ABŞ və İran arasında gərginlik fonunda Vaşinqton Tehranın yeni təşəbbüsünü qeyri-kafi hesab edir və nüvə proqramı üzrə sərt tələblərini dəyişmədiyini bildirir.
ABŞ prezidenti Donald Tramp İranın münaqişənin həlli ilə bağlı son təklifindən ciddi narazılığını ifadə edib. Bu barədə “Azadlıq Radiosu”na açıqlama verən yüksək vəzifəli amerikalı rəsmi bildirib.
Mənbənin sözlərinə görə, Trampın narazılığı, əsasən, Tehranın təqdim etdiyi təşəbbüsün İranın nüvə proqramının ən mürəkkəb aspektlərini əhatə etməməsi ilə bağlıdır. ABŞ administrasiyası hesab edir ki, hər hansı diplomatik irəliləyiş uranın zənginləşdirilməsinə ciddi nəzarət və məhdudiyyətləri özündə ehtiva etməlidir.
Aprelin 27-də Ağ Ev Trampın milli təhlükəsizlik üzrə müşavirləri ilə İranın yeni təklifini müzakirə etdiyini təsdiqləyib. Hazırda tərəflər arasında müvəqqəti atəşkəs rejimi qüvvədədir.
Tehran isə “Axios” nəşrinin yaydığı məlumatda qeyd olunan yeni planın mövcudluğunu hələ təsdiqləməyib. Nəşrin üç mənbəyə, o cümlədən ABŞ administrasiyasından bir rəsmiyə istinadən yazdığına görə, İran münaqişənin dayandırılması üçün yeni variant irəli sürüb. Bu plana ABŞ-nin Hörmüz boğazında İran sahillərinə tətbiq etdiyi blokadanın aradan qaldırılması və nüvə proqramı ilə bağlı danışıqların daha sonraya saxlanılması daxildir.
ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib ki, mövcud gərginliyin əsas səbəbi məhz nüvə məsələsidir. O, Tehranın nüvə proqramı üzrə müzakirələri uzatmağa çalışdığı barədə məlumatları şərh edərkən deyib: “Bizim bu vəziyyətə düşməyimizin səbəbi nüvə məsələsidir”.
Rubio əlavə edib ki, İranda radikal rəhbərliyin mövcudluğu artıq narahatlıq yaradır, lakin daha böyük problem rəsmi Tehranın regional təsirini genişləndirmək istəyidir. Onun sözlərinə görə, bu ambisiyaların nüvə silahı ilə birləşməsi ciddi nəticələrə səbəb ola bilər: “Onlar təkcə İranda deyil, regionda dominant olmaq istəyirlər”.
Tehran isə nüvə silahı hazırlamaq cəhdləri ilə bağlı ittihamları qəti şəkildə rədd edir. Bununla yanaşı, İran hakimiyyəti uranın yalnız mülki məqsədlər üçün lazım olan səviyyədən yuxarı zənginləşdirilməməsi tələbi ilə razılaşmır.
Bu arada, Rusiyada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Moskvanın dəstəyinə görə təşəkkür edib. O, “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, region ciddi dəyişikliklər mərhələsindədir və son hadisələr İran-Rusiya strateji tərəfdaşlığının dərinliyini bir daha təsdiqləyib.
Hazırda münaqişə zonasında atəşkəs qüvvədə qalır. Tramp bu rejimi müddət göstərmədən uzadıb. ABŞ prezidenti aprelin 26-da “Fox News”a müsahibəsində İran üzərində blokadanı davam etdirmək niyyətində olduğunu bildirib və bunun yaxın həftələrdə Tehranın güzəştə getməsinə səbəb olacağına ümid etdiyini vurğulayıb.
Aprelin 11-də Pakistanın paytaxtı İslamabadda keçirilən ABŞ-İran danışıqları “məzmunlu” kimi qiymətləndirilsə də, İran nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı ABŞ-nin əsas tələblərini qəbul etməyib. Planlaşdırılan növbəti danışıqlar raundu isə hələ baş tutmayıb.
Foto: White House Photo