“Məntiqlə Alyona Əliyevanın cinsi həyatı nə onun ailə üzvləninin, nə də başqa bir azərbaycanlının həyatına heç bir təsir göstərməməlidir”
Son günlər ölkənin siyasi səhnəsi şəxsi həyat üzərindən qarşıdurmalarla müşayiət olunur. Yayılan videolarda, səslənən ittihamlarda tərəflər ya qadını birinin digərinə təzyiq aləti kimi, ya da qadın olmağı “alçaltma” üsülu kimi istifadə edirlər.
Prezident İlham Əliyevin ailə üzvləri, xüsusilə də gəlini Alyona Əliyeva ilə bağlı “ifşaedici görüntülər” başlığı altında silsilə videolar paylaşan bloger Mehman Hüseynov iddia edir ki, Dövlət Təhlükəsizlik Xidməti onun yataq görüntülərini gizli şəkildə çəkərək ailəsinə göstərib. Məhz buna cavab olaraq prezident ailəsinin üzvləri barədə ifşaedici materiallar hazırlamağa başlayıb.
Bloger bu addımını hakimiyyətin illərdir müxalif fəallara, jurnalistlərə və ictimai fiqurlara qarşı eyni üsuldan istifadə edib, onların şəxsi həyatını ictimaiyyət qarşısında ifşa etməsi ilə əsaslandırır.
“Məqsəd nə olursa-olsun seçilən üsul qəbuledilməzdir”
Feminist fəal Nisə Hacıyeva şəxsi həyatın “silah”a çevrilməsinin təkcə etik problem deyil, həm də dərin gender bərabərsizliyinin göstəricisi olduğuna diqqət çəkir:
“DTX-nin Mehman Hüseynova qarşı etdiyi çirkin təzyiqdən sonra Mehmanın qəzəbini və eyni alətlə hakimiyyətlə mübarizəsini hər nə qədər başa düşsəm də, onun mübarizəsini də çirkin sayıram. Çirkinliklə mübarizə aparan insan özünü də buna bulaşdırmamalıdır. Mehman Hüseynov eyni üsulla mübarizəni seçərkən özünü hakimiyyətlə eyni səviyyəyə saldı. Məqsəd nə olursa-olsun seçilən üsul qəbuledilməzdir”.
Siyasətçilərin, cəmiyyətdə gücə, populyarlığa malik insanların şəxsi və cinsi həyatının bir çox ölkələrdə alətə çevrilə bildiyini deyən Hacıyeva Azərbaycan kimi “patriarxatın daha güclü olduğu ölkələrdə” bu mövzuların əsas qurbanının məhz qadınlar olduğunu vurğulayır. Onun sözlərinə görə, hakimiyyət bu praktikadan uzun illər sistemli şəkildə istifadə edib.
“İstər feministlərin, istər digər müxalifətçilərin şəxsi həyatları daima hakimiyyətin ifşa alətinə çevrilib. Hakimiyyət öz opponentlərini beləcə cəmiyyətin gözündən salmağa çalışıb, onları utandırmağa, geri addım atmağa vadar edib. İndi eyni alətlə özü hədəfə alındıqda Əliyevlər ailəsi çıxıb Alyona Əliyeva haqqında, “yaxşı edib, əcəb edib, öz həyatıdır” deyə bilmir, çünki illərdir özü eyni çirkin üsuldan istifadə edib”.
Elə feminist fəalın qeyd etdiyi qadına yanaşma tərzini hakimiyyətin “Milli Namus Məsələsi” kimi ritorikasından da görmək mümkündür.
Bu günlərdə hökumətə yaxınlığı ilə bilinən “Real TV” efirində Mirşahin Ağayevin hazırladığı “Milli Namus məsələsi” adlı video materialda Mehman Hüseynovun Alyona Əliyeva ilə bağlı iddiaları yalanlanıb, şantaj etməyə görə bir şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi qeyd edilib.
Mütəxəssislər uzun illər korrupsiya, rüşvət kimi ittihamlarda səssizliyini qoruyan hakimiyyətin bu məsələdə sükütunu pozmasını mövzuya yanaşma tərzi və həssaslığı kimi qiymətləndirir.
Nisə Hacıyeva isə cinsi həyat üzərindən söhbətlərin rüşvət, korrupsiya, ədalətsizlik kimi mövzulardan daha populyar olduğu üçün asanlıqla alətə çevilə bildiyini deyir. Onun sözlərinə görə, cəmiyyətin bu mövzulara marağı da problemin bir hissəsidir:
“Məntiqlə Alyona Əliyevanın cinsi həyatı nə onun ailə üzvləninin, nə də başqa bir azərbaycanlının həyatına heç bir təsir göstərməməlidir. Bəs o zaman niyə onun şəxsi həyatı bir azərbaycanlı üçün baş verən haqsızlıqlardan, korrupsiyadan, ofşorlara daşınan pullardan, ədalətsizlikdən daha önəmli mövzuya çevrilir? Çünki kasıbın əlindən hər şeyi alanda onun sığındığı yeganə şey namus-qeyrət olur. Ondan sonra onu alət kimi istifadə etmək də asandır. İndi də hakimiyyətin bu mövzu üzərindən dara çəkilməsi elə Əliyevlərin yaratdığı tələyə özlərinin düşməsidir. Həm özləri mövzunu alətə çevirərək, həm insanların əlindən digər resurslarını alıb məhz namus-qeyrətə sığınmalarını məcbur edərək, həm ölkədəki bütün proqressiv gəncləri həbsə atıb, didərgin salıb cəmiyyətin inkişafının qarşısını alaraq”.
“Mənimsənmiş mizoginiya”
Mövzu yalnız şəxsi həyatın ifşası ilə məhdudlaşmır. Bu ilin fevralında Almaniyada baş tutan Münhen Təhlükəsizlik Konfransında iştirak edən Birinci Vitse-prezident Mehriban Əliyevanın ona sual ünvanlayan jurnalist Emin Hüseynovu qadın paltarında səfirlikdə gizlənməkdə ittiham etməsi də geniş müzakirələrə səbəb olub.
Feminist fəalın fikrincə, bu nümunə qadın olmağın ölkədə alçaltma vasitəsi kimi istifadə edildiyinin açıq sübutudur:
“Bir çox qadın cəmiyyətin ona verdiyi dəyərsiz rolu mənimsəyir. Daha sonra isə kişilərlə birləşib digər qadınları və özü də daxil olmaqla qadın olmağı dəyərsizləşdirməyə başlayır. Rasizmi və mizoginiyanı (red: qadınlara qarşı nifrət və ya ayrı-seçkilik) mənimsəmiş insanlar adətən öz kimliklərini qəbul etmirlər və gücə malik olana səcdə edirlər. Güc bərabərsizliyinə, imtiyazların bərabərsizliyinə tənqidi yanaşmaqdansa, həmin gücə malik olanları imitasiya etməyi seçirlər. Mehriban Əliyeva da, görünür ki, tutduğu vəzifədən asılı olmayaraq, mizoginiyanı mənimsəmiş qadındır”.
Gender stereotipləri və ictimai dil
Şəxsi həyatın siyasi qarşıdurmada alətə çevrilməsini prinsipial olaraq qəbuledilməz hesab edən gender üzrə ekspert Şəhla İsmayıl isə bildirir ki, kiminsə davranışları və ya qərarları ictimai müzakirə mövzusu ola bilər. Lakin bu müzakirə şəxsi həyatın ifşası və ya reputasiya üzərindən hücumlar formasında deyil, konkret faktlar və məsuliyyət prizmasından aparılmalıdır.
O deyir ki, burada təkcə müzakirənin məzmunu deyil, forması da əhəmiyyət daşıyır. Ekspertə görə, təhqiramiz ifadələr və söyüş ritorikası müzakirənin dəyərini azaldır, onu qeyri-etik və bayağı müstəviyə keçirir.
“Bu, əsasən, cəmiyyətdə mövcud olan gender stereotipləri ilə bağlıdır. Qadınların reputasiyası və şəxsi həyatı üzərindən təzyiq göstərmək çox zaman daha “asan təsir aləti” kimi qəbul olunur. Patriarxal (red:kişilərin üstün olduğu cəmiyyət) yanaşmalar səbəbindən qadınlara qarşı daha sərt və selektiv sosial gözləntilər mövcuddur. Bu isə onların siyasi və ya şəxsi qarşıdurmalarda daha tez hədəfə çevrilməsinə gətirib çıxarır”, - deyən Şəhla İsmayıl vəziyyəti “daha köklü problem” adlandırır.
Bu məsələ yalnız tərəflərin bir-birinə qarşı ittihamları ilə məhdudlaşmır, eyni zamanda, qadınların təzyiq aləti kimi istifadə edildiyi mövzularda ictimai diskursun dilinə də sirayət edir.
Şəhla İsmayıl bu mövzuda məsuliyyətin hər bir fərdin üzərinə düşdüyünü qeyd etsə də, məsələnin ləyaqətlə yanaşılmasının və bu məsuliyyəti dərk etməyin vacibliyini vurğulayır:
“Hər bir insan öz hərəkətlərinə görə məsuliyyət daşıyır və məsuliyyətdən yayınmaq cəmiyyətdə ləyaqətli davranış kimi qəbul olunmur. Lakin belə hallarda tənqidi şəxsin cinsiyyəti və ya obrazı üzərindən deyil, onun real davranışları üzərindən qurmaq daha əsaslı yanaşmadır. Təəssüf ki, dilimizdə hələ də “qadın kimi” istinadın alçaldıcı, “kişi kimi” istinadın isə ucaldıcı məna daşıdığı bənzətmələr geniş istifadə olunur. Bu yanaşmanın tədricən azalması yalnız gender əsaslı ayrı-seçkiliyin sistemli şəkildə aradan qaldırılması ilə mümkün olacaq”.
Hüquqi çərçivə və ictimai marağın sərhədi
“Bu praktika beynəlxalq səviyyədə “intiqam pornoqrafiyası” kimi tanınır. Bir çox beynəlxalq qurumlar təsdiq edir ki, Azərbaycanda bu, geniş yayılmış praktikadır. Xüsusilə jurnalistlər və hüquq müdafiəçiləri ifadə azadlığına görə belə üsullarla hədəfə alınır”, - hüquqşünas Röya Məlikzadə belə düşünür.
O, Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalist Xədicə İsmayılovanın işi üzrə qərarını xatırladır və məhkəmənin bu cür halları “ağlasığmaz hüquq pozuntusu” kimi qiymətləndirdiyini bildirir.
Məlikzadə şəxsi həyatın həm milli qanunvericilik, həm də Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərlə qorunduğunu deyir.
“Konstitusiyanın 32-ci maddəsi və Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığını təmin edir. Keçən ilin dekabrın 24-də Ali Məhkəmə şəxsiyyət hüquqlarının müdafiəsi haqqında plenum qərarı qəbul edib. Yəni, Azərbaycan əslində şəxsiyyət hüquqlarına normadan artıq diqqətlə yanaşır, normadan artıq müdafiə edir. Ölkə beynəlxalq konvensiyalar çərçivəsində də bu hüquqları qorumağa borcludur. Azərbaycanın imzaladığı konvensiyalar, tərəfdarı olduğu hüquqi institutlar onu göstərir ki, hökumətin şəxsi həyata hörmət etmək və həmçinin ölkədə gender bərabərliyini təmin etmək öhdəliyi var. Bunların ən birincisi qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyadır. Azərbaycan bunu imzalayıb və ratifikasiya edib”.
Məlikzadənin sözlərinə görə, bu mövzuda ən mühüm mexanizmlərdən biri də Avropa İnsan Hüquqları Konvensiyasıdır.
Bununla belə, o, ictimai maraq və şəxsi həyat arasında balansın vacibliyini vurğulayaraq deyir ki, ictimai fiqurlarla bağlı bəzi məlumatlar müzakirə predmeti ola bilər, amma əsas meyar həmin məlumatın ictimai debat üçün nə dərəcədə əhəmiyyət daşımasıdır.
“Əgər məqsəd sadəcə oxucunun marağını doyurmaqdırsa, bu, artıq hüquq pozuntusudur”.
Hüquqşünas Alyona Əliyeva ilə bağlı paylaşımları da bu çərçivədə qiymətləndirir. Hesab edir ki, onun vətəndaşlığı və ictimai statusu müzakirə oluna bilər, lakin şəxsi həyatı, geyimi və münasibətləri ictimai debat üçün əhəmiyyət daşımır.
Eyni zamanda, o, Mehman Hüseynovun davranışını da kontekstdə dəyərləndirməyin vacibliyini qeyd edir:
“Onun özünün şəxsi həyata hörmət hüququnun pozulduğunu iddia etməsi və hüquqi mexanizmlərə inamsızlığı belə reaksiyalara səbəb ola bilər. Amma bu, hüquqa zidd davranışı əsaslandırmır”.
Çıxış yolu nədir?
Ekspertlərin fikrincə, bu problem təkcə ayrı-ayrı hadisələrlə məhdudlaşmır və sistemli xarakter daşıyır. Azərbaycanda əvvəllər də ictimai fəalların və jurnalistlərin şəxsi həyatlarının ifşa olunması halları baş verib. Hazırda isə oxşar üsulların hakimiyyətə yaxın şəxslərə qarşı tətbiq olunduğu müşahidə edilir.
Şəhla İsmayıl qeyd edir ki, oxşar hallar inkişaf etmiş ölkələrdə də mövcuddur, lakin fərq reaksiyadadır:
“Fərq ondadır ki, belə hallara qarşı ictimai reaksiya və media etikası daha güclüdür. Bundan əlavə, mövcud hüquqi mexanizmlər bu cür hallara qarşı effektiv reaksiya verməyə və onların qarşısını almağa imkan yaradır. Ümumilikdə isə siyasi müzakirələrin şəxsi həyat üzərindən deyil, ictimai fəaliyyət və siyasət üzərində qurulması təşviq olunur və bu prinsiplərə riayət etməyən yanaşmalar zamanla peşəkar mühitdə legitimliyini itirir”.
Mütəxəssislər problemin həlli üçün bir neçə əsas istiqaməti önə çəkirlər: şəxsi həyatın ifşasına qarşı aydın ictimai mövqe formalaşdırılması, media etikası və gender-həssas yanaşmanın gücləndirilməsi, eləcə də qadınların ictimai həyatda təhlükəsiz iştirakının təmin olunması.
Çünki görünən odur ki, siyasi qarşıdurmalar dəyişsə də, istifadə olunan “silah” eyni qalır. Qadınlar zaman-zaman həm bu “silah”ın hədəfinə, həm də birinin digərini nüfuzdan salması yolunda “silah”ın özünə çevrilirlər.