Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək, Bakı və Moskva razılığa gəlib

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək, Bakı və Moskva razılığa gəlib Foto: APA
15 Aprel 2026
Mətni dəyiş

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı nəticələrin tənzimlənməsi üzrə razılıq əldə olunduğunu açıqlayıb. Birgə bəyanatda kompensasiyaların ödənilməsi də daxil olmaqla məsələlərin həll edildiyi bildirilsə də, hadisənin səbəbləri ilə bağlı əvvəlki ziddiyyətli mövqelər qalmaqdadır.

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri AZAL-a məxsus Embraer 190 tipli sərnişin təyyarəsinin 2024-cü ildə qəzaya uğramasının nəticələrinin tənzimlənməsi ilə bağlı birgə bəyanat yayıb. Bəyanatı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti dərc edib.

Sənəddə qeyd edilir ki, 2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşdə əldə olunan razılaşmalara uyğun olaraq tərəflər, o cümlədən kompensasiyaların ödənilməsi məsələsi daxil olmaqla, qəzanın nəticələrinin “müvafiq şəkildə tənzimlənməsinə” nail olublar.

Birgə bəyanata görə, insident Rusiya hava məkanında hava hücumundan müdafiə (HHM) sisteminin “qeyri-iradi işə düşməsi” nəticəsində baş verib.

Tərəflər bildiriblər ki, atılan addımlar qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə yönəlib. Həmçinin, bəyanatda Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafının mehriban qonşuluq və əməkdaşlığın genişlənməsinə xidmət edəcəyi vurğulanıb. Diplomatlar qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Qəza ilə bağlı əvvəlki araşdırmalar isə fərqli detalları ortaya qoymuşdu. 2024-cü ilin dekabrında Qazaxıstanın Nəqliyyat Nazirliyinin hazırladığı aralıq hesabatda partlayıcı maddə izlərinin aşkar edilmədiyi bildirilsə də, təyyarənin döyüş başlığının zədələyici elementləri ilə zərər görmüş ola biləcəyi qeyd olunmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyev hadisədən sonra açıqlamasında təyyarənin Qroznı şəhəri yaxınlığında “xarici təsirə məruz qaldığını” və bunun idarəetmənin itirilməsinə səbəb olduğunu bildirmişdi.

Rusiya Prezidenti Vladimir Putin isə Düşənbədə keçirilən görüşdən sonra açıqlamasında həmin gün Rusiyanın hava məkanında təhlükəsizlik insidentlərinin baş verdiyini, HHM qüvvələrinin atəş açdığını, lakin atəşin birbaşa təyyarəyə yönəlmədiyini qeyd etmişdi. Onun sözlərinə görə, qəlpələrin təyyarəyə dəyməsi ehtimal olunur.

Rusiya tərəfi kompensasiyaların ödəniləcəyini və günahkarların cəzalandırılacağını da bəyan etmişdi.

Bununla yanaşı, bu ilin yanvarında hökumətyönlü mediada Rusiya İstintaq Komitəsinin Azərbaycanın Baş Prokurorluğuna ünvanlandığı iddia edilən məktub dərc olunub. Məktubda təyyarənin əlverişsiz hava şəraiti səbəbindən eniş edə bilmədiyi və yerə çırpıldığı qeyd olunaraq cinayət işinə xitam verildiyi bildirilib.

AZAL-a məxsus Bakı–Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Azərbaycan hökuməti ilkin açıqlamalarında təyyarənin Qroznı üzərində pilotsuz uçuş aparatlarına qarşı hava əməliyyatları zamanı zenit raketi ilə vurulduğunu bildirmişdi. Raketin təyyarənin yaxınlığında partladığı və qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə xəsarət yetirdiyi qeyd olunmuşdu.

Hadisədən sonra Prezident İlham Əliyev Rusiyanın məsuliyyət daşıdığını bildirərək, Moskvanı günahını etiraf etməyə, təqsirkarları cəzalandırmağa və kompensasiya ödəməyə çağırmışdı.

Dekabrın 27-də isə Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng edərək baş vermiş hadisəyə görə üzrxahlıq etmiş və bunu Rusiyanın hava məkanında baş vermiş “faciəvi hadisə” kimi qiymətləndirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun