maddələrlə ittiham olunublar. Onlar ittihamları rədd edirlər. Yerli və beynəlxalq hüquq müdafiəçiləri isə cinayət təqibinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirlər.