Deputat: “Haqqında cinayət işi açılan şəxs ziyanı ödədi, sonra TƏBİB-də icraçı direktorun müşaviri oldu”

Deputat: “Haqqında cinayət işi açılan şəxs ziyanı ödədi, sonra TƏBİB-də icraçı direktorun müşaviri oldu”
10 Aprel 2026
Mətni dəyiş

Milli Məclisdə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı mövcud yanaşmanı sərt tənqid edib.

Deputat bildirib ki, “ziyanı ödə və məsuliyyətdən azad ol” prinsipi praktiki olaraq sui-istifadə hallarına şərait yaradır və real həyatda ciddi problemlərə səbəb olur.

Onun sözlərinə görə, konkret faktlar bu yanaşmanın nə qədər problemli olduğunu açıq şəkildə göstərir:

“Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının PHŞ-nin sabiq direktoru Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 2025-ci ildə ittiham olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda - “Batıgöz” klinikasında və bir neçə özəl tibb müəssisəsində baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərir”.

Deputat digər bir nümunəni də diqqətə çatdırıb:

“Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunmuş vəsaitin ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha sonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, ardınca isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın direktoru vəzifəsinə təyin olunub”.

Müşfiq Məmmədli bu halların sistemli problemə işarə etdiyini vurğulayıb:

“Haşiyəyə çıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır”.

Deputat qeyd edib ki, bu yanaşma yalnız hüquqi məsələ deyil, daha geniş ictimai nəticələr doğurur:

“Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Bu, sadəcə hüquqi məsələ deyil. Bu, ictimai etimad məsələsidir. Bu, dövlət idarəçiliyinin nüfuz məsələsidir”.

Məmmədli bildirib ki, bu səbəbdən Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə əlavə edilməlidir:

“Qeyd edilməlidir ki, bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs, zərəri ödəməsindən asılı olmayaraq, gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir”.

Deputat əlavə edib ki, bu təşəbbüs cəzanın sərtləşdirilməsi məqsədi daşımır:

“Bu, idarəetmə sistemində sağlamlaşdırıcı və profilaktik mexanizmin yaradılmasıdır. Dövlət vəsaitinə münasibətdə sıfır tolerantlıq nümayiş etdirməli, vəzifəli şəxslər üçün daha yüksək etik və hüquqi standart müəyyən etməli və ən əsası, bu cür halların təkrarlanmasının qarşısını almalıyıq”.

Mənbə: APA

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun