Fazil Qasımov və Hafiz Babalı aclıq aksiyasını dayandırıb

Fazil Qasımov və Hafiz Babalı aclıq aksiyasını dayandırıb Foto: sosial media
20 May 2026
Mətni dəyiş

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – iqtisadçı Fazil Qasımov və “Abzas Media işi” üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı aclıq aksiyasını dayandırıblar.

Bu barədə onların yaxınları “Abzas Media”ya məlumat verib.

Yaxınlarının sözlərinə görə, mayın 18-dən quru aclığa başladığı üçün cərimə kamerasına (“kars”) salınan Fazil Qasımov artıq öz kamerasına qaytarılıb. Bildirilib ki, ona iyunun 2-də Nərimanov Rayon Məhkəməsində keçiriləcək prosesdə iştirakının təmin ediləcəyi və digər tələblərinə baxılacağı vəd olunub. Bundan sonra iqtisadçı aclıq aksiyasını dayandırıb.

Məlumata görə, həm Fazil Qasımovun, həm də Hafiz Babalının səhhətində ciddi problem yoxdur və onlar özlərini yaxşı hiss edirlər.

Fazil Qasımov və Hafiz Babalı mayın 17-də aclıq aksiyasına başladıqlarını açıqlamışdılar. Onlar aksiyaya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) açıldığı gün başladıqlarını bildiriblər.

Siyasi məhbusların yaxınları vasitəsilə yayılan bəyanatda qeyd olunurdu ki, aksiyanın məqsədi Azərbaycandakı siyasi məhbus probleminə beynəlxalq diqqəti yönəltmək və ölkədə davam edən siyasi repressiyalara etiraz etməkdir.

Bəyanatda WUF13-də iştirak edən BMT rəsmilərinə, eləcə də dövlət və hökumət başçılarına Azərbaycan hakimiyyəti ilə görüşlər zamanı siyasi məhbusların qeyd-şərtsiz azad olunması məsələsini qaldırmaq çağırışı edilirdi.

Fazil Qasımov bundan əlavə bildirib ki, Ali Məhkəmənin Plenumuna və Nərimanov Rayon Məhkəməsinə göndərdiyi müraciətlərə baxılmayınca aclıq aksiyasını dayandırmayacaq.

İqtisadçı Nərimanov Rayon Məhkəməsinə müraciətində müdafiəçisi Eldar Qədiminin 2023-cü il sentyabrın 11-də saxta ərizə əsasında cinayət işindən uzaqlaşdırılması barədə qərarın ləğvini tələb edir. Qasımov iddia edir ki, onun adından təqdim olunan ərizə saxtadır və ekspertiza da imzanın ona məxsus olmadığını təsdiqləyib.

Ali Məhkəmənin Plenumuna göndərdiyi ərizədə isə o, işi üzrə ifadə verən BMCMİ əməkdaşlarının, xüsusilə Ramil Səlimovun məhkəmədə bilərəkdən yalan ifadə verdiyini bildirir. Qasımov həmin halların yeni açılmış vəziyyət kimi qiymətləndirilməsini, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğvini və işə yenidən baxılmasını tələb edir.

***

Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.

Qasımov iqtisadçı Qubad İbadoğluna qarşı açılmış cinayət işi üzrə həbs olunub və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham edilir.

Bu iş üzrə Qubad İbadoğlu barəsində əvvəl ev dustaqlığı, daha sonra polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və onun işi ayrıca icraata ayrılıb. Fazil Qasımov isə 2025-ci il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

***

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” üzrə saxlanılıb.

Bu iş çərçivəsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə də həbs olunub.

2025-ci il iyunun 20-də məhkəmə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Fazil Qasımov və Hafiz Babalını siyasi məhbus kimi tanıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun