15 Dekabr 2021
Mətni dəyiş
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan bəyan edib ki, Yerevan administrasiyası Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcək.
Unanyan sosial media hesabından verdiyi açıqlamada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistana xüsusi nümayəndə təyinatı ilə bağlı açıqlamasını dəyərləndirib.
Ermənistanın həmişə olduğu kimi heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazır olduğunu vurğulayan Unanyan bunun hökumətin proqramında yer aldığını bildirib.
“Bu kontekstdə Türkiyənin xarici işlər nazirinin münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndiririk. Biz təsdiq edirik ki, Ermənistan tərəfi dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək”, Unanyan deyib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında nazirliyinin 2022-ci il büdcəsi ilə bağlı danışıqlarda Ermənistan məsələsi üçün səfirlik deyil, xüsusi nümayəndə təyin edəcəyini bildirdiyini xatırladaraq deyib: “Azərbaycan da bunun çox doğru olduğunu bildirib. Biz hər bir məsələni Azərbaycanla koordinasiya edirik, danışırıq, onlarla birlikdə qərar veririk. Ermənistan bu son hadisələrdən ibrət götürüb sülh və əmin-amanlığa üstünlük versə, səfirlik də açıla bilər. Bu məsələdə yenə Azərbaycanla birlikdə qərar verəcəyik”.