Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınması Komitəsinin (CPT) nümayəndələri Bakıda Azərbaycan hakimiyyət nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçiriblər.
Aprelin 2-də baş tutan müzakirələr CPT ilə Azərbaycan hakimiyyəti arasında əməkdaşlığın vəziyyətinə həsr olunub. Görüşlərdə xüsusilə hüquq-mühafizə orqanları, penitensiar müəssisələr və psixiatriya qurumları ilə bağlı Komitənin uzunmüddətli tövsiyələrinin icrasına diqqət yetirilib. Həmçinin CPT-nin 2025-ci ilin sentyabr–oktyabr aylarında həyata keçirdiyi dövri səfərin nəticələrinə istinad olunub. Həmin hesabat 2026-cı ilin mart ayının ortalarında Azərbaycan tərəfinə təqdim edilib.
CPT nümayəndə heyəti daxili işlər naziri Vilayət Eyvazov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov və səhiyyə nazirinin müavini Nadir Zeynalov ilə görüşüb. Görüşlərdə aidiyyəti nazirliklərin yüksək vəzifəli rəsmiləri də iştirak ediblər.
Komitəni görüşlərdə CPT-nin prezidenti Alan Mitçel və Moldovanı təmsil edən üzv Viktor Zaxaria təmsil edib. Onları həmçinin CPT-nin sabiq ikinci vitse-prezidenti, 2025-ci ildə Azərbaycana həyata keçirilmiş dövri səfərə rəhbərlik etmiş Tereza Rütter və Komitənin Katibliyində şöbə müdiri Boris Vudz müşayiət edib.
Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınması Komitəsi ötən il sentyabrın 22-dən oktyabrın 3-dək Azərbaycana növbəti monitorinq səfəri həyata keçirib. Bu, Komitənin ölkəyə altıncı dövri səfəri olub.
Səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində saxlanılan şəxslərin, penitensiar müəssisələrdəki məhbusların saxlanma şəraiti və onlara münasibəti öyrənmək olub. Eyni zamanda, psixiatriya müəssisələrində saxlanılan şəxslərə göstərilən rəftar, onların hüquqi təminatları və saxlanma şəraiti də araşdırılıb.
Səfər çərçivəsində CPT nümayəndələri əvvəlki illərdə verilmiş tövsiyələrə Azərbaycan hakimiyyətinin reaksiyasını da qiymətləndiriblər.
2024-cü il iyulun 3-də CPT Azərbaycanla bağlı açıq bəyanat yayıb. Komitə bəyan edib ki, Azərbaycan hakimiyyəti qurumla davamlı əməkdaşlıqdan qəti şəkildə imtina edib.
Bu səbəbdən CPT müstəsna addım ataraq 2022-ci ildə həyata keçirilmiş xüsusi səfərin hesabatını bəyanata əlavə edərək ictimailəşdirib.
Bir gün sonra - iyulun 4-də Azərbaycan Xarici İşlər Nazirliyi buna münasibət bildirib. Nazirlik hesabatın Azərbaycanın razılığı olmadan tam şəkildə dərc edilməsini “presedenti olmayan qərar” adlandırıb və təəssüfünü ifadə edib. XİN eyni zamanda Komitənin tövsiyələrinin hər zaman nəzərə alındığını vurğulayıb.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxtdan bəri Avropa İnsan Haqları Məhkəməsi ölkə ilə bağlı 263 pozuntu müəyyən edib. Bu qərarların 33-ü işgəncə və qeyri-insani rəftar iddiaları ilə bağlıdır.
CPT nümayəndələri 2020 və 2022-ci illərdə də Azərbaycana səfər etsələr də, indiyədək dərc olunmuş hesabatlar yalnız 2018-ci ilə qədər olan dövrü əhatə edir. Qaydalara əsasən, Komitə Azərbaycanın razılığı olmadan hesabatlarını ictimaiyyətə açıqlaya bilmir.