Nərgiz Absalamova yazır: Lənkəran Penitensiar Kompleksinin “təhlükəsizlik planı”: “İnşallah yanğın olmaz”

Nərgiz Absalamova yazır: Lənkəran Penitensiar Kompleksinin “təhlükəsizlik planı”: “İnşallah yanğın olmaz”
21 Aprel 2026
Mətni dəyiş

6 saylı Cəzaçəkmə Müəssisəsində baş verən yanğının səsi Lənkəran Penitensiar Kompleksindən gəldi. Bu günlərdə müəssisə əməkdaşlarının başı 6 saylıdan köçürülən 18 nəfər məhkumu yerbəyer etməyə qarışıb. Bəs yanğından xilas olan məhkumların köçürüldüyü kompleksin yanğın təhlükəsizliyi necə? Qorunurmu?

Hazırda qadın korpusunda saxlanılan 14 məhkum Lənkəran Penitensiar Kompleksinin cərimə təcridxanasında cəza çəkir. Bir mərtəbədən ibarət bu binanın nə əlavə çıxış qapısı var, nə də yanğından təxliyə planı. Əvvəl divarda təxliyə planı olan lövhə asılsa da, məhkumlar “biz niyə cərimə təcridxanasında saxlanılırıq” - deyə sual verəndən sonra lövhə yerli-dibli yoxa çıxdı. Sanki lövhəni götürməklə binanın təyinatı dəyişir. Binanın boş divarlarında yanğın təhlükəsizliyi ilə bağlı da heç bir təlimat yoxdur. Yalnız 6 saylı CÇM-də baş verən yanğından sonra korpusa 1 ədəd yanğınsöndürən balon gətirilib.

Kompleksin əməkdaşlarına sual verəndə ki, “Bəs burada yanğın olarsa, nə edəcəksiniz?” “Elə demə, olmaz inşallah” deməklə kifayətlənirlər. Yəni, burada yanğın olarsa, əməkdaşlar daxil heç kim nə edəcəyini bilmir.

Həftənin cəmi 4 günü korpusda nəzarətçi olur. Digər 3 gün, əsasən də gecələr korpus nəzarətçisiz qalır. Axşam saat 10-da rəisin növbətçi köməkçisi gələrək məhkumların saxlanıldığı kameraların qapısını bir-bir kilidləyib gedir və səhər saat 6-da yenidən açır. Əlavə olaraq korpusun qapısı da bağlanılır.

Bir müddət əvvəl Nəzarət Buraxılış Məntəqəsinin (NBM) əməkdaşı səhər kameraların qapısını açmadığı üçün məhkumlar onu xeyli səsləsələr də, eşitmədi. Məhbusların işçi heyəti ilə təxirəsalınmadan əlaqə yaratmaq üçün siqnalizasiya sistemi nəzərdə tutulmalıdır. Burada bu sistem olmadığı üçün məhkumlar əməkdaşları pəncərədən qışqıraraq çağırmalı olurlar.

Hər korpusun öz Nəzarət Buraxılış Məntəqəsi var. NBM korpusdan 30 metr aralıdadır. Adətən qapı-pəncərəsi bağlı olduğu üçün əməkdaş korpusdan gələn səsləri eşitmir.

Həmin gün də hasarın o tərəfindəki mətbəxə gələn kişi məhkumlar qadınların səsini eşidib NBM əməkdaşına xəbər vermişdilər. Bundan sonra qapılar açılmışdı. İndi təsəvvür edin ki, yanğın baş verərsə, növbədə olan və 24 saat işləyən yeganə əməkdaş nə qədər ayıq-sayıq olub özünü korpusa yetirəcək?

Lənkəran Penitensiar Kompleksi 1 ildən çoxdur istismara verilsə də, naqilləri keyfiyyətsiz və zəifdir. Bu səbəbdən korpusda adətən işıqlar atır. Tez-tez nəzarətçilərin “tokları yükləməyin, taxdıqlarınızı çıxarın” deməsini eşidirik. Feni işlətmək üçün elektrikli çaydanın qaynamasını gözləyir və ya çayın qaynaması üçün soyuducuları cərəyandan çıxarmalı olurlar. Bir müddət əvvəl işıq atanda onu qoşmağa çalışan nəzarətçini yüngül cərəyan vurdu.

6 saylı CÇM-də baş verən yanğından sonra naqillər üzərində iş aparıb “daha işıq atmayacaq” - dedilər. Amma dedikləri kimi olmadı və 2 gün sonra yenə işıqlar “atmağa başladı”.

Yanğının ilk carçısı olan siqnalizasiya sistemidir. Tüstüyə həssas siqnal sistemi nə otaqlarda, nə də yeməkxanada var. Dəhlizdə, kitabxanada və bir neçə yerin tavanında olan yanğın detektorunun işləyib-işləmədiyini yoxlamaq üçün stulun üzərinə çıxıb qalın bir kağız yandırdım. Yanan kağızı bir-neçə dəqiqə detektora yaxınlaşdırıb tutsam da, işə düşmədi.

Avropa təcrübəsində həbsxanalarda fövqəladə vəziyyətdə qapıların avtomatik açılması üçün sistem qurulub. Azərbaycandakı müəssisələrdə belə texnologiyalar olmadığı üçün məhkumların tək ümidi korpusda canını götürüb qaçmayan, qapıları tək-tək cəld aça bilən ayıq əməkdaşın olmasıdır.

Ədliyyə Nazirliyinin 31 may 2001-ci ildə qeydiyyata aldığı “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”na görə, hər bir müəssisədə yanğın baş verdiyi zaman insanların təhlükəsizliyi təmin olunmalıdır. Bundan əlavə, hər bir obyekt üçün yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər əvvəlcədən hazırlanmalıdır.

Gecə vaxtı insanların olduğu obyektlərdə (məsələn, uşaq bağçaları, internat tipli məktəblər, xəstəxanalar və s.) köçürülmə (təxliyə) təlimatı iki fərqli variantda tərtib edilməlidir.

Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun şəkildə quraşdırılmalı və daim saz, hazır vəziyyətdə saxlanılmalıdır.

Korpusda bütün kameraların döşəmələri və avadanlıqları taxtadandır. Buna görə ilk qığılcımda yanğın alovlana bilər. Amma otaqlarda təhlükəsizliklə bağlı hər hansısa bir cihaz və ya avadanlıq yoxdur. Tələb edəndə də nəzarətçilər bu sözü təkrarlayırlar: “Niyə pis şeylər fikirləşirsiniz? İnşallah yanğın olmaz”.

Nərgiz Absalamova

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun