"Media haqqında" Azərbaycan Respublikası Qanunu layihəsi təklifi ilə bağlı müraciət hazırlanıb

"Media haqqında" Azərbaycan Respublikası Qanunu layihəsi təklifi ilə bağlı müraciət hazırlanıb
16 Dekabr 2021
Mətni dəyiş

Bir qrup ictimaiyyət nümayəndəsi və jurnalist "Media haqqında" qanun layihəsi ilə bağlı müraciət yayıblar.

AbzasMedia müraciəti olduğu kimi təqdim edir:

Biz - bu müraciəti imzalayanlar, Azərbaycan Respublikası Milli Məclisində 1-ci oxunuşda qəbul edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifinin media və ifadə azadlığını məh­dud­laş­dırmağa geniş imkanlar açmasından təəssüflənir, təklifin ictimai müzakirə testindən keçmədən, tələm–tələsik parlamentdə müzakirəsini demokratik dəyərlərə sayğısızlıq kimi qiymətləndirir, Milli Məclisi sözügedən layihəni gün­də­likdən çıxarmağa, geniş qatılımla işlənməsi üçün geri qaytarmağa çağırırıq.

“Media haqqında” Azərbaycan Respublikası Qanunu təklifinin parlament müzakirələrinə qədər qapalı tutulması, bilgi açıqlığı ilə bağlı milli qanunlara, eləcə də Azərbyacanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun deyil. Layihə ölkənin media ictimaiyyətinin habelə Azərbaycanın tərəfdaşlıq etdiyi Avropa Şurasının Venetsiya Komissiyasının, ATƏT-in Media Ofisinin müsbət rəyini almayıb.

Milli Məclisin 2005-ci ildə qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu, media hüququ ekspertlərinin, yerli, beynəlxalq ictimaiyyətin iştirakı ilə hazırlanmışdı. Həmin Qanun, ictimai bilgilərə çatımla bağlı əlverişli qanuni mexanizmlər yaradıb, onu indi də beynəlxalq təşkilatlar, mütərəqqi ölkələr örnək kimi göstərirlər. Müzakirəyə çıxarılan “Media haqqında” qanuna münasibətdə bu yaxşı təcrübənin də görməzdən gəlinməsi təəssüf doğurur.

Qanun təklifi ilə Azərbaycan Respublikası Konstitusiyasının, Avropa İnsan Haqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəaları arasında ciddi uyğunsuzluqlar var. Konstitusiya hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, fikir, söz azadlığını, məlumat azadlığını qoruyur.

Bütün konstitusion hüquq və azadlıqlar beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Beynəlxalq müqavilələr milli qanunvericilik sistemimizin ayrılmaz tərkib hissəsidir və onunla milli qanunlar arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilməlidir. Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı hüququnu təminat altına alan 10-cu maddəsi isə ifadə azadlığına müdaxilələrin aydın çərçivəsini, əsaslarını müəyyən edir. Təəssüf ki, qanun layihəsi təklifi qeyd edilən testlərin heç birinə cavab vermir, ifadə, media azadlığına gərəksiz müdaxilələrə münbit şərait yaradır.

Qanun təklifi, kimlərin jurnalistika peşəsi ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə dövlətə geniş imkanlar açır, medianın özünütənzimləməsi modelindən imtinanı mənimsəyir. Dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin müəyyən edilməsi, vahid vəsiqə qaydasınının tətbiqi, qanunla jurnalistlərə peşə etikasınə əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması, ifadə azadlığı hüququnun mühüm komponenti olan media azadlığına sağalmaz yaralar vura bilər.

Layihə təklifində audiovizual media subyektləri ilə bağlı mücərrəd, media qanunvericiliyi yaradıcılığı təcrübəsində rastlanmayan anlayışlardan istifadə olunması, tənzimləmələrin anlaşılmazlığı, təklif edilən layihənin mümkün faydlarını da kölgə altına salır. Xüsusilə, layihə təklifindəki lisenziya şərtinə tabe etdirilən “platforma yayımçı və operatorları” ilə bağlı tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açandır. Anlayışlarla bağlı qanun təklifinin mətninin anlaşılan olmaması, internet televiziyalarının tənzimlənməsinin də “platforma yayımçısı” anlayışı altına daxil ediləcəyinə ciddi əsas yaradır.

Biz, qanun layihəsi təklifinin ölkəmizin işıqlı, firavan gələcəyinə deyil, daha da qapalı mühitin formalaşmasına xidmət etməsindən narahatlığımızı ifadə edir, ifadə azadlığı hüququnun bütün başqa hüquqlardan faydalanmaqda mühüm önəmini, eyni zamanda bu hüququn özünün də mütləq hüquq olmadığını vurğulayırıq. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ifadə, media azadlığı ilə bağlı məhdudiyyətlər mütləq legitim, adekvat, demokratik cəmiyyətdə zəruri olmalı və təxirəsalınmaz sosial tələbatdan doğmalıdır. İfadə və media azadlığı yalnız Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında aydın ifadə edilmiş əsaslara uyğun olaraq, məhdudiyyətlərə məruz qala bilər. Milli Məclisin müzakirəsinə çıxarılan təklifin bu əsaslara adekvat olmaması səbəbindən, hökuməti, bu layihənin qanuna çevrilməməsi üçün gərəkli addımları atmağa - onu parlamentin gündəliyindən çıxarmağa, yenidən vətəndaş cəmiyyəti təmsilçilərinin də yer aldığı işçi qrup yaratmağa və layihəni yenidən işlənməsi üçün həmin qrupa təqdim etməyə çağırırıq.

İmzalar:

  • Akif Qurbanov- hüquqşünas
  • Alya Yaqublu- müstəqil jurnalist
  • Arif Əliyev- Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri
  • Aygün Muradxanlı - Prime TV
  • Aynur Elgünəş- müstəqil Jurnalist
  • Aytən Məmmədova- müstəqil jurnalist
  • Elçin Şıxlı- Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri
  • Elçin Rüstəmli- Jurnalist
  • Elçin Sadıqov- vəkil
  • Emin Hüseynov- RATİ
  • Emin Hüseynzadə- Media eksperti
  • Ələsgər Məmmədli -media hüququ mütəxəssisi, hüquqşünas
  • Əvəz Zeynallı- Xural TV-nin təsisçisi, jurnalist
  • Fariz Namazlı- vəkil
  • Hafiz Babalı- araşdırmaçı jurnalist
  • Xalid Ağaliyev - media hüququ mütəxəssisi, hüquqşünas
  • Kamran Mahmudov- müstəqil jurnalist
  • Qubad İbadoğlu- Biz TV-nin rəhbəri
  • Qulu Məhərrəmli- media mütəxəssisi, professor
  • Mehman Əliyev- Turan İnformasiya Agentliyinin rəhbəri
  • Mehman Hüseynov- Blogger
  • Natiq Cavadlı- müstəqil jurnalist
  • Nəsimi Məmmədli - Yayımların Monitorinq Mərkəzinin rəhbəri
  • Osman Gündüz- Azərbaycan İnternet Forumunun Prezidenti
  • Ramin Deko- müstəqil jurnalist
  • Rəsul Cəfərov- Bakı İnsan Hüquqları Klubunun rəhbəri, hüquqşünas
  • Rəşid Hacılı- media hüququ mütəxəssisi, hüquqşünas
  • Rizvan Qənbərli- Media mütəxəssisi
  • Rövşən Hacıbəyli- jurnalist
  • Sevinc Vaqifqızı- müstəqil jurnalist
  • Seymur Kazımov- media eksperti
  • Şahin Nəcəfov- Prime TV
  • Şahvələd Çobanoğlu- jurnalist
  • Şəhla Hümbətova- vəkil
  • Şəmşad Ağa- jurnalist, Arqument.az saytının baş redaktoru
  • Ülkər Abdullayeva- jurnalsit

“Media haqqında” Qanun layihəsi təklifinin qısa icmalı

  • Qanun layihəsi təklifi “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci ilin yanvarında imzaladığı fərmana uyğun hazırlanıb. Fərmanda yeni qanun layihəsinin hazırlanması zərurətindən bəhs edilməyib. Bir neçə gün əvvəl Milli Məclisə təqdim edilən qanun layihəsi təklifi qəbul edilərsə, “KİV haqqında” və “Teleradio yayımı haqqında” qanunlar ləğv ediləcək;
  • Azərbaycan ərazisində təsis olunmuş media subyektləri ilə yanaşı, Azərbaycandan kənarda olan, fəaliyyəti Azərbaycana istiqamətlənmiş bütün media subyektlərinə, jurnalistlərə şamil ediləcək olan qanun layihəsi təklifi hərbi, fövqəladə vəziyyət dövründə senzura, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar zamanı, terror əleyhinə aparılan əməliyyat zonasında informasiya toplanmasına sərt məhdudiyyətlər nəzərdə tutur. Məsələn, medianın dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlar barədə məlumatları, əməliyyat qurumun müəyyənləşdirdiyi forma və həcm tələbinə uyğun olmalıdır;
  • Təklif, informasiyaların məzmununa yayğın və geniş məhdudiyyətlər müəyyən edir, ifadə və media azadlığına Azərbaycan Konstitusiyasında, beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha geniş müdaxilə imkanları yaradır. Məsələn, söyüş məzmunlu söz və ifadələrdən, jestlərdən istifadə qadağan olunur, media, jurnalistlərə “fakt və hadisələrə qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək” kimi şərtlər gətirir. Layihə, məzmunundan asılı olmayaraq, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlayır;
  • Təklif dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə tam səlahiyyəti verir – dövlət media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestrini yaradır, reyestrə daxil edilmiş media və jurnalistlərə mərkəzləşdirilmiş qaydada vəsiqələr verir, yalnız reyestrə daxil edilmiş media və jurnalistlər qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola bilirlər. Reyestrə daxil edilmiş məlumatlar, media və jurnalistlərin adları istisna olmaqla, qapalı tutulur, mediaların sahibləri haqqında məlumatların açıqlanması da nəzərdə tutulmur;
  • Media subyektlərinin təsisçilərinə daimi Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlığı, bəzi media subyektlərinin təsis olunması üçün icra oranınından rəy almaq, habelə, jurnalistlərin adlarının media reyestrinə daxil edilməsi üçün daimi Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlığı, davamlı fəaliyyət, mütləq müqavilənin olması, ali təhsil, əvvəllər məhkum edilməmiş olmaq kimi şərtlər nəzərdə tutulur. Fəaliyyət qabiliyyəti olmayanlar, məhdud fəaliyyət qabiliyyətlilər reyestrə daxil edilə bilməz. Jurnalistlərə peşə etikasınə əməl etmələrinin məcburiliyini ifadə edən qanuni şərt tətbiq edilir;
  • Qanun xarici mənbələrdən maliyyələşmələri qadağan olunan 4 növ media subyekti müəyyən edir - çap mediası, onlayn media, informasiya agentlikləri və audiovizual media subyektləri. Media subyektlərinin təsisçiləri üçün Azərbaycanda daimi yaşayan vətəndaş olmaq, nizamnamə kapitalında üstün iştirak payının Azərbaycanda daimi yaşayan vətəndaşa məxsus olması, əvvəllər məhkum edilməmək kimi şərtlər nəzərdə tutulur. Siyasi partiyalar, dini qurumlar yalnız çap mediasına sahib ola bilərlər. Xüsusilə, 4 növ media subyektindən biri olan “audiovizual media subyektləri” ilə bağlı qanun layihəsində nəzərdə tutulan tənzimləmələr olduqca dolaşıq, yayğındır. “Audiovizual media subyektləri” 6 növdə təsnifləndirilir: yerüstü yayımçılar, platforma yayımçısı, platforma operatoru, multipleks operatoru, infrastruktur operatoru, sifarişli yayım xidməti provayderi. Audiovizual media subyektləri, xüsusilə də “platforma yayımçısı və operatoru” ilə bağlı layihədə nəzərdə tutulan tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açandır. Bu anlayış yenidir, media qanunlarında belə təcrübə yoxdur. Layihəyə görə, “platforma yayımçısı” audiovizual proqramların məzmununa cavabdehlik daşıyan, həmin proqramları platforma vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxslərdir. Layihə “platforma yayımçıları”na dövlət qurumundan lisenziya almaq şərti qoyur.
  • Audiovizual media sahəsində tənzimləməni 7 nəfərdən ibarət tərkibdə formalaşdırlan Şura həyata keçirir. Şuranın səlahiyyət müddətləri 5 il olan üzvlərini icra hakimiyyəti orqanı müəyyən edir. Yeni tənzimləmələr Şuranı icra hakimiyyətindən daha asılı duruma salır. Tənzimləyici qurumun formalaşdırlması, səlahiyyətləri “Avropada tənzimləyici qurumlara dair” Avropa Şurasının Nazirlər Komitəsinin 2000-ci il 23 saylı Tövsiyəsində nəzərdə tututlan kriteryalara qətiyyən cavab vermir, yeni mexanizmlər bu qurumu siyasi təsirlərdən qorumaq gücündə deyil, onun maliyyə müstəqilliyinə, hesabatlılığına təminatlar yaratmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun