Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
3 May 2026
Mətni dəyiş

Ölkə başçısı İlham Əliyev sonuncu dəfə razılaşdırılmamış suallarla Münhen Təhlükəsizlik Konfransında qarşılaşdı. Almaniyaya gedən Azərbaycan prezidenti fevralın 13-də ayaqüstü hökumətyönlü medianın suallarını cavablandırır. Ancaq ərazidə olan müstəqil media təmsilçilərinə sual vermək imkanı yaradılmır.

Prezidentin mühafizə xidməti jurnalist Emin Hüseynovun qarşısını kəsib onu oradan uzaqlaşdırmağa çalışır və bu zaman Emin Hüseynov Əliyevə “müstəqil medianın suallarını cavablandırın” çağırışı edir. İlham Əliyev buna cavab olaraq “Dünyada müstəqil media yoxdur” deyərək ərazidən uzaqlaşır.

Həmin vaxt Azərbaycan Dünya Mətbuat Azadlığı İndeksində sonuncu yerdən bir az qabaqda - 167-ci yerdə qərar tuturdu. 180 ölkə arasında 167-ci. Bir il sonra Azərbaycan daha 4 pillə geriləyib 171-ci yerə düşüb.

Prezidentin cavabı dolayısı ilə Azərbaycanda mətbuatın azad olmadığının etirafı idi. Elə bu cavabı çəkən jurnalistlər də sonradan onu efirə verməməklə bağlı tapşırıq almışdılar. Prezidentin çıxışı heç bir televiziya kanalında yayımlanmadı.

Azərbaycanda azad medianın olmadığının təsdiqi kimi.

Əlbəttə, 171-ci yerdən baxanda irəlidə azad mətbuatın olduğu ölkələr görünməyəcək. Amma bu görünməz azadlığı fransız jurnalist prezident ailəsinə xatırlatmışdı. Təxminən 2015-ci il olardı. Fransada rəsmi səfərdə olan Mehriban Əliyevaya yaxınlaşan fransalı jurnalist ona suallar ünvanlamışdı. Jurnalist “Siz Azərbaycanı tolerantlıq ölkəsi hesab edirsinizmi?” deyə soruşmuşdu. Mehriban Əliyeva “Əlbəttə, elədir” deyə cavab vermişdi. Jurnalist “Çünki hazırda Azərbaycanda çoxlu siyasi məhbus həbsxanadadır” demiş və elə bu vaxt birinci xanımın mühafizə xidməti araya keçib jurnalisti uzaqlaşdırmağa çalışmışdı. Fransız jurnalist isə “Biz Fransadayıq və sual verə bilərik. Siz bilirsiniz ki, jurnalistlər Fransada sual verə bilirlər?” demişdi. Lakin mühafizə xidməti “Sakit ol” deyərək onu dayandırmışdı.

Bəli, Fransada və eləcə də dünyanın digər ölkələrində jurnalistlər prezidentə və onun ailə üzvlərinə tənqidi suallar verə bilirlər. Amma Azərbaycanda jurnalistlər prezidentə sual vermirlər, onun etimadını doğruldurlar. Necə ki, Bayılda prezidentin göstərişi ilə jurnalistlərə tikilən binadan ev payını alan media işçisi “Etimadınızı doğruldacağıq” demişdi.

Bəs, prezidentin etimadını necə doğruldurlar? Onu tərifləyib problemli sahələrdən sual verməməklə.

Çünki dünyada (oxu: Azərbaycanda) müstəqil media yoxdur.

Fransada jurnalistlər prezidentə və onun ailəsinə tənqidi suallar verə bilirlər, amma Azərbaycanda prezident bu sualları həbs etdirdiyi jurnalistlərdən eşidir.

Məsələn:

  • İlk andiçmədə əlinizi basdığınız Konstitusiyanı sonradan öz xeyrinizə niyə iki dəfə dəyişdiniz?
  • Həmin vaxt bir əlinizi də Qurani-Kərimə basmışdınız. Hakimiyyətiniz boyunca niyə siyasi kəsimlə bərabər, dindar kəsim də siyasi məhbus həyatı yaşadı?
  • Konstitusiyanı dəyişdirdikdən sonra 5-ci dönəmdir prezident kürsüsündə yer alırsınız. Bu seçkilərdə olan qanun pozuntularını nə vaxtsa izləmisinizmi?
  • Hər dəfə seçkidən öncə qanunun tələbi ilə gəlirlərinizi bəyan etməlisiniz. Bəs, niyə bunu etmirsiniz?
  • Ailənizin biznesi korrupsiya araşdırmalarında yer alır. Milyardlarla ölçülən bu bizneslərin sərmayələri necə əldə olunub?
  • Yüksək vəzifələrə təyin etdiyiniz məmurlar da həm mətbuatda, həm də daha sonra Baş Prokurorluğun məlumatlarında korrupsiya cinayətlərində ittiham olunur. Bu şəxslərin bir çoxunu vəzifədə olarkən “yaxşı xidmətlərinə görə” təltif də etmisiniz. Sizin kadr seçiminiz və qiymətləndirməniz hansı meyarlara əsaslanır?
  • Konstitusiyaya görə, yeraltı və yerüstü sərvətlər xalqa məxsusdur. Bəs, niyə bu sərvətlər xalqın güzəranını düzəltmədi?
  • Hər il büdcədən ən çox vəsait ayrılan sahə müdafiədir. Bəs, niyə müharibə zamanı ordunun yeyəcəyindən tutmuş corabına qədər sadə xalq qarşıladı?
  • “Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” deyirdiniz. Bəs, niyə Şuşa da daxil bütün Qarabağda ən iri layihələri tendersiz şəkildə ailə şirkətləriniz götürür?
  • Heydər Əliyevin vəfatından sonra hakimiyyətə gəldiniz. 23 ildir hakimiyyətdəsiniz. Bəs, nə vaxt getmək fikriniz var?

Bu, prezidentdən soruşmaq istədiyimiz sualların bir hissəsidir. Bu və ya digər sualları ona vermək fürsətimiz olacaqmı? Hələ bilinmir.

“Bura Fransadır. Burada jurnalistlər sual verə bilirlər” cümləsinin “Bura Azərbaycandır. Burada jurnalistlər sual verə bilirlər” şəklində dəyişməsini bir gün görmək arzusu ilə…

Ülvi Həsənli
Nərgiz Absalamova
Elnarə Qasımova
Sevinc Vaqifqızı

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun