Azərbaycanda istehsalat və iş qəzaları zamanı xəsarət alan və ölən şəxslərin sayının artması əməyin təhlükəsizliyinin təmini ilə bağlı məsələlələrin yenidən müzakirəsinə səbəb olub. Azərbaycan Konstitusiyasına və Əmək Məcəlləsinə əsasən, işçilərin sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququ var. İşəgötürənlər işçilərin mühafizəsi normaları, qaydaları və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir.
Prezidentin 2012-ci ildə elan etdiyi "Gələcəyə Baxış-2020" fəaliyyət planında da işləyən vətəndaşların təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi sahəsində işin gücləndiriləcəyi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı hazırlanacağı qeyd edilirdi.
Ancaq illər ərzində artan iş qəzaları bu hədəflərə çatılmasını sual altına salır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə yönləndirilən sorğuya qurumdan verilən cavabda deyilir ki, ölkədə əməyin mühafizəsi, işçilər üçün təhlükəsiz və sağlam iş yerlərinin yaradılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir və Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əməyin mühafizəsinə dair bütün Konvensiyalarını ratifikasiya edib, eləcə də əməyin mühafizəsi sahəsində qanunvericilik daim təkmilləşdirilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Arzu Nağıyev deyir ki, işəgötürənlə işçinin münasibətləri əmək məcəlləsinin tələbinə uyğun olaraq, qanunla tənzimlənir və hər hansı qanun pozuntusunda hər iki tərəfin hüquqları qorunur.
Qanunvericilikdə qəbul edilən qaydalara görə, işəgötürən iş şəraitində əməyin təhlükəsizliyini təmin etməli, həmçinin işçilər təhlükəsizliklə bağlı təlimatlandırılmalıdır. Amma əksər müəssisələrdə bu qaydalara riayət edilmir, praktiki təlimatlandırma effektiv aparılmır.
Fərid Rüstəmzadə deyir ki, əməyin təhlükəsizliyinə nəzarət etməklə vəzifələndirilən Əmək müfəttişliyi 2015-ci ildən bəri müəssisələrə yoxlamalara gedə bilmir.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi 2005-ci ildən 2020-ci ilədək istehsalatda baş verən bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirən və ya ölənlərin statistikasına nəzər saldıqda isə müxtəlif dövrlərdə bu rəqəmin artıb azaldığını görmək olur. Məsələn, 2005-ci ildə 189 iş qəzalarının qurbanı olubsa, 2015-ci ildə bu rəqəm 161, 2020-ci ildə isə 250 nəfərdir.