Estoniya Xarici Kəşfiyyat Xidməti Rusiyanın “sülh ritorikası”nın arxasında qlobal təsir və sabotaj kampaniyası apardığını bildirir. Hesabatda həm Ukraynadakı müharibənin gedişi, həm də Azərbaycan-Ermənistan sülh prosesi və bunun Rusiyanın regiondakı mövqelərinə təsiri xüsusi diqqət mərkəzindədir
Estoniya Xarici Kəşfiyyat Xidməti Rusiyanın beynəlxalq arenada “sülh tərəfdarı” kimi çıxış etməsinə baxmayaraq, paralel olaraq genişmiqyaslı təsir əməliyyatları həyata keçirdiyini və hərbi potensialını sürətlə artırdığını açıqlayıb. Qurumun rəhbəri Kaupo Rosinin təqdim etdiyi hesabatda qeyd olunur ki, Kreml “paralel reallıq” quraraq özünü sülh vasitəçisi kimi təqdim etməyə çalışır.
Sənəddə vurğulanır ki, Ukraynaya qarşı müharibə dörd ilə yaxın müddətdə Rusiyanın resurslarını ciddi şəkildə tükəndirib. Moskva böyük hərbi itkilər versə də, ölkə rəhbərliyində siyasətin dəyişəcəyinə dair əlamət yoxdur. Prezident Vladimir Putin hələ də Rusiyanın “xüsusi yol” izlədiyinə inanır və Ukraynanı tam nəzarətə götürmək niyyətindən geri çəkilmir.
Eyni zamanda hesabatda qeyd edilir ki, Rusiyanın hərbi və siyasi gücü barədə formalaşdırılan “məğlubedilməzlik” imici reallığı əks etdirmir. Müharibə nəticəsində zəifləyən iqtisadiyyat, cəmiyyətdə artan narazılıq və sərt repressiyalar Kremlin real vəziyyətini ortaya qoyur. Buna baxmayaraq, Estoniya kəşfiyyatı Rusiyanı hələ də təhlükəli aktor kimi qiymətləndirir və Qərbi ayıq-sayıq olmağa çağırır.
Hesabatda xüsusi olaraq qeyd olunur ki, yaxın bir ildə Rusiyanın NATO ölkələrinə birbaşa hərbi hücum planı yoxdur. Bununla belə, Moskvanın hərbi islahatları gələcəkdə onun imkanlarını artıra bilər.
Estoniya kəşfiyyatının diqqət çəkən məqamlarından biri 2025-ci ilin avqustunda Vaşinqtonda baş verən hadisədir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişinin mətni paraflanıb.
Hesabatda vurğulanır ki, bu razılaşma Azərbaycan və Ermənistan liderlərinin münaqişəni diplomatik yolla həll etməyə hazır olduğunu göstərən mühüm irəliləyişdir. Sazişin Rusiyanın iştirakı olmadan, Qərb vasitəçiliyi ilə əldə olunması xüsusi əhəmiyyət daşıyır. Razılaşma çərçivəsində Cənubi Qafqazdan keçən və Xəzər dənizinə uzanan Qərb-Şərq tranzit dəhlizinin yaradılması planlaşdırılır ki, bu da Azərbaycanın strateji rolunu artırır. ABŞ-nin həm Azərbaycan, həm də Ermənistanla ayrıca razılaşmalar əldə etməsi regionda uzunmüddətli Qərb mövcudluğunun əsasını qoyur.
Kəşfiyyat xidmətinin qiymətləndirməsinə görə, bu proses Rusiyanın geosiyasi maraqlarına ciddi təhdid yaradır. Moskva Cənubi Qafqazı tarixən öz təsir zonası hesab etdiyindən, regionu itirmək Kremlin həm siyasi, həm də psixoloji baxımdan ağır zərbə olardı.
Bundan əlavə, yeni tranzit dəhlizinin reallaşması Rusiyanı İran və Yaxın Şərq bazarlarına çıxış baxımından təcrid edə bilər. Bu isə Azərbaycanın regionda nəqliyyat və logistika baxımından əhəmiyyətini daha da artırır.
Hesabatda qeyd olunur ki, Moskva bu proseslərin qarşısını almaq üçün aktiv addımlar ata bilər. Xüsusilə vurğulanır ki, 2026-cı ildə Rusiya Ermənistanda geniş təsir kampaniyasına başlaya bilər.
Bu kampaniyanın məqsədi parlament seçkilərinə müdaxilə etmək, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq, formal olaraq milli, lakin faktiki olaraq Rusiyaya bağlı hökumət formalaşdırmaqdır.
Estoniya kəşfiyyatı hesab edir ki, Moskva məhz Ermənistan üzərindən Azərbaycan-Ermənistan sülh prosesini pozmağa çalışa bilər.
Hesabatın ümumi nəticəsinə görə, Rusiya zəifləməsinə baxmayaraq hələ də təhlükəli olaraq qalır və xüsusilə Cənubi Qafqazda təsirini qorumaq üçün yeni strategiyalar hazırlayır. Azərbaycanın iştirak etdiyi sülh prosesi və tranzit layihələri isə regionda güc balansını dəyişdirən əsas amillərdən biri kimi qiymətləndirilir.