Güclü yağış magistratura imtahanında gecikmələrə və narazılığa səbəb olub, DİM əlavə imtahan təyin edib

Güclü yağış magistratura imtahanında gecikmələrə və narazılığa səbəb olub, DİM əlavə imtahan təyin edib
18 May 2026
Mətni dəyiş

Bakıda müşahidə olunan güclü yağış və yollarda yaranan problemlər magistraturaya qəbul imtahanında iştirak edən bəzi bakalavrların imtahan mərkəzlərinə vaxtında çatmasına mane olub. Sosial şəbəkələrdə yayılan paylaşımlarda iştirakçıların bir qisminin gecikdiyi üçün imtahana buraxılmadığı iddia edilib.

Mayın 17-də keçirilən magistraturaya qəbul imtahanı güclü yağış səbəbindən narazılıqlarla yadda qalıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda imtahan verən gənclərin yaxınları və valideynləri bəzi bakalavrların əlverişsiz hava şəraitinə görə imtahan binalarına vaxtında çata bilmədiyini bildiriblər.

İddialara görə, Dövlət İmtahan Mərkəzinin (DİM) gecikən iştirakçıların imtahana buraxılması ilə bağlı qərarına baxmayaraq, bəzi imtahan mərkəzlərində qapılar gecikənlərin üzünə bağlanıb və onlar içəri buraxılmayıblar.

İmtahana gecikən iştirakçılardan biri sosial şəbəkədə paylaşımında bildirib ki, Lökbatan qəsəbəsindən Azadlıq prospektində yerləşən Kooperasiya Kollecinə çatmaq üçün yola erkən çıxsa da, güclü yağış və nəqliyyat problemi səbəbindən imtahana gecikib.

“Hamımız suyun içində qalmışdıq. Maşın tuneldə dayandı, ona görə başqa taksi çağırmağa çalışdım. Taksilər də yox idi”, - o qeyd edib.

Digər iştirakçı isə hava şəraiti və şəhərdə keçirilən forum səbəbindən yolların bağlandığını, buna görə bir çox tələbənin imtahanda iştirak edə bilmədiyini deyib.

Narazılıqlardan sonra Dövlət İmtahan Mərkəzi məsələ ilə bağlı açıqlama yayıb. Qurum bildirib ki, Bakı, Abşeron və Sumqayıt ərazilərində müşahidə olunan əlverişsiz hava şəraiti nəzərə alınaraq imtahanın başlanma vaxtı dəyişdirilib və gecikən iştirakçılar üçün əlavə vaxt ayrılıb.

DİM-in məlumatına görə, ilkin olaraq iştirakçıların saat 10:00-dək imtahan binasına buraxılması, imtahanın isə saat 10:15-də başlaması qərara alınıb. Daha sonra imtahan mərkəzlərindən daxil olan məlumatlar əsasında gecikən bütün iştirakçıların imtahana qəbul edilməsi və imtahanın saat 10:30-da başlaması barədə əlavə qərar verilib.

Qurum qeyd edib ki, Bakı, Abşeron və Sumqayıtda yerləşən 78 imtahan binasında imtahan iştirakçılarının imtahana başlaması saat 10:30-10:45 aralığında təmin olunub.

Rəsmi məlumata əsasən, həmin regionlarda qeydiyyatdan keçmiş 19 min 746 nəfərdən təxminən 17 min 912-si imtahanda iştirak edib. Bu, ümumi iştirakçı sayının 90,7 faizini təşkil edir.

DİM həmçinin bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı, Abşeron və Sumqayıtda magistraturaya qəbul imtahanının ikinci cəhdi 14 iyun 2026-cı ildə keçiriləcək. Mayın 17-dəki imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar 21–23 may tarixlərində qurumun saytında yenidən qeydiyyatdan keçə biləcəklər.

Qeyd olunub ki, buraxılış vərəqəsi əldə edib, lakin hava şəraiti səbəbindən imtahanda iştirak edə bilməyən bakalavrlar üçün təkrar imtahan ödənişsiz olacaq. Digər iştirakçılar isə müəyyən edilmiş qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun