ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK / USCIRF) 2025-ci ildə dünyada dini azadlıqların vəziyyəti ilə bağlı hesabatında Azərbaycan hökumətinin dini azadlıqlar sahəsində ciddi pozuntulara yol verdiyi bildirilir.
Hesabatda qeyd olunur ki, sənəd 29 ölkədə dini azadlıqların vəziyyətini qiymətləndirir və ABŞ siyasəti üçün müstəqil tövsiyələr təqdim edir. Komissiyanın nəticələri bir il ərzində aparılan araşdırmalara, dinləmələrə, səfərlərə və görüşlərə əsaslanır və hesabat komissiya üzvlərinin səs çoxluğu ilə təsdiqlənir.
Hesabatda deyilir ki, Azərbaycan hökuməti 2025-ci ildə dini azadlıqları ciddi şəkildə məhdudlaşdırıb və ölkədə qüvvədə olan sərt dini qanunvericiliyi tətbiq edib. Bu qanun qeydiyyatsız dini fəaliyyətləri cinayət sayır və dövlətə qeydiyyatdan keçmiş dini təşkilatlar üzərində tam nəzarət verir. Qanuna görə, dövlət dini materialları yoxlamalı və təsdiqləməlidir, missioner fəaliyyəti məhdudlaşdırılır və dini liderlərin təyinatı dövlətin razılığı ilə həyata keçirilir.
Sənəddə bildirilir ki, aprel ayında Naxçıvanda hüquq-mühafizə orqanları dövlət icazəsi olmadan keçirilən protestant ibadət toplantısına müdaxilə edib. Daha sonra məhkəmə beş Azərbaycan vətəndaşını hərəsinə 1500 manat cərimələyib və hadisə ilə bağlı xarici vətəndaşlardan ibarət bir ailə də cərimələnərək deportasiya olunub. Eyni ay Bakıda polis qeydiyyatsız dini qrupun üzvlərini ictimai məkanda dini şüarlar əks etdirən bannerlər açdıqları üçün saxlayıb.
İyun ayında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti üç xarici vətəndaşın dini toplantılar təşkil etdiklərinə və “qeyri-ənənəvi dini cərəyanlar” çərçivəsində missioner fəaliyyəti ilə məşğul olduqlarına görə deportasiya edildiyini açıqlayıb. İyul ayında isə şiə fəalları bildiriblər ki, hökumət Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi gündən başqa vaxt keçirilən Aşura mərasimlərinə məhdudiyyətlər qoyub.
Hesabatda qeyd edilir ki, bir sıra protestant qrupların qeydiyyat müraciətləri hələ də cavabsız qalır və “Yehova Şahidləri” Bakıdan kənarda qeydiyyat ala bilmir. Sənəddə həmçinin bildirilir ki, hərbi xidmətdən dini səbəblərlə imtina edən onlarla “Yehova Şahidi” ölkədən çıxış qadağası ilə üzləşib. İyul ayında “Yehova Şahidi” Elgiz İbrahimov hərbi xidmətə getməkdən imtina etdiyinə görə bir il müddətinə azadlıqdan məhrum edilib, lakin sonradan apellyasiya məhkəməsi onu şərti azadlığa buraxıb.
Komissiyanın hesabatında vurğulanır ki, Azərbaycan hökuməti dövlətin üstün tutduğu dini yanaşmadan kənar fəaliyyət göstərən 200-dən çox şiə müsəlmanı həbsdə saxlayır. Bildirilir ki, bu şəxslərin əksəriyyətinə qarşı narkotiklərlə bağlı ittihamlar irəli sürülüb və bu ittihamlar keçmişdə siyasi müxalifəti hədəf almaq üçün də istifadə olunub. Saxlanılanların bir çoxu hüquq-mühafizə orqanlarının işgəncə və pis rəftarına məruz qaldıqlarını iddia edir.
Hesabatda qeyd olunur ki, iyun ayında qeydiyyatsız “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Elgiz Məmmədov saxlanılıb və onun zorakılığa məruz qaldığı iddia edilir. Bildirilir ki, o, 2022-ci ildə də həbs olunub və həmin vaxt cinsi zorakılığa məruz qaldığını bəyan edib. İyul ayında həmin hərəkatın üzvü Tərlan Səyyadov narkotik ittihamı ilə üç il azadlıqdan məhrum edilib. Avqust ayında isə polis Ərbəin mərasimləri zamanı ehsan paylayan və etiraz edən altı qadını saxlayıb, onların cinsi zorakılıqla hədələndiyi, bir qadının isə hicabının zorla çıxarıldığı iddia olunur.
Hesabatda Qarabağ və ətraf ərazilərdə erməni dini irsinin vəziyyətinə də toxunulur. Bildirilir ki, Azərbaycanın 2020 və 2023-cü illərdə əraziləri nəzarətə götürməsindən sonra bu ərazilərdəki tarixi dini abidələr risk altındadır. Peyk görüntülərinə əsasən, iyul ayına qədər səkkiz dini obyektin dağıdıldığı, daha onunun isə zədələndiyi qeyd edilir. Bu obyektlərə kilsələr, qəbiristanlıqlar və digər dini abidələr daxildir.
Komissiya ABŞ hökumətinə tövsiyə edir ki, Azərbaycan dini azadlıqların ciddi şəkildə pozulmasına görə “Xüsusi İzləmə Siyahısı”nda saxlanılsın və məsul şəxslərə qarşı hədəfli sanksiyalar tətbiq olunsun. Hesabatda həmçinin ABŞ Dövlət Departamenti ilə Azərbaycan arasında dini azadlıqların və digər insan hüquqlarının yaxşılaşdırılması üçün memorandum imzalanması, eləcə də bu sahədə fəaliyyət göstərən media və proqramlara maliyyə ayrılması tövsiyə olunur.
ABŞ Konqresinə isə tövsiyə edilir ki, Azərbaycana verilən hərbi və təhlükəsizlik yardımları insan hüquqları sahəsində irəliləyişlərlə şərtləndirilsin, dini azadlıq məsələləri mütəmadi olaraq gündəmdə saxlanılsın və vicdan məhbuslarına dəstək göstərilsin.
Hesabatda Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin artdığı da qeyd olunur. Bildirilir ki, bu vəziyyət dini azadlıqlar barədə etibarlı məlumatların əldə olunmasını çətinləşdirir. Mart ayında hüquq müdafiəçisi Bəşir Süleymanlı həbs edilib. May ayında “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əli (Quliyeva) qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və polisin onu döydüyü və zorakılıqla hədələdiyi iddia olunur. İyun ayında isə “Abzas Media” ilə əlaqələndirilən yeddi jurnalist uydurma ittihamlarla 7 ildən 9 il yarıma qədər həbs cəzası alıb. Hesabat dövrünün sonuna Azərbaycanda təxminən 25 jurnalistin həbsdə olduğu bildirilir.
Avropa qurumlarının da Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə diqqət çəkdiyi qeyd olunur. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda Azərbaycanın din azadlığını pozduğuna qərar verib. Avropa Şurasının müvafiq komitəsi saxlanma şəraitini araşdırmaq üçün ölkəyə səfər edib və əvvəlki tövsiyələrin yerinə yetirilməməsini tənqid edib.
Hesabatda ABŞ və Azərbaycan arasında münasibətlərin əsasən Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına yönəldiyi qeyd edilir. Bildirilir ki, ABŞ prezidenti Donald Tramp avqust ayında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edib və tərəflər iqtisadi əməkdaşlıq, ticarət və müdafiə sahəsində razılaşmalar imzalayıb. Bununla yanaşı, ABŞ-də insan hüquqları ilə bağlı narahatlıqlar da davam edib və Konqres üzvləri bu məsələləri il ərzində dəfələrlə qaldırıb.
Komissiyanın sədri Viki Hartzler hesabatla bağlı fərqli mövqe bildirib və Azərbaycanın yalnız “Xüsusi İzləmə Siyahısı”nda deyil, “Xüsusi Narahatlıq Doğuran Ölkə” kimi tanınmalı olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan zahirən dini azadlıqları dəstəklədiyini bəyan etsə də, praktikada bunun əksini edir, dini fəaliyyətə nəzarət edir, işgəncə hallarına yol verir və Qarabağda dini irsi məhv edir.
Azərbaycandakı dini konfessiya rəhbərləri isə hesabatı tənqid edərək onu əsassız və qərəzli adlandırıblar. Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanatda bildirilir ki, hesabat ölkədəki real vəziyyəti əks etdirmir və dini azadlıqların pozulması ilə bağlı iddialar müəyyən qrupların qərəzli mövqeyinin nəticəsidir. Bəyanatda qeyd olunur ki, Azərbaycan dini tolerantlığın təşviqi istiqamətində mühüm addımlar atır və Qarabağda dini və mədəni abidələrin bərpası peşəkar şəkildə həyata keçirilir.
Dini liderlər BDAK-ı mövqeyinə yenidən baxmağa çağıraraq, Azərbaycanın “Xüsusi İzləmə Siyahısı”na daxil edilməsini ədalətsiz qərar kimi qiymətləndiriblər.
“Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq”ın son hesabatına görə, ölkədə 340 siyasi məhbus var və onların 192-si dini inanclı şəxslərdir. Azərbaycan hakimiyyəti isə ölkədə dini azadlıqların tam təmin olunduğunu bildirir və bu sahədə ciddi problemlərin olmadığını bəyan edir.