“Toplum TV işi”: “5-10 manatdan ötrü üzünə durduğunuz adamlar sizin haqlarınız üçün çalışır”

“Toplum TV işi”: “5-10 manatdan ötrü üzünə durduğunuz adamlar sizin haqlarınız üçün çalışır”
21 Aprel 2026
Mətni dəyiş

“Toplum TV işi” üzrə keçirilən məhkəmədə hal şahidlərinin ifadələri ilə təqsirləndirilən şəxslərin mövqeləri arasında ziddiyyətlər yaranıb, məhkəmə zalında mübahisələr baş verib

Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses hakim Azər Tağıyevin sədrliyi ilə baş tutub.

İclasda hal şahidlərinin dindirilməsi davam etdirilib. “Toplum TV”nin məlumatına görə, Sərxan Qəhrəmanov adlı şahid 2024-cü il martın 6-da “Toplum TV” və Demokratik Təşəbbüslər İnstitutunun ofisində aparılan axtarışda iştirak etdiyini bildirib. Onun sözlərinə görə, ofisdən 30 min avroya yaxın pul tapılıb.

Dindirilmə zamanı təqsirləndirilən şəxslərdən “Toplum TV”nin redaktoru Müşfiq Cabbar şahidin yalan danışdığını deyib və bu səbəbdən hakimlə mübahisə yaranıb.

Sərxan Qəhrəmanov eyni gündə Müşfiq Cabbarın evində keçirilən axtarışda da iştirak etdiyini iddia edib və evdən 2 min avro tapıldığını bildirib.

“Müşfiq yoldaşına dedi ki, evdə pul saxlayırsan, mənə niyə demirsən”, - o əlavə edib.

Bu zaman Müşfiq Cabbar şahidi tənqid edərək “O qədər məhkəmələrə gedib gəlib ki, artıq hekayə də uydura bilir” deyib və onu “şəxsiyyətsiz” adlandırıb.

Müşfiq Cabbarın vəkili Rəsul Cəfərov isə şahidin ifadələrini şübhə altına alıb. Onun sözlərinə görə, axtarış protokolu evdə tərtib olunmayıb, halbuki şahid sənədi evdə imzaladığını iddia edir.

Şahid ifadəsində həmçinin bildirib ki, ofisdə aparılan axtarış zamanı təqsirləndirilənlərdən Ruslan İzzətli pulları sayıb və onların özünə məxsus olduğunu deyib. Ruslan İzzətli bu iddianı təkzib edib və hadisənin videoçəkilişinin olduğunu xatırladıb.

“5-10 manatdan ötrü üzünə durduğunuz adamlar sizin haqlarınız üçün çalışır. 1937-ci il repressiyalarında da sizin kimi adamlar var idi. Amma bu gün oxuyub görürük ki, Hüseyn Cavidlər, Əhməd Cavadlar sınmadı. Burada mühakimə olunan şəxslər də Hüseyn Cavidin, Əhməd Cavadın yetirmələridir”, - o, şahidə müraciətlə deyib.

Müşfiq Cabbar çıxışında əvvəlki iclasların birində saxlanma protokolundakı imzasının saxta olduğunu bildirdiyini xatırladıb. O deyib ki, sənədi xətşünas ekspertin yoxlaması üçün vəsatət versə də, məhkəmə “imzada şübhə görməyərək” bunu təmin etməyib.

Bu qərara Ələsgər Məmmədli də etiraz edib. O bildirib ki, hakim ekspert deyil və imzanın həqiqiliyinə özü qərar verə bilməz. Hakim isə cavabında imzanın digər sənədlərlə eynilik təşkil etdiyini deyib.

Daha sonra Ələsgər Məmmədli vaxtilə özünə məxsus olmuş, lakin artıq satdığı avtomobilin üzərinə qoyulan həbsin götürülməsi üçün vəsatət verib. Məhkəmə bu məsələ ilə bağlı Dövlət Yol Polisinə sorğu göndərilməsinə qərar verib.

Ruslan İzzətli isə Bakı İstintaq Təcridxanasında açıq görüşlərə icazə verilmədiyini bildirib.

“Hökumət televiziyalarda bu yaxınlarda video yayımlatdı. Orada ölkə başçısının ailə üzvlərinə təhqirdən, ailə dəyərlərindən və s. danışdılar. Mən heç kimin ailə üzvünün təhqir olunmasını dəstəkləmirəm. Amma hökumət bu sistemi yaradanda nə düşünürdü? Bu gün təcridxanada dövlət rəsmilərinin yaxınları var. Onlar məmur qohumlarının qələminin qırılmasının qurbanı olublar. Amma biri səsini çıxarıb məhkəmədən bəraət istəyə bilmir. Çünki özləri yaradıblar bu sistemi”, - o deyib.

Ələsgər Məmmədli və Fərid İsmayılov da açıq görüşlərə icazə verilməsi üçün vəsatət qaldırıb. Hakim məsələni araşdıracağını bildirib.

İclasda həmçinin Ruslan İzzətlinin polisin müsadirə etdiyi ev müqaviləsinin ailəsinə qaytarılması ilə bağlı vəsatəti də dinlənilib. Hakim bu məsələyə baxılacağını deyib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra polis nəzarətinə götürülüb.

Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilib. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini deyirlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun