Həftənin hərbi-siyasi icmalı: Azərbaycan-ABŞ hərbi sövdələşməsi və erməni məhbusların taleyi

Həftənin hərbi-siyasi icmalı: Azərbaycan-ABŞ hərbi sövdələşməsi və erməni məhbusların taleyi
18 May 2026
Mətni dəyiş

Ötən həftənin ən çox müzakirə olunan mövzularından biri ABŞ-də fəaliyyət göstərən Atlantik Şurasının Vaşinqtonun Azərbaycanla mümkün siyasi razılaşmasına dair irəli sürdüyü təklif olub. Təklifə əsasən, Azərbaycanda saxlanılan siyasi məhbusların və Qarabağ separatçılarının azadlığa buraxılması qarşılığında Bakıya tətbiq olunan silah satış məhdudiyyətləri ləğv edilə bilər.

Atlantik Şurası hesab edir ki, belə bir razılaşma həm ABŞ-Azərbaycan münasibətlərinin yaxınlaşmasına, həm də regionda sülh prosesinə təsir göstərə bilər. Bəs bu təklif nə dərəcədə real görünür? “Abzas Media” müxtəlif ekspertlərin rəylərini təqdim edir.

ABŞ Azərbaycanla sövdələşə bilərmi?

Keçmiş diplomat və siyasi şərhçi Nahid Cəfərov bildirir ki, məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır.

“Əvvəlcə Atlantik Şurasının Tramp hakimiyyəti üçün əhəmiyyətini anlamaq lazımdır. Bu qurum əsasən Avro-Atlantik inteqrasiyanı vacib sayan və NATO ilə birbaşa bağlı olan beyin mərkəzidir. Onun baxışları Trampın yürüdüyü xarici siyasətlə bəzi məqamlarda uzlaşmır. Buna görə də belə bir qurumun Tramp administrasiyası üçün hazırladığı təklifin nəzərə alınıb-alınmayacağı ciddi sual altındadır”, – deyə Cəfərov bildirib.

Onun sözlərinə görə, əgər təklif nəzərə alınarsa, bu, Azərbaycan–ABŞ münasibətlərinə, xüsusilə də hərbi əməkdaşlığa ciddi təsir göstərə bilər.

“İlham Əliyevin beynəlxalq tərəfdaşlara əsas mesajlarından biri daxili işlərə qarışılmamasıdır. Bu prinsip indiyədək bütün beynəlxalq əməkdaşlıqlarda tətbiq olunub. Digər tərəfdən, əgər Tramp Atlantik Şurasının təklifini nəzərə alsa, İlham Əliyev üçün bunu qəbul etmək struktur baxımından ciddi problem yaratmır. Çünki ölkədaxili siyasi proseslər birbaşa hakimiyyətin nəzarətindədir və həbs olunan şəxslərin azadlığa çıxması hakimiyyət üçün təhlükə hesab edilmir. Üstəlik, hakimiyyət artıq həbsdə olan fəalların və jurnalistlərin maliyyə kanallarını bağlayıb. Buna görə də belə bir şərtin tətbiq olunacağı ehtimalı az olsa da, tətbiq edilərsə, Əliyevin onu qəbul etmə ehtimalı yüksəkdir”, – deyə o vurğulayıb.

AXCP sədrinin müavini Seymur Həzi isə hesab edir ki, burada əsas məsələ silahlanmanın və məhbusların azadlığa buraxılmasının hansı strateji məqsədə xidmət etməsidir.

“Rusiya və İran kimi qonşular fonunda, həmçinin Ermənistan və Gürcüstanla birlikdə regional hərbi gücün artırılması vacibdir. Eyni zamanda siyasi məhbusların və müharibə zamanı ələ keçirilmiş hərbi cinayətkarların azadlığa buraxılması həm daxildə ictimai münasibətləri yumşalda, həm də Ermənistanla sülhü möhkəmləndirə bilər. Amma məsələ taktiki xarakter daşımamalıdır. Davamlılıq əsas şərtdir. Yəni yeni siyasi məhbusların yaranmayacağına dair öhdəlik olmalıdır. Bundan əlavə, Rusiya ilə münasibətlərin tam aydınlaşması vacibdir. Bu şərtlərlə mən bunu yaxşı başlanğıc hesab edirəm”, – deyə Seymur Həzi bildirib.

Siyasi təhlilçi Rauf Mirqədirov isə qeyd edir ki, ABŞ-nin Azərbaycana münasibətdə tətbiq etdiyi 907-ci düzəliş tarixi baxımdan ədalətsiz qərar idi.

“Bu məhdudiyyət Qarabağ münaqişəsinin başlanğıc dövründə tətbiq edilmişdi və birbaşa münaqişə ilə bağlı idi. Şübhəsiz ki, onun aradan qaldırılması müsbət addım olardı. Amma 907-ci düzəlişin tam ləğvi ABŞ Konqresindən asılıdır. Amerika qanunvericilik sistemini bilənlər yaxşı anlayır ki, bu ölkədə qanun qəbul etmək onu ləğv etməkdən daha asandır. Elə buna görə də ABŞ administrasiyaları bu düzəlişi tam ləğv etmək əvəzinə, sadəcə tətbiqini dayandırırdılar. Hesab edirəm ki, Azərbaycanla bağlı qanunvericilik səviyyəsindəki məhdudiyyətlərin aradan qaldırılması kifayət qədər mürəkkəb olacaq. Çünki Konqresdə həm demokratlar, həm də respublikaçılar arasında buna qarşı çıxan kifayət qədər qüvvələr var”, – deyə Mirqədirov bildirib.

O, prinsip etibarilə ABŞ və Azərbaycan arasında belə bir sövdələşmənin mümkün olduğunu düşünür. Mirqədirovun sözlərinə görə, əgər belə bir sövdələşmə olarsa və doğrudan da ABŞ Azərbaycana hərbi sahədə yardımlar edərsə, Azərbaycan hakimiyyəti bunu özünün böyük bir qələbəsi kimi cəmiyyətə təqdim edə və əvəzində özünün “humanistliyini” nümayiş etdirib insanları azadlığa buraxa bilər.

Ekpert eyni zamanda hesab edir ki, yaxın zamanlarda Azərbaycanla ABŞ arasında geniş miqyaslı hərbi-texniki əməkdaşlığın baş verəcəyinə ümid etmək doğru olmaz. Onun fikrincə, ABŞ-də xüsusilə də silah və hərbi texnika satışı ilə bağlı məsələrdə ciddi məhdudiyyətlər var və bu qanunvericiliklə nizamlanır. “Beləcə ABŞ-nin Azərbaycana çox məhdud çeşidli silah satışı ola bilər”, - deyə o bildirir.

Erməni məhbusların taleyi necə olacaq?

Atlantik Şurasının təklifində Azərbaycanda saxlanılan erməni məhbusların azadlığa buraxılması məsələsi də yer alır. Nahid Cəfərov hesab edir ki, bu mövzu Tramp administrasiyası üçün daha aktual ola bilər.

“Atlantik Şurasının ümumi konsepsiyası Trampın xarici siyasəti ilə tam uyğun gəlməsə də, erməni məhbuslarla bağlı məsələ fərqlidir. Məncə, Trampın bu təklifi nəzərə alma ehtimalı daha yüksəkdir. Əgər belə bir proses başlasa, Azərbaycan tərəfi böyük ehtimalla buna razılaşacaq. Hakimiyyətə yaxın media bunu ya humanist addım kimi təqdim edəcək, ya da ümumiyyətlə mövzunu diqqətdən kənarda saxlayacaq. Medianın hakimiyyətin nəzarətində olması İlham Əliyevə geniş manevr imkanları verir. Buna görə də prosesləri proqnozlaşdırmaq çətindir və çox şey İlham Əliyevin şəxsi siyasi hesablamalarından asılıdır”, – deyə o bildirib.

Seymur Həzi isə düşünür ki, belə bir razılaşmanın baş tutması üçün təkcə ABŞ Konqresi ilə deyil, Azərbaycan hakimiyyəti ilə də etimadlı münasibətlər qurulmalıdır.

“Əgər tərəflərin məqsədi həqiqətən regional təhlükəsizlik, insan haqları və demokratiyanın bərpasıdırsa, o zaman razılaşma mümkündür”, – deyə o qeyd edib.

Rauf Mirqədirov isə siyasi məhbusların azadlığa buraxılması ilə bağlı bütün təşəbbüsləri müsbət qiymətləndirdiyini deyir.

“Azərbaycanda qeyri-adi hadisə baş verməsə, yaxın vaxtlarda daxili ictimai təzyiq nəticəsində siyasi məhbusların azadlığa buraxılacağını gözləmək çətindir. Buna görə də bu istiqamətdə bütün təşəbbüslər vacibdir. Məsələn, 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyi Sammitindən də bu məqsədlə istifadə etmək olar. İlham Əliyev xarakter olaraq öz eqosunun əsirlərindən olan siyasətçidir. O, sözsüz ki, Azərbaycana bu il Yerevana toplaşandan daha çox və daha nüfuzlu Avropa liderlərinin gəlməsini istəyəcək. Bu baxımdan, siyasi məhbusların azadlığı məsələsi Avropa liderləri tərəfindən Bakı ilə danışıqlarda alver predmedinə çevrilə bilər. İstifadə etdiyim söz bəlkə də o qədər də xoşagələn deyil. Amma təəssüflər olsun ki, vəziyyət hansısa səbəblərə görə dəyişilməzsə, bu gün hələlik ki, başqa vasitə yoxdur”, – deyə Mirqədirov bildirib.

O, eyni zamanda erməni məhbuslarla siyasi məhbusların eyniləşdirilməsinin düzgün olmadığını vurğulayıb.

“Azərbaycanda mühakimə olunmuş və ya məhkəmə gözləyən erməniləri siyasi məhbus saymaq çətindir. Çünki onların törətdikləri əməllərə baxanda hətta bundan dəfələrlə yüngül hərəkətlər, seperatizm meylləri Avropa ölkələrində cinayət sayılır və buna görə insanları cinayət məsuliyyətinə cəlb edirlər.. Məsələn, ən son İspaniyada baş vermiş hadisələri yada salmaq olar. Kataloniyanın müstəqilliyi barədə söhbət edən siyasi partiyanın nümayəndələrini həbs etməyə çalışırdılar. Onlar ölkədən qaçmaq məcburiyyətində qaldılar. Azərbaycanda həbs olunmuş, mühakimə edilmiş ermənilər isə bütün mədəni dünyada cinayət sayılacaq əməllər törədiblər, qeyri-qanuni dövlət orqanları, qeyri-qanuni həbi birləşmələr yaradlblar, hərbi əməliyyatlar vasitəsilə ölkənin bir hissəsinin ayrılmasının gerçəkləşməsinə çalışıblar. Bunlar Fransada da, İngiltərədə də, İspaniyada da hesab olunur. Buna görə də onları yalnız siyasi fəaliyyətinə, hakimiyyətə müxalif olduğuna, söz azadlığı, demokratiya, insan haqlarına hörmət tələb etdiklərinə görə həbs olunmuş şəxslərlə eyniləşdirmək doğru deyil. Bununla belə erməni məhbusların da ədalətli məhkəmə haqları var. Amma təəssüf ki, Azərbaycanda ümumiyyətlə ədalətli məhkəmə yoxdur ”, – deyə o bildirib.

Silah, yoxsa iqtisadi inkişaf?

Ermənistanla müharibə başa çatsa da, Azərbaycan hərbi büdcəni artırmağa və yeni silahlar almağa davam edir. Ekspertlər bu siyasətin nə dərəcədə əsaslı olduğunu da şərh ediblər.

Seymur Həzi hesab edir ki, Azərbaycan üçün əsas təhlükə artıq Ermənistan deyil.

“Hazırda əsas risk mənbələri Rusiya və İrandakı aqressiv, imperialist dairələrdir. Bu səbəbdən silahlanma hələ də vacibdir. ABŞ kimi yüksək texnologiyalara bir ölkə ilə bu işi aparmaq isə vacibdir”, – deyə o bildirib.

Nahid Cəfərov region ölkələrinin silahlanmasının “təhlükəsizlik dilemması” ilə izah oluna biləcəyini deyir. Onun fikrincə, Ermənistan və Azərbaycan nümunələrində bunu aydın görmək olar.

“Siyasi ədəbiyyatda geniş izah olunan “təhlükəsizlik dilemması” konsepsiyası indiki durumu daha aydın izah edə bilir. Konsepsiyaya görə, 2 qonşu dövlətin əsl niyyəti müharibə olmasa da, birinin silahlanması digərinin təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirilir və bu da digərinin silahlanmasına şərait yaradır. Sonda, bu iki dövlət mehriban qonşuluq şəraitində yaşasalar da, silahlanma rəqabətinə görə iki qonşu arasındakı müharibə qaçılmaz olur”, - deyə Cəfərov bildirib.

Cəfərov əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan Ukrayna müharibəsindən sonrakı dövrə hazırlaşır.

“Hər iki ölkə anlayır ki, Rusiya–Ukrayna müharibəsinin nəticəsindən asılı olmayaraq, Cənubi Qafqaz Moskvanın növbəti təsir hədəflərindən biridir. Buna görə də Ermənistan və Azərbaycan həm iqtisadi, həm də hərbi sahədə çoxşaxəli siyasət yürüdərək bu təsiri minimuma endirməyə çalışırlar”, – deyə o bildirib.

Onun fikrincə, Azərbaycanda büdcə vəsaitlərinin hansı sahəyə yönəldilməsindən asılı olmayaraq, şəffaflıq problemi onların effektivliyini sual altında qoyur.

Rauf Mirqədirov isə hesab edir ki, hazırkı şəraitdə iqtisadi prioritetlər daha vacibdir.

“Müharibə bitib, hökumətin biabırçı siyasəti nəticəsində Azərbaycanda iqtisadi vəziyyəti çox ağırdır və statistik rəqəmlər göstərir ki, iqtisadi geriləmə başlayıb. Belə şəraitdə büdcə xərclərinin optimallaşdırılması və əsas sahələrə yönəldilməsi vacibdir.Belə bir vəziyyətdə büdcə xərclərinin optimallaşdırılması, azaldılması və onların əsas istiqamətlərə yönəldilməsi çox vacibdir”, – deyə o bildirib.

Mirqədirovun sözlərinə görə, əsas prioritetlər işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun qurulması, yaşayış şəraitinin yaradılması, iş yerlərinin açılması və iqtisadi təşviqlərin təmin edilməsidir və və bunlar hamısı çox böyük pullar tələb edir.

Ekspert qeyd edib ki, Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşir və təhlükələr tam aradan qalxmayıb.

“Söhbət artıq Ermənistan–Azərbaycan münaqişəsinin özündən yox, bu münaqişədən istifadə edən regional güclərdən gedir. Azərbaycanı birbaşa təhdid edən dövlətlər də mövcuddur. Belə şəraitdə müdafiə qabiliyyətinin artırılması təbiidir. Amma ölkə eyni zamanda daxili iqtisadi inkişafı da yaddan çıxarmamalıdır”, – deyə o bildirib.

Mirqədirov hesab edir ki, region ölkələri yalnız Türkiyə ilə birlikdə regional təhlükəsizlik mexanizmi yaratdıqları halda özlərini daha təhlükəsiz hiss edə bilərlər.

“Əks halda, Cənubi Qafqazın üç dövləti ayrı-ayrılıqda və ya birlikdə mövcud regional təhdidlərə tam şəkildə cavab vermək iqtidarında deyil”, – deyə o bildirib. 

Müəllif: Cəsur Məmmədov

 

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun