9 il azadlıqdan məhrum edilən “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva yaşadığı mənzilə naməlum şəxslərin girdiyini iddia edir. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Rübabə Quliyeva bildirib ki, hadisələr Ülvi Həsənli ilə həbsxanada görüşdə olduğu günlərdə baş verib:
“26 aprel və 10 may tarixlərində – Ülvi ilə həbsxanada görüşdə olduğum müddətdə naməlum şəxslər evimə girib. Hətta mayın 10-da bu, iki dəfə təkrarlanıb. Bununla bağlı əlimdə kamera görüntüləri də var”.
Onun sözlərinə görə, mənzilə giriş zamanı elektrik enerjisi məqsədli şəkildə kəsilib.
“Məhz Ülvi ilə görüşə getdiyim günlərdə, həmin saatlarda yaşadığım mənzildə işıq sönür. Bildiyimə görə, indiyə qədər müxalifət, vətəndaş cəmiyyəti və media nümayəndələrinin evlərinə girən polis və ya DTX əməkdaşları təhlükəsizlik kamerasının olmasından ehtiyat edərək mənzilin işıqlarını blokdakı şitdən söndürürlər. Mənim də evimə eyni formada girilib”.
Quliyeva qeyd edib ki, yaşadığı binada elektrik “smart” sistemlə verilir və texniki problem yarananda bütün bina işıqsız qalmalıdır:
“Doğulandan bəri yaşadığım ərazidə, 15 ildən çoxdur yaşadığım binada illərdir işığın necə söndüyünü çox yaxşı bilirəm. Bizim binamızda elektrik “smart” sistemlə verilir, yalnız balansda məbləğ bitəndə evdə işıqlar sönür. Başqa texniki səbəblərdən isə bütün binada sönməlidir. Hətta 99 faiz hallarda əgər texniki səbəbdən işıq sönərsə, ətrafda olan bir necə bina və obyektlər eyni xətt üzrə olduğundan eyni anda sönür və yanır.
Buna görə də son zamanlar məhz evdə olmadığım saatlarda, balansımda kifayət qədər məbləğ olduğu halda mənzilimin elektrikinin kəsilməsi mənə şübhəli gəlirdi. Ailəm qonşuluğumda – eyni binada yaşayır. Əgər işıq texniki səbəbdən sönürsə, niyə onlarda və digər qonşularda sönmür?”
O bildirib ki, ilk dəfə aprelin 26-da həbsxanadan qayıdarkən mənzilində işığın söndüyünü görüb və qonşularından vəziyyəti soruşub:
“Anama zəng edib onlarda da işığın sönüb-sönmədiyi ilə maraqlandım. Sönməmişdi. Sonra bir neçə qonşumdan da soruşdum, onlar da sönmədiyini dedilər”.
Rübabə Quliyeva mayın 10-da isə evə müdaxilə olunduğuna tam əmin olduğunu deyib:
“Qapımın üstündə olan gözlük açıq idi. Mən heç vaxt onu açıq qoymuram. Həmin kamera görüntülərinə baxarkən evdən çıxarkən gözlüyün bağlı olduğu görünür. Qayıdanda isə açıqdır. Bundan başqa evdə geyindiyim tərliklər də yerini dəyişmişdi”.
Onun sözlərinə görə, evdəki müşahidə kamerası elektrik və internetlə işlədiyi üçün işıq kəsilən zaman qeydə alma dayanıb.
“Evdəki kamera elektriklə işləyir və Wifi-a bağlıdır. İşıq olmayanda sönür və yalnız elektrik gələndə yenidən çəkiliş edir. Mayın 10-da evimə girildiyindən əmin olduqdan sonra indiyə qədər olan görüntülərə baxmaq qərarına gəldim. 26 aprel görüntülərində evə girənlər hətta kameranın içində yaddaş kartının olub-olmadığını da yoxlayıblar, amma kameranı götürdükləri şəkildə yerinə qoymağı unudublar. Belə ki, kameranın çəkiliş bucağı dəyişib”.
Quliyeva mənzildəki əşyaların da yerinin dəyişdirildiyini iddia edib:
“Evdəki əşyaların cüzi də olsa, yerini dəyişdiyinə, dolabların, içindəki əşyaların eşələndiyinə də diqqət etdim. Bu mənada çox detalçı olduğuma görə, evdə nəyi, hara və necə qoyduğumu çox yaxşı bilirəm, hər hansı bir əşya hətta bir millimetr yerini dəyişərsə, bunu anında hiss edirəm.”.
O bildirib ki, evin açarı yalnız özündə olub və mənzilə başqa şəxslərin giriş imkanı olmayıb.
Rübabə Quliyevanın sözlərinə görə, mayın 10-da evinə 2 dəfə daxil olunub.
“Mayın 10-da bir neçə dostuma zəng edib evimə girildiyini dedim. Lakin evdən çıxmalı olduğuma görə, həmin gün detallı axtarış edə bilmədim. Evdə olmadığım saatlarda mənzilə yenə də giriş edilib və yenə işıq söndürülüb. Düşünürəm ki, evə kiminsə və ya kimlərinsə girdiyindən məlumatlı olduğumu anladıqlarına görə, eyni gündə ikinci dəfə bundan əvvəl yerləşdirdiklərini götürməyə gəliblər, ya da daha yaxşı gizlədiblər ki, qoyduqları cihazları tapa bilməyim”.
O əlavə edib ki, qapının açar yuvacığına müdaxiləni müəyyən etmək üçün yapışqan və zərdən istifadə edib:
“Kameradan aydın görünür ki, qapının qabağıdakı ayaqqabılar qırağa çəkilib, tərliklərim geyinilib, çünki öncədən qoyulduğu yerində deyil. Hətta mən evdən çıxanda açarın girdiyi yuvacığın ağzına yapışqan yapışdırıb üstünə zər sürtmüşdüm ki, qapıya hər hansı bir müdaxilə olarsa, bunu görüm. Evə qayıdanda həmin yapışqanların qoparıldığını və zərin açar girdiyi yuvacığın ətrafına yayıldığını, qapının üstündə isə barmaq izlərinin olduğunu gördüm”.
Quliyeva izlənildiyini düşündüyünü də bildirib:
“Görünür, məni izləyirlər və saat neçədə, hara getdiyimi çox yaxşı bilirlər. Yoxsa evimə belə rahat girib çıxa bilməzdilər”.
O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyəcəyini qeyd edib:
“Bununla bağlı heç bir quruma şikayət etmək fikrim yoxdur, çünki mən kimlərdən şübhələndiyimi açıq qeyd etmişəm. Əksini sübut etmək istəyirlərsə, blokumun qarşısında polis kamerası quraşdırılıb, 10 may tarixində səhər saat 10:30-dan 15:30-a qədər və axşam 19:30-dan 24:00-a qədər görüntüləri araşdırsınlar”.
Rübabə Quliyeva evinə müdaxiləni özü və azyaşlı qızı üçün təhlükə hesab etdiyini bildirib:
“Evimə hansı məqsədlə, nə yerləşdirmək üçün girdiklərini bilmirəm, amma bunu qızımın və öz həyatım üçün təhlükə hesab edirəm. Evimə bu qədər rahatlıqla girənlər içdiyimiz suya, yediyimiz yeməyə də çox asanlıqla zəhər qatıb bizə zərər verə bilərlər”.
O, paylaşımının sonunda belə yazıb:
“Açıq bildirirəm ki, bundan sonra qızımın və mənim başıma evdə, küçədə hər hansı bir hadisə gələrsə, bunun səbəbkarı İlham Əliyevdir”.
Rübabə Quliyevanın iddiaları ilə bağlı Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə sorğularla müraciət etsək də, yazı dərc olunanadək cavab almaq mümkün olmayıb.
Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Onunla birlikdə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətləri də daxil olmaqla bir sıra maddələrlə ittiham ediliblər. Onlar ittihamları rədd ediblər. Yerli və beynəlxalq hüquq müdafiəçiləri isə cinayət təqibinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildiriblər.
Foto: Sosial media