Beynəlxalq təşkilat İlqar Əliyevin həbsdə ölümü ilə bağlı müstəqil araşdırma tələb edir

Beynəlxalq təşkilat İlqar Əliyevin həbsdə ölümü ilə bağlı müstəqil araşdırma tələb edir
27 May 2026
Mətni dəyiş

“Index on Censorship” təşkilatı saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis İlqar Əliyevlə bağlı bəyanat yayıb.

Təşkilatın bəyanatında bildirilir:

“İlqar Əliyev həbsxanada vəfat edib. O, 2023-cü ildə “Abzas Media”ya qarşı yönəlmiş geniş repressiya dalğası çərçivəsində həbs olunmuşdu. Bu, dözülməz hadisədir və cavabsız qala bilməz. Onun ölümü ilə bağlı təcili, müstəqil və şəffaf araşdırma aparılmasını tələb edirik”.

“Index on Censorship” ifadə azadlığını müdafiə edən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat 1972-ci ildə Böyük Britaniyada yaradılıb və qərargahı Londonda yerləşir. Qurum senzura, media azadlığı, jurnalistlərin təqibi və ifadə hüquqlarının pozulması ilə bağlı fəaliyyət göstərir.

İKT mütəxəssisi İlqar Əliyevin mayın 1-də saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat etdiyi bildirilir.

Hökumətyönlü mediada yayılan məlumatlarda onun xəstəlik səbəbindən öldüyü iddia olunub. Ədliyyə Nazirliyinin ilkin açıqlamasında da ölüm səbəbi kimi kəskin ürək-damar çatışmazlığı göstərilib. Lakin “Abzas Media”nın əldə etdiyi məlumata görə, İlqar Əliyevin həbsdə olduğu müddətdə səhhəti ilə bağlı ciddi şikayətinin olmadığı bildirilir.

İlqar Əliyev 2023-cü ilin noyabrında müstəqil mediaya qarşı başladıldığı bildirilən repressiya dalğası çərçivəsində həbs olunub. O, 2025-ci il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya Texnologiyaları Departamentinin rəhbəri, həmçinin bank sektorunda müşavir kimi çalışmış İlqar Əliyev əvvəlcə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.

Sonradan məhkəmə onun narkotik vasitəni satış məqsədilə əldə etmədiyi qənaətinə gəlib və ittiham Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması maddəsinə dəyişdirilib.

İlqar Əliyev məhkəmədə özünü təqsirli bilməyib. Bu ilin mart ayında onun cəzası 4 ildən 3 ilə endirilmişdi.

Əldə olunan məlumatlara görə, həbs zamanı onun müdafiə hüququ pozulub, zor tətbiq edilməklə videoya çəkilərək narkotik istifadə etdiyini etiraf etməsi tələb olunub. Həmçinin onunla bağlı heç bir əməliyyat-axtarış tədbirinin aparılmadığı qeyd olunur.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda müstəqil media, vətəndaş cəmiyyəti fəalları və araşdırmaçı jurnalistlərə qarşı genişmiqyaslı repressiya dalğasının başladığı bildirilir. Beynəlxalq hüquq müdafiə təşkilatları və yerli fəallar bunu son illərin ən ağır təzyiq kampaniyalarından biri kimi qiymətləndirirlər.

Bu çərçivədə “Abzas Media”, “Toplum TV”, “Meclis.info” və “Meydan TV” kimi media qurumlarının əməkdaşları qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ittihamı ilə həbs ediliblər.

Onlar ittihamları rədd edir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

Yerli hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Onlardan 31-i jurnalist və blogerdir.

Azərbaycan hökuməti isə ölkədə heç kimin siyasi və ya peşə fəaliyyəti ilə bağlı təqib olunmadığını, həmin şəxslərin törətdikləri əməllərə görə məsuliyyətə cəlb edildiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun