Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il Dünya Çempionatı zamanı İranın İslam İnqilabından əvvəl istifadə olunan bayrağının stadionlarda nümayişini yenidən qadağan etməyə hazırlaşır.
Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Bildirilir ki, FIFA stadion davranış qaydalarına əsaslanaraq siyasi, təhqiredici və ya ayrı-seçkilik xarakterli bayraq, plakat və digər simvolların yarış məkanlarına gətirilməsini qadağan edir.
Qətərdə keçirilən 2022-ci il dünya çempionatı zamanı bu qaydanın tətbiqi ardıcıl olmasa da, 2026-cı ildə qadağanın bütün stadionlarda vahid şəkildə icra ediləcəyi gözlənilir.
Məlumata görə, İran Futbol Federasiyası milli komandanın turnirdə iştirakı ilə bağlı FIFA-ya bir sıra tələblər təqdim edib. Həmin tələblər arasında “İran bayrağına hörmət” məsələsi də yer alıb. FIFA isə İran futbol rəsmiləri ilə aparılan son danışıqları “mükəmməl” və “konstruktiv” adlandırıb.
İran əsilli belçikalı deputat Dərya Safai “Radio Fərda”ya bildirib ki, qadağa diaspor nümayəndələrini dayandırmayacaq.
“Əgər israr etsəniz və oturduğunuz yerdə bayrağı qaldırsanız, heç nə edə bilməzlər. Mən həmişə demişəm: bu mənim həqiqi bayrağımdır və mən burada oturacağam”,- o deyib.
Safai İran İslam Respublikasının rəsmi bayrağını sovet simvolları ilə müqayisə edib.
“İslam Respublikasının bayrağı ideoloji bayraqdır, kommunizmin çəkic və oraq simvoluna bənzəyir. Bu, İran xalqının həqiqi bayrağı deyil”, - deputat bildirib.
Söhbət İranın keçmiş üçrəngli bayrağındakı “şir və günəş” emblemi olan simvoldan gedir. Bu nişanın kökləri XII əsr fars heraldikasına gedib çıxır və 1906–1907-ci illər Konstitusiya İnqilabından sonra İranın rəsmi dövlət rəmzinə çevrilib.
1980-ci ildə İslam Respublikası hakimiyyətə gəldikdən sonra həmin emblem yeni simvolla əvəz olunub. Yeni rəmz eyni anda laləni, qılıncı və ərəb qrafikasında “Allah” sözünü xatırladan stilizə edilmiş işarədən ibarətdir. Bayrağın kənarlarında isə “Allahu Əkbər” ifadəsi 22 dəfə təkrarlanır ki, bu da İran təqvimi ilə inqilabın tarixini simvolizə edir.
Sonrakı illərdə əsrlər boyu İran kimliyinin simvolu olmuş “şir və günəş” nişanı əsasən monarxiya tərəfdarlarının rəmzinə çevrilsə də, müxtəlif müxalif qruplar tərəfindən də İslam Respublikasına qarşı müqavimətin simvolu kimi istifadə olunur.
İran millisi dünya çempionatının G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq. Turnir iyunun 11-də başlayacaq.