23 Mart 2022
Mətni dəyiş
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri də regional mətbəələrin yaradılması idi.
Lakin bu sahədəki ciddi problemlər rayonlarda medianın inkişafının qarşısında duran böyük baryerlərdən biri olaraq qalmaqdadır. Regional qəzetlər məhz bu problemlərə görə fəaliyyətlərini məhdudlaşdırır, yaxud tamamilə dayandırırlar.
Müxtəlif dövrlərdə rayonlarda belə mətbəələrin yaradılacağı ilə bağlı məlumatlar dolaşsa da, hazırda ortada real nəticələrin olub-olmaması da böyük sual altındadır. Azərbaycanın tanınmış jurnalistlərindən biri Qulu Məhərrəmli deyir ki, bölgələrdə müasir mətbəələrin qurulması çox vacib məsələdir. Jurnalistin sözlərinə görə, hazırda region mətbuatı olaraq yalnız iki-üç qəzetin adını çəkmək olur.
Qulu Məhərrəmlinin sözlərinə görə, əvvəllər mərkəzdə çap olunan qəzetlər rayonlara da göndərilirdi, indi isə bu proses ümumiyyətlə dayandırılıb.
Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov regional mətbəələrinin yaradılmamasının bir çox səbəbləri olduğunu bildirib. O qeyd edib ki, bu gün Azərbaycan rayonlarında mətbuatın vəziyyəti elə də yaxşı deyil, maddi problemlər mövcuddur, bəzi qəzetlər isə ümumiyyətlə fəaliyyətlərini dayandırıblar.
Qeyd edək ki, konsepsiyada sözügedən problemlə bağlı qarşıya qoyulan məqsədə çatılıb-çatılmadığını öyrənmək üçün Azərbaycan Respublikası Prezident Aparatına sorğu ilə müraciət etsək də suallarımız cavabsız qalıb.