Cəmiyyət

Human Rights Watch: “Azərbaycan hökuməti mühacirətdəki tənqidçiləri qiyabi məhkəmələrlə susdurmağa çalışır”

6 dəqiqə
Human Rights Watch: “Azərbaycan hökuməti mühacirətdəki tənqidçiləri qiyabi məhkəmələrlə susdurmağa çalışır”

Foto: Əziz Kərimov/Getty Images

Azərbaycan hakimiyyəti xaricdə yaşayan hökumət tənqidçilərini, əsasən sosial şəbəkələrdəki paylaşımları və onlayn çıxışları əsasında cinayət təqibinə məruz qoyur. Bu barədə “Human Rights Watch” (HRW) təşkilatının iyunun 10-da yaydığı bəyanatda deyilir.

Təşkilatın məlumatına görə, hədəfə alınan şəxslər qiyabi şəkildə uzunmüddətli həbs cəzalarına məhkum edilir və bu hökmlər sonradan onların ekstradisiyası, beynəlxalq səfərlər zamanı saxlanılması və digər transmilli təzyiq formaları üçün əsas kimi istifadə oluna bilər.

“Xaricdə yaşayan hökumət tənqidçilərinə qarşı keçirilən bu məhkəmə prosesləri nə etibarlıdır, nə də hüquqi prosedurlara uyğundur. Onların yeganə məqsədi tənqidçiləri susdurmaqdır”, - “Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti onlayn çıxışlar əsasında süni cinayət işləri quraraq tənqidçiləri ölkə sərhədlərindən kənarda da təqib etməyə çalışır.

“Human Rights Watch” 2025-ci ilin iyulundan 2026-cı ilin martınadək Bakı Ağır Cinayətlər Məhkəməsinin qiyabi qaydada keçirdiyi səkkiz məhkəmə işinin hökmünü araşdırıb. Həmin işlər üzrə Avropa ölkələrində və ABŞ-də yaşayan Azərbaycan vətəndaşları 6 ildən 16 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Təşkilat qeyd edir ki, bu məhkəmə proseslərində əsas sübut kimi hökumətin təyin etdiyi ekspertlərin rəylərindən istifadə olunub. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün təyin edilən dövlət vəkillərinin isə onların özləri ilə heç bir əlaqəsi olmayıb.

HRW bildirir ki, bu işlər Azərbaycanın ölkə xaricindəki müxalif səsləri susdurmaq istiqamətində siyasətində yeni mərhələnin göstəricisidir. 2023-cü ilin dekabrında Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliklərlə ölkədə ilk dəfə qiyabi cinayət mühakiməsi institutu tətbiq edilib.

Təşkilatın fikrincə, yeni hüquqi mexanizm məhkəmələrə internetdəki çıxışları cinayət hökmünə çevirməyə imkan verib. Bu hökmlər isə sonradan ekstradisiya tələbləri, beynəlxalq səfərlər zamanı saxlanma və əmlakın müsadirəsi üçün hüquqi əsas kimi istifadə oluna bilər.

Azərbaycan qanunvericiliyinə əsasən, qiyabi məhkum edilmiş şəxs ölkəyə qayıtdıqdan və ya ekstradisiya edildikdən sonra işinə yenidən baxılmasını tələb edə bilər. Lakin “Human Rights Watch” hesab edir ki, bu mexanizm mühacirətdə yaşayan tənqidçilər üçün real təminat yaratmır. Çünki onlar ölkəyə qayıdan kimi həbs olunacaq və hökmü elə həmin məhkəmə sistemində mübahisələndirməli olacaqlar.

Təşkilat xatırladır ki, son on ildən artıq müddətdə Azərbaycanda müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasi müxalifət nümayəndələri sistemli şəkildə həbs olunub. Ölkə daxilində ifadə azadlığı üçün imkanlar daraldıqca, bir çox tənqidçi fəaliyyətini mühacirətdə davam etdirib.

HRW bildirir ki, Azərbaycan hakimiyyəti son illərdə həmin şəxslərə qarşı ekstradisiya tələbləri, xarici hökumətlərə təzyiqlər, ailə üzvlərinin təqibi və digər transmilli repressiya üsullarından daha çox istifadə edir.

Araşdırılan işlər Fransa, Almaniya, İsveçrə, Niderland, Böyük Britaniya və ABŞ-də yaşayan şəxsləri əhatə edir. Təşkilatın qeyd etdiyi kimi, faktlar fərqli olsa da, bütün işlərdə oxşar xüsusiyyətlər müşahidə olunur.

Prokurorluq əsasən illər əvvəl paylaşılmış sosial media yazılarına, “YouTube” yayımlarına və digər onlayn çıxışlara istinad edib. Məhkəmələr isə hökumət tərəfindən təyin edilmiş ekspertlərin həmin materialları “cinayət xarakterli” hesab edən rəylərini qəbul edib. Dövlət hesabına təyin olunan vəkillər isə, HRW-nin qiymətləndirməsinə görə, faktiki müdafiə həyata keçirməyiblər.

Təşkilatın diqqət çəkdiyi işlərdən biri Fransada yaşayan tarixçi və alim Altay Göyüşovun işidir. Bakı Ağır Cinayətlər Məhkəməsi fevralın 18-də onu Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə – hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırış etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.

İttiham tərəfi sübut kimi 2020-ci ildə yayımlanmış “YouTube” canlı yayımını, eləcə də 2024 və 2025-ci illərdə “Facebook”da paylaşılmış iki postu təqdim edib. Həmin paylaşımlarda Gürcüstan, Qırğızıstan və Ukraynadakı xalq hərəkatları müzakirə olunub, tarixi müqayisələr aparılıb və Azərbaycan hakimiyyəti tənqid edilib.

Məhkəmənin təyin etdiyi ekspert həmin çıxışların hakimiyyətin zorla ələ keçirilməsinə çağırış xarakteri daşıdığı qənaətinə gəlib və məhkəmə bu rəyi qəbul edib.

Həmin gün Nyu-Yorkda yaşayan siyasi şərhçi Ərəstun Oruclu da oxşar ittihamlarla 8 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq onun “YouTube” videolarına istinad edərək bildirib ki, Oruclu vətəndaşların hesabatlılıq uğrunda mübarizəni davam etdirməli olduğunu, hökumətin isə ya ictimai tələblərə cavab verməli, ya da istefa verməli olduğunu deyib.

Hakimiyyət bu fikirləri hakimiyyətin zorla ələ keçirilməsinə və kütləvi iğtişaşlara çağırış kimi qiymətləndirib. Məhkəmə də həmin yanaşmanı qəbul edib.

Ən böyük iş isə Almaniya, Fransa, İsveçrə, Niderland və Böyük Britaniyada yaşayan yeddi nəfəri əhatə edib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il dekabrın 25-də onların hamısını kütləvi iğtişaşlara və hakimiyyətin zorla ələ keçirilməsinə çağırışda təqsirli bilib.

Onlardan ikisi əlavə olaraq dələduzluq və terrorçuluqla əlaqəli maddələr üzrə də məhkum olunub. Təqsirləndirilən şəxslərə 9 ildən 14 ilədək həbs cəzaları verilib.

İttihama görə, onlar “YouTube” kanalları və digər sosial media platformaları vasitəsilə təhrik xarakterli məzmunun hazırlanması və yayılmasını koordinasiya ediblər. Bu işdə də məhkəmə onlarla video və sosial media kanalını təhlil edən ekspert rəylərinə əsaslanıb.

“Human Rights Watch” bildirir ki, araşdırdığı bütün ifadə azadlığı ilə bağlı işlərdə ortaq cəhət Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin dilçilik ekspertizaları olub.

Həmin rəylərdə internetdə yayılan materialların hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşlara və ya terrorçuluğa çağırış olduğu iddia edilir. Lakin təşkilatın fikrincə, ekspertizalarda beynəlxalq hüquqa görə “zorakılığa təhrik” anlayışının müəyyənləşdirilməsi üçün tələb olunan meyarlar nəzərə alınmayıb.

HRW vurğulayır ki, ifadə azadlığının müdafiəsinə dair beynəlxalq standartları nəzərə almayan ekspert rəyi mahiyyət etibarilə qüsurludur.

Məhkəmə prosesləri ilə tanış olan vəkil “Human Rights Watch”a bildirib ki, ekspert rəyi çox vaxt iş üzrə əsas sübut rolunu oynayır.

“Təqsirləndirilən şəxs məhkəmədə olmadığı üçün ekspertin nəticələrini effektiv şəkildə mübahisələndirmək imkanı da olmur”, - vəkil deyib.

Təşkilat qeyd edir ki, qiyabi məhkəmələr hər zaman ədalətli məhkəmə araşdırması baxımından ciddi narahatlıqlar yaradır. Buna görə də beynəlxalq hüquqa əsasən qiyabi hökmlərə yenidən baxılma imkanı təmin edilməlidir.

Araşdırılan hökmlərin heç birində dövlət hesabına təyin olunmuş vəkillərin və ya müdafiə şahidlərinin ittiham tərəfinin sübutlarına ciddi etiraz etdiyi qeydə alınmayıb. Bir sıra məhkəmə iclasları qapalı keçirilib.

Qərarlar formal olaraq Azərbaycanın elektron məhkəmə sistemində yerləşdirilsə də, iştirakçıların şəxsi məlumatları mütəmadi şəkildə anonimləşdirildiyindən proseslərin ictimai nəzarət imkanları məhdudlaşır.

“Human Rights Watch” hesab edir ki, ciddi prosedur pozuntuları ilə müşayiət olunan bu məhkəmələrdə qüsurlu sübutlardan istifadə edilməsi hakimiyyətin transmilli repressiya siyasətində nə qədər irəli getməyə hazır olduğunu göstərir.

Təşkilat vurğulayır ki, beynəlxalq insan hüquqları hüququ siyasi çıxışları, o cümlədən tənqidi, mübahisəli və ya təhqiredici hesab edilə bilən fikirləri qoruyur.

Dövlətlər zorakılığa təhrik xarakteri daşıyan çıxışları qadağan edə bilsələr də, bunun üçün yüksək hüquqi meyarlar mövcuddur və niyyət, kontekst, eləcə də təhlükənin yaxınlığı kimi amillər diqqətlə qiymətləndirilməlidir.

Hökumətlər dövlət institutlarının tənqidini və ya siyasi dəyişiklik çağırışlarını milli təhlükəsizliyə təhdid kimi təqdim edə bilməz. İfadə azadlığına qoyulan məhdudiyyətlər qanuni, zəruri və proporsional olmalıdır.

HRW-nin araşdırdığı işlər göstərir ki, Azərbaycan hakimiyyəti zorakılıq təhlükələrinə qarşı tədbir görməkdən daha çox, fərqli fikirləri cəzalandırmaq üçün geniş şərh olunan cinayət qanunlarından istifadə edir.

Təşkilat bildirir ki, bu hökmlərin təsiri Azərbaycan sərhədlərini aşır. Azərbaycan Avropa Ekstradisiya Konvensiyasının iştirakçısı olduğuna görə, hakimiyyət xaricdə yaşayan şəxslərin geri qaytarılmasını tələb edərkən həmin hökmlərə istinad edə bilər.

Xarici məhkəmələr siyasi motivli təqib, ədalətsiz məhkəmə araşdırması, işgəncə və pis rəftar risklərini nəzərə alaraq belə tələbləri rədd edə bilər. Buna baxmayaraq, hədəfə alınan şəxslər saxlanılma, uzun və baha başa gələn hüquqi prosedurlar, səyahət məhdudiyyətləri və qeyri-müəyyənliklə üzləşə bilərlər.

HRW əlavə edir ki, bu hökmlər Azərbaycanla ekstradisiya razılaşmaları olan üçüncü ölkələrdən keçən azərbaycanlı tənqidçilər üçün də riskləri artıra bilər.

Təşkilat Azərbaycan hakimiyyətini ifadə azadlığı ilə bağlı cinayət işləri üzrə verilmiş bütün qiyabi hökmləri yenidən nəzərdən keçirməyə və qorunan ifadələrə görə çıxarılmış qərarları ləğv etməyə çağırır.

Bundan əlavə, ifadə azadlığı ilə bağlı cinayət qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi tövsiyə olunur.

“Human Rights Watch” Avropa hökumətlərini də bu hökmlərə əsaslanan ekstradisiya tələblərini diqqətlə araşdırmağa və sığınacaq prosedurlarında siyasi motivli təqib riskini nəzərə almağa çağırır.

“Azərbaycanın verdiyi mesaj budur ki, ölkəni tərk etmək tənqidçiləri qisasdan qorumayacaq. Avropa hökumətləri bu hökmlərin transmilli repressiya alətinə çevrilməsinə imkan verməməlidir”, - Giorgi Gogia bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun