Hakimlər Xəyalə Ağayevanın ifadəsini yarıda kəsib: “Balaca Heydərin adına 75 milyonu xaricə çıxarmaq qaçaqmalçılıq deyildi?”

Hakimlər Xəyalə Ağayevanın ifadəsini yarıda kəsib: “Balaca Heydərin adına 75 milyonu xaricə çıxarmaq qaçaqmalçılıq deyildi?”
22 May 2026
Mətni dəyiş

Mayın 22-də “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərlə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə “Meydan TV”nin jurnalisti Xəyalə Ağayeva ifadə verməyə başlayıb. Onun çıxışı zamanı hakimlər Aytən Əliyeva, Elmin Rüstəmov və Vüqar Quliyev bir neçə dəfə müdaxilə edib. Xüsusilə prezident İlham Əliyevin adı çəkiləndə hakimlərin reaksiyası diqqət çəkib.

“Meydan TV” jurnalist Xəyalə Ağayevanın yarımçıq saxlanılan çıxışını dərc edib.

Xəyalə Ağayeva çıxışında bildirib:

“Bu həftə Bakıda Ümumdünya Şəhərsalma Forumu keçirilir. Xarici ölkələrdən gələn qonaqlar şəhərimizin dekorativ küçələri ilə tanış olur. Ölkə başçısı onlara Bakının tarixinin və memarlıq irsinin qorunmasından danışır. Deyir ki, biz qədim irsimizlə qürur duyuruq. Lakin paytaxtın xatirələrinin necə dağıdılmasından, tarixi binaların yerlə-yeksan edilməsindən sirr vermir.

Onun gizlədiklərindən danışmaq yenə bizə düşür. Həbsimizdən həmən öncə çəkdiyim, amma hakimiyyətin yayımlamağa macal vermədiyi son süjetimiz elə Bayırşəhərlə bağlıydı. Polisin evə basqınla əl qoyduğu görüntülərdə şəhərin məhv edilməsi üçün işarələnmiş tarixi yer alır.

Həmin vaxt Bakını sevməyənlərin üzərinə qara ləkə yaxdığı tarixi binalar sökülmə təhlükəsindəydi. Ötən 18 ay ərzində bu mövzu gündəmdən düşmədi. Sakinlər dəfələrlə etiraz etdi, “Bayırşəhəri Qoruyaq” təşəbbüs qrupu söküntülərə mane olmaq üçün prezidentə müraciət etdi. Bütün bu səslərə qulaq qapadıqdan sonra cari ili “memarlıq ili” adlandırmaq, üstünə bir də şəhərsalma nağılları danışmaq böyük təzaddır.

Bu həftə foruma gələn xarici qonaqlar Ağ Şəhərdə gəzdirilərkən Bayırşəhərdə tarix artıq dağıntılar altındaydı. Və biz “Meydan TV”nin 13 yaşını tikinti mühitinin arxasında qeyd edirdik. Çünki eyni mərkəzdən gələn göstərişlə həbs olunmuşuq və saxta məhkəmə qarşısına çıxarılırıq. Bu məhkəmə prosesi illər ərzində olan çalışmalarımızın meyvəsidir.

Bu proses İlham Əliyev diktaturası dövründə ərsəyə gətirdiyimiz alternativ media teoriyasının praktiki nümayişidir.

Biz daim iqtidarın siyasi nəzarət şəbəkəsindən sıyrılmağa və məlumat axınının önünə çəkilən səddi dağıtmağa çalışmışıq. Fəaliyyətimiz hökumətin basqı və manipulyasiyasının gözünə silah tək tuşlanıb. Problemlərdən danışmaqla problem çıxarmış, YAP hakimiyyətinin azərbaycanlıların səsini tamamilə kəsmək planlarını pozmuşuq. Məramımız ölkənin bütün kəsimlərinə xitab etmək, rəsmilərin yalanlarını ifşa etmək, insanlara layiq olduqları və ehtiyac duyduqları doğru xəbəri çatdırmaq olub. Ölkədəki yarıtmaz və cinayətkar idarəetmədən danışarkən heç bir kəsi öz tənqidimizdən yüksəkdə tutmamışıq.

“Meydan TV işi” bu tənqidi səsin - müstəqil mətbuatın tam bağlanması yolunda Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədə verdiyi növbəti siyasi sifarişdir. Bizdən əvvəl “Abzas Media”, “Toplum TV” jurnalistlərinin, müstəqil vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının da başına bənzər repressiv tədbirlər gətirilib.

“Meydan TV işi”ni ittiham tərəfi müxtəlif cinayətlərin strukturunu uğursuz qaydada formalaşdırmağa çalışaraq uydurub. İş materiallarının hər sətri “sifarişdir” deyə çığır-bağır salır. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) “Şerlok Holms”ları bu mütəşəkkil dəstənin əleyhinə heç bir sübut tapmadığı üçün xaricə etdiyimiz səfərləri qaçaqmalçılıq kimi qələmə verməyə çalışıb.

Məsələn, mən 28 yaşıma qədər bütün gediş-gəlişlərimdə sərhəd keçid məntəqəsində yoxlanılmışam və heç bir pozuntu aşkarlanmayıb. Gəlin, sizə orada heç yoxlanılmamış bir şəxsdən danışım.

Mənimlə həmyaşıd balaca Heydər hələ 9 yaşında ikən adına 75 milyon dollarlıq Dubay mülkləri alınmışdı. Bu, həmin 2006-cı ildə baş verib ki, hökumətimiz ölkədə uşaqpulunun verilməsini dayandırıb. Bəs, eyni vaxtda öz uşaqları üçün milyonlarla pulu xaricə necə çıxarmışdılar? Bu, qaçaqmalçılıq deyilmi?

Bizim mühakiməmizdə hökumətin sifarişini icra edən dövlət ittihamçısı Ergin Qafarov versin bu sualları Heydər Əliyevə. O, artıq böyüyüb, cavab vermək iqtidarındadır.

“Meydan TV”nin və digər müstəqil media mənsublarının çoxsaylı təhqiqatlarında Azərbaycanın ən yüksək vəzifəlilərinin milyonlarla dəyəri olan London mülkləri barədə məlumat verilib.

Prokurorluq əməkdaşları, polislər, hakimlər bu mülklərin hansı vəsaitlər hesabına xaricə çıxarıldığını araşdırıblarmı? Daha doğrusu, heç olmasa bunu düşünmək cəsarətinə sahibdirlərmi?

‘Meydan TV”nin yaydığı digər bir məlumat Azərbaycan hakimiyyətinin Avropa Şurasındakı deputatları pulla ələ almasına həsr olunub. Bu cinayətkar məqsədlər üçün hökumət təqribən 3 milyard dollar məbləğində pulu rüşvət qismində deputatlara verib. Və ləyaqətini satışa çıxaran həmin deputatlar gizli yolla Azərbaycan hökuməti ilə eyni mövqedən çıxış ediblər”.

Jurnalistin ifadəsi bir neçə dəfə yarımçıq kəsilib. Ona çıxışını sonadək davam etdirməyə imkan verilmədiyi bildirilir. AŞPA ilə bağlı hissəyə çatdıqda hakimlər ayağa qalxaraq zalı tərk edib. Bundan sonra məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu iş üzrə jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aytac Tapdıq, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov 2024-cü ilin dekabrında saxlanılıb. 2025-ci ildə isə “Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa, jurnalistlər Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli və foto-müxbir Əhməd Muxtar da həbs olunub.

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) ittiham irəli sürüldüyü, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun