Dövlət vəsaitlərinin istifadəsində 1,5 milyard manata yaxın pozuntu və itki aşkarlanıb

Dövlət vəsaitlərinin istifadəsində 1,5 milyard manata yaxın pozuntu və itki aşkarlanıb
13 Aprel 2026
Mətni dəyiş

Hesablama Palatası ötən il dövlət vəsaitlərinin istifadəsi ilə bağlı apardığı auditlərin nəticələrini açıqlayıb.

Qurumun “2025-ci ildə fəaliyyəti haqqında Hesabat”ına əsasən, ötən il ümumilikdə 6,7 milyard manat həcmində vəsait audit yoxlamasından keçirilib.

Audit tədbirləri Dövlət Neft Fondu, İcbari Tibbi Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsi, eləcə də qeyri-büdcə vəsaitlərini əhatə edib. Yoxlamalar gəlir və xərclərin proqnozlaşdırılması, icrası və öhdəliklərin yerinə yetirilməsi istiqamətində uyğunluq, maliyyə və səmərəlilik meyarları üzrə aparılıb.

Hesabatda qeyd olunur ki, yoxlamalar nəticəsində 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri, 342,9 milyon manat səmərəsiz xərclər müəyyən edilib.

Uyğunluq pozuntuları çərçivəsində aşkarlanan maliyyə zərərinin 170,4 milyon manatı birbaşa büdcəyə hesablanmış zərər kimi qiymətləndirilib.

Bu məbləğin 101,5 milyon manatı üzrə vəsaitin bərpası, 40,2 milyon manatı üzrə materialların hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Qalan 28,7 milyon manat isə sosial xarakterli ödənişlərlə bağlı olduğundan, bu vəsaitin geri qaytarılması deyil, müvafiq ödənişlərin dayandırılması qərarı verilib.

Hesabatda həmçinin bərpa göstəricilərinin planı tam qarşılamadığı vurğulanır. Belə ki, dövlət vəsaitlərinin bərpası üzrə nəzərdə tutulan 101,5 milyon manata qarşı 93,9 milyon manat icra olunub.

Digər istiqamətlər üzrə isə icra daha aşağı olub. Debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və görülmüş işlərin ekspertizası üzrə planlaşdırılan 48,1 milyon manata qarşı cəmi 8,5 milyon manatlıq nəticə əldə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun