14 Aprel 2022
Mətni dəyiş
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərdən biri də kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həlli ilə bağlı dövlət siyasəti davam etdirilməsi idi.
Ancaq müstəqil media nümayəndələri dövlətin KİV-ə bu cür şirnikləndirici təkliflərlə yaxınlaşmasına maraq göstərmədilər və bunun hökumət tərəfindən medianı ələ almağın növbəti üsulu olduğunu bildirdilər. Hökumət tərəfindən maliyyələşən media orqanları isə bu prosesə bir fürsət kimi baxırdılar.
Ancaq elə prosesin gedişində artıq jurnalistlər arasında ciddi narazılıqlar yarandı. Media nümayəndələrinə dövlət tərəfindən ev verilməsi zamanı jurnalistlər iddia edirdilər ki, ayrılan vəsaitlərin böyük hissəsi yeyintinin qurbanı olub. Evlər isə ədalətsiz şəkildə və maddi maraqlar nəzərə alınmaqla bölünüb.
Məhz bundan sonra isə bu işin icrasının tapşırıldığı Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu və onun rəhbəri Vüqar Səfərli ilə bağlı istintaq araşdırmaları başladı. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılan Vüqar Səfərli həbs edildi. O, məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
Ötən ilin sonlarında ölkədə ˝Media haqqında˝ yeni qanun imzalandı. Hökumət yeni tənzimləmənin medianın müsbət yöndə inkişafına xidmət edəcəyini müdafiə etsə də, müstəqil jurnalistlər bu qanunun da medianı çərçivələtmək, müstəqil jurnalistikanı boğmaq məqsədi daşıdığını deyirlər.
Abzas Media məsələ ilə əlaqədar KİVDF-nin ləğvindən sonra yaradılan Medianın İnkişafı Agentliyininə sorğu ilə müraciət edib. Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, qurum yeni yaradıldığı üçün sorğulanan informasiya ilə bağlı məlumatlara malik deyil.