Azərbaycanın iqtisadi sahəsində iri oliqarxların monopolist fəaliyyəti illərdir bu sferada inkişafın qarşısını alır. Müxtəlif dövrlərdə Azərbaycan prezidentinin də bu istiqamətdə açıqlamaları olub. Monopoliya yerli məhsulların xarici bazarlara çıxarılmasına maneələr törətdiyi kimi, yerli bazarlarda da sağlam rəqabətlilik mühitinin yaranmasının qarşısını alır.
Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında isə daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq təcrübədə qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlərin həyata keçiriləcəyi deyilirdi. Bu istiqamətdə hansı işlərin görülməsi isə böyük sual altındadır.Millət vəkili Aydın Hüseynov bildirir ki, hökumət konsepsiyada nəzərdə tutulan hədəflərə tam çatıb.
Logistika və nəqliyyat üzrə ekspert Ceyhun Talıbov isə iddia edir ki, monopoliya ölkədə kiçik və orta sahibkarlığın inkişafında xüsusi rol oynayır. Ekspert konsepsiyada qoyulan hədəflərə çatılmamasının səbəbini Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazarda rəqabət apara bilməməsi ilə əlaqələndirir. İqtisadçı ekspert Natiq Cəfərli isə Ceyhun Talıbovdan fərqli olaraq Azərbaycanda böyük rəqabətsizlik mühitinin olduğunu deyir. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə göndərdiyimiz sorğuya verilən cavabda qeyd edilib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapan tədbirlərin icrasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunan hədəflərə nail olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.