ABŞ prezidenti Donald Tramp İranla münaqişədə iki həftəlik atəşkəs elan edib. Onun sözlərinə görə, bu qərar Tehranın dərhal Hörmüz boğazını açması şərti ilə qüvvəyə minəcək.
Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, atəşkəs qarşılıqlı olacaq: “İrandan 10 bəndlik təklif almışıq və bunu danışıqlar üçün işlək əsas hesab edirik”.
İran hakimiyyəti də atəşkəsə razılıq verdiyini təsdiqləyib. Tehranın rəsmi bəyanatında qeyd olunur ki, ölkə “böyük qələbə qazanıb və ABŞ-ni öz 10 bəndlik planını qəbul etməyə məcbur edib”.
İranın xarici işlər naziri Abbas Əraqçi ayrıca açıqlamasında bildirib ki, növbəti iki həftə ərzində gəmilər İran hərbçiləri ilə koordinasiya şərtilə Hörmüz boğazından keçə biləcək. Tramp daha sonra bu məlumatı təsdiqləyib.
İran dövlət mediası ABŞ və İran arasında birbaşa danışıqların aprelin 10-da Pakistanda başlayacağını yazır. Ağ Evin mətbuat katibi Karolayn Livitt belə bir imkanın müzakirə olunduğunu təsdiqləsə də, rəsmi açıqlamaların gözlənilməli olduğunu vurğulayıb.
“The New York Times” qəzeti üç iranlı məmura istinadən yazır ki, Tehran atəşkəs təklifini Pakistanın intensiv diplomatik səylərindən və Çinin son anda “çeviklik göstərmək” çağırışından sonra qəbul edib.
“CNN”in məlumatına görə, İsrail də iki həftəlik atəşkəsə qoşulacaq.
Atəşkəsin dəqiq nə vaxt qüvvəyə minəcəyi hələ açıqlanmayıb. Trampın bəyanatından sonra belə, İsrail və Birləşmiş Ərəb Əmirlikləri İrandan yeni raket və dron buraxılışları barədə məlumat verib.
Trampın paylaşımı İran üçün müəyyən etdiyi son müddətin bitməsinə iki saat qalmış yayımlanıb. O daha əvvəl xəbərdarlıq etmişdi ki, əks halda “bütöv bir sivilizasiya bu gecə məhv ola bilər”.
Bundan bir neçə saat əvvəl danışıqlarda əsas vasitəçi olan Pakistanın baş naziri Şahbaz Şərif Trampdan son müddəti iki həftə uzatmağı xahiş etmiş və İranı “xoş niyyət jesti” olaraq Hörmüz boğazını açmağa çağırmışdı.
Atəşkəs xəbəri enerji bazarına da təsir edib. Brent markalı neftin qiyməti 100 dollardan aşağı düşüb. Aprelin 7-də gündüz saatlarında neftin qiyməti 107–110 dollar aralığında dəyişsə də, aprelin 8-nə keçən gecə kəskin ucuzlaşıb. Səhər saatlarında Londonun ICE birjasında Brent nefti 93–94 dollara, ABŞ-nin WTI nefti isə təxminən 16 faiz ucuzlaşaraq 96,75 dollara qədər enib.