Rusiya Ermənistanı Aİ-yə daha da yaxınlaşacağı təqdirdə, iqtisadi təzyiqlərlə hədələyib

Rusiya Ermənistanı Aİ-yə daha da yaxınlaşacağı təqdirdə, iqtisadi təzyiqlərlə hədələyib
27 May 2026
Mətni dəyiş

Rusiya Ermənistanın Avropa İttifaqına yaxınlaşma siyasətini davam etdirməsi halında bu ölkəyə təbii qaz, neft məhsulları və almaz tədarükü ilə bağlı güzəştli rejimi dayandıra və ya birtərəfli qaydada ləğv edə bilər.

Bu barədə “Kommersant” qəzeti Rusiyanın energetika naziri Sergey Tsivilyovun Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Məlumata görə, Moskva 2013-cü ilin dekabrında imzalanmış və Ermənistana rüsumsuz qaz, neft məhsulları və emal olunmamış almaz tədarükünü nəzərdə tutan sazişi yenidən nəzərdən keçirə bilər. Nəşr qeyd edir ki, həmin sənəd Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiyası istiqamətində mühüm addımlardan biri olub.

“Kommersant”ın yazdığına görə, saziş tərəflərdən birinin təşəbbüsü ilə dayandırılarsa, Ermənistan Rusiyaya kompensasiya ödəməli və ya ödənilməmiş məbləğləri dövlət borcu kimi tanımalı olacaq.

Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi isə Moskvanın mümkün qərarı ilə bağlı hər hansı rəsmi bildiriş almadığını açıqlayıb.

“Ermənistan tərəfi bu məsələ ilə bağlı Rusiyadan heç bir məktub və ya bildiriş almayıb”, – nazirlik “Armenpress” agentliyinə bildirib.

Moskva son həftələrdə Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma barədə bəyanatları fonunda bir sıra iqtisadi məhdudiyyətlər tətbiq edib. Bu addımlar 2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf edir.

Rusiya artıq Ermənistan istehsalı olan güllərin və “Cermuk” mineral suyunun idxalını qadağan edib. Bundan əlavə, “Vedi-Alko”, “Abovyan Konyak Zavodu” və “Şahnazaryan Şərab-Konyak Evi” şirkətlərinin spirtli içki məhsullarının satışını dayandırıb.

Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Andrey Luqovoy da mayın 26-da Ermənistandan güclü alkoqollu içkilərin idxalına məhdudiyyət qoyulmasını təklif edib.

Onun sözlərinə görə, Ermənistanın güclü spirtli içki ixracının 78 faizi Rusiyanın payına düşür.

Deputat həmçinin Ermənistana tətbiq olunan qaz güzəştlərinin və gömrük imtiyazlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun