Araşdırma: Trampın miqrasiya siyasətinə görə 145 min uşaq valideynlərindən ayrı düşüb

Araşdırma: Trampın miqrasiya siyasətinə görə 145 min uşaq valideynlərindən ayrı düşüb
20 May 2026
Mətni dəyiş

Donald Trampın sərt anti-miqrasiya siyasəti nəticəsində ABŞ-də 145 mindən çox azyaşlı valideynlərindən ən azı biri ilə ayrı düşüb. Bu barədə Vaşinqtondakı Brookings İnstitutunun araşdırmasında bildirilir.

Araşdırmaya görə, 2025-ci ilin yanvarından 2026-cı ilin aprelinədək ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) təxminən 400 min nəfəri saxlayıb. İnstitut hesab edir ki, bu proses 205 min uşağa təsir edib. Onlardan 146 635-i ABŞ vətəndaşıdır və valideynlərindən biri və ya hər ikisi saxlanılıb. Hesabatda qeyd olunur ki, 22 min uşağın hər iki valideyni həbs edilib.

Zərərçəkmiş uşaqların təxminən 36 faizi altı yaşdan kiçikdir. Valideynləri saxlanılan uşaqların 54 faizinin Meksika mənşəli olduğu bildirilir. Daha 25 faizinin valideynləri isə Qvatemala və Hondurasdan gəlib.

Araşdırma müəllifləri vurğulayırlar ki, ICE əməkdaşları saxlanılan şəxslərdən uşaqlarının olub-olmadığını soruşmağa borcludurlar. Lakin institutun məlumatına görə, bir çox hallarda miqrantlardan bu barədə soruşulmur və ya onlar uşaqlarına mənfi təsir göstərəcəyindən ehtiyat etdikləri üçün məlumat vermirlər.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) rəsmi olaraq 2025-ci ildə ABŞ vətəndaşı və uşaqları olan 18,2 min miqrantın saxlanıldığını açıqlayıb. Ancaq tədqiqatçılar hesab edirlər ki, bu rəqəm “böyük ehtimalla ciddi şəkildə az göstərilib”.

Araşdırmada qeyd olunur ki, valideynləri saxlanılan uşaqların sonrakı taleyi barədə məlumat çox məhduddur. ABŞ-də qalmaq icazəsi olmayan uşaqlar deportasiya oluna bilər, lakin onların əksəriyyətinin ABŞ vətəndaşı olduğu bildirilir. Bəzi hallarda uşaqlar deportasiya edilən valideynləri ilə birlikdə onların mənşə ölkələrinə göndərilir, amma bununla bağlı dəqiq statistika yoxdur.

İctimai təşkilatlar və uşaq müdafiəsi agentlikləri ilə aparılan müsahibələr əsasında Brookings İnstitutu belə nəticəyə gəlib ki, saxlanılan şəxslərin uşaqlarının əksəriyyəti qohumlarının və ya ailə dostlarının yanında qalır.

“ICE ailələri ayırmır. Valideynlərdən soruşulur ki, uşaqları ilə birlikdə deportasiya olunmaq istəyirlər, yoxsa ICE uşaqları valideynin göstərdiyi etibarlı şəxsin himayəsinə verəcək. Bu, əvvəlki administrasiyaların həyata keçirdiyi immiqrasiya nəzarəti siyasətinə uyğundur”, – DHS nümayəndəsi “The Guardian” qəzetinə bildirib.

Donald Tramp seçki kampaniyası zamanı miqrasiya siyasətini kəskin sərtləşdirəcəyinə söz vermişdi. O, xüsusilə ölkədə hüquqi statusu olmadan yaşayan şəxslərin deportasiya ediləcəyini bəyan etmişdi. Trampın 2025-ci ilin yanvarında Ağ evə qayıdışından sonra ICE faktiki olaraq kütləvi deportasiya səlahiyyəti əldə edib. Bunun üçün quruma gündə azı üç min nəfərin saxlanılması ilə bağlı xüsusi kvota müəyyən edilib.

ICE əməkdaşlarının keçirdiyi reydlər zamanı bir neçə nəfər həyatını itirib. Ölənlər arasında Minneapolis sakinləri və ABŞ vətəndaşları Rene Qud və Aleks Pretti də var. Onların ölümü ölkədə kütləvi etirazlara və DHS ilə Tramp administrasiyasına qarşı sərt tənqidlərə səbəb olub.

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun