ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına yönələn bütün dəniz nəqliyyatının blokadaya alınmasına aprelin 13-də başlanacağını açıqlayıb. Məlumata görə, blokada Bakı vaxtı ilə 18:00-da qüvvəyə minəcək.
Komandanlıq bildirib ki, İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilər mənşə ölkəsindən asılı olmayaraq bloklanacaq. Bu tədbirlər Fars körfəzi və Oman körfəzində yerləşən İran limanlarını da əhatə edəcək.
Eyni zamanda, ABŞ Hörmüz boğazı vasitəsilə digər ölkələrin limanlarına gedən gəmilərin keçidinə mane olmayacağını vurğulayıb.
ABŞ prezidenti Donald Tramp aprelin 12-də bəyan edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmağa və ya onu tərk etməyə çalışan bütün gəmiləri istisnasız olaraq bloklayacaq. O, həmçinin beynəlxalq sularda boğazdan keçid üçün İrana rüsum ödəyən gəmilərin aşkarlanması və saxlanılması barədə göstəriş verib.
ABŞ və İran arasında danışıqların nəticəsiz başa çatması və Trampın “dəniz blokadası” qərarı fonunda Brent markalı neftin qiyməti yenidən bir barel üçün 100 dolları ötüb.
“Wall Street Journal” nəşri yazır ki, Tramp və onun müşavirləri blokada ilə yanaşı, İrana qarşı məhdud zərbələrin bərpasını da müzakirə edirlər. Mənbələrin bildirdiyinə görə, bu ssenari aprelin 11-də İslamabadda keçirilən ABŞ-İran danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra Ağ Evdə gündəmə gəlib.
Digər variantlar arasında İrana qarşı genişmiqyaslı zərbələrin bərpası da var. Lakin nəşrin həmsöhbətləri qeyd edir ki, bu ssenari regionda daha böyük sabitsizlik yarada və münaqişəni uzada bilər, bu isə Tramp üçün arzuolunan deyil.
WSJ-nin məlumatına görə, Tramp administrasiyası həmçinin qısamüddətli blokada tətbiq etməklə paralel olaraq müttəfiqlərə təzyiq göstərməyi və gələcəkdə gəmi keçidinin təhlükəsizliyinin təmin edilməsini onların üzərinə qoymağı nəzərdən keçirir.
Mənbələr əlavə edir ki, Tramp blokada qərarına və İran infrastrukturuna yenidən zərbələr endirmə hədələrinə baxmayaraq, münaqişənin diplomatik yolla həllinə sadiq qalır.
Ağ Evin rəsmiləri WSJ-nin sorğusuna cavab olaraq bildiriblər ki, Tramp “bütün əlavə variantları nəzərdən keçirir”. Prezidentin mətbuat xidməti vurğulayıb ki, Trampın növbəti addımlarını bildiyini iddia edənlər sadəcə spekulyasiya ilə məşğuldur.
ABŞ və İran nümayəndə heyətləri aprelin 11-də İslamabadda danışıqlar aparıblar, lakin tərəflər sülh sazişi üzrə razılığa gələ bilməyiblər. Danışıqların pozulmasından qısa müddət sonra Tramp blokada qərarını açıqlayıb və bir sıra ölkələrin ABŞ-yə bu məsələdə dəstək verəcəyini bildirib.
Tərəflər arasında aprelin 8-nə keçən gecə elan edilən iki həftəlik atəşkəs razılaşması qüvvədədir. Razılaşmaya əsasən, İran Hörmüz boğazını gəmilərin hərəkəti üçün açmalı idi.