“Reuters”: “Pakistan ABŞ və İrana dərhal atəşkəsi nəzərdə tutan planı təqdim edib”

“Reuters”: “Pakistan ABŞ və İrana dərhal atəşkəsi nəzərdə tutan planı təqdim edib” Foto: Le Monde
6 Aprel 2026
Mətni dəyiş

Pakistan ABŞ və İrana müharibənin dayandırılması ilə bağlı öz sülh planını təqdim edib. Plan razılaşdırılacağı təqdirdə, artıq aprelin 6-da qüvvəyə minə bilər. Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçi kimi çıxış edən Pakistanın təklifinə əsasən, ilk mərhələdə dərhal atəşkəs elan olunmalıdır. Bu, Hörmüz boğazından gəmi keçidinin bərpasını da nəzərdə tutur. Daha sonra tərəflərə daha geniş sülh razılaşmasının şərtlərini razılaşdırmaq üçün 15–20 gün vaxt veriləcək. Yekun sənədin imzalanması üzrə danışıqların İslamabadda keçirilməsi planlaşdırılır.

“Reuters”in mənbələrinin bildirdiyinə görə, yekun razılaşma İranın nüvə silahı hazırlamamaq öhdəliyi götürməsi müqabilində sanksiyaların ləğvini və dondurulmuş aktivlərin açılmasını ehtiva edə bilər.

Agentliyin məlumatına əsasən, sülh planı ilə bağlı gecə boyu intensiv danışıqları Pakistanın quru qoşunlarının komandanı Asim Münir aparıb. O, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə təmasda olub.

Eyni zamanda, “Axios” nəşri yazır ki, ABŞ və İran regional vasitəçilərin iştirakı ilə 45 günlük mümkün atəşkəsin şərtlərini müzakirə edir. Bu atəşkəsin müharibənin tam dayandırılmasına gətirib çıxara biləcəyi ehtimal olunur. Lakin nəşrin həmsöhbətləri yaxın 48 saat ərzində razılaşma əldə olunması ehtimalını aşağı qiymətləndirir və bunu müharibənin genişlənməsinin qarşısını almaq üçün son cəhd kimi dəyərləndirir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, Tehran atəşkəs təkliflərinə cavab olaraq öz maraqları əsasında mövqelər və tələblər formalaşdırıb, vasitəçilərin köməyi ilə qarşı tərəfə çatdırıb. Onun dediyinə görə, cavabın detalları vaxtı gələndə açıqlanacaq. 

"Danışıqlar ultimatumlara, müharibə cinayətləri törətmək təhdidlərinə uyğun gəlmir", – o əlavə edib.

"İran özünün legitim tələblərini açıq ifadə etməkdən çəkinmir. Bu, güzəşt əlaməti yox, mövqelərini müdafiə etməkdə özünəinamın göstəricisi sayılmalıdır", – Bəqai mətbuat konfransında deyib. Onun sözlərinə görə, ABŞ-nin bundan əvvəlki tələbləri, 15-bəndlik planı həddən artıq olduğu üçün rədd edilib.

Bu açıqlamadan əvvəl İrandan yüksəkrütbəli rəsmi "Reuters"ə deyib ki, İran müvəqqəti atəşkəs çərçivəsində Hörmüz boğazını açmayacaq, razılaşma əldə etmək üçün möhlət və təzyiqləri qəbul etməyəcək. Rəsminin sözlərinə görə, Vaşinqton hələlik daimi atəşkəsə hazır deyil.

Mənbələrin sözlərinə görə, ABŞ və İsrailin İranın enerji obyektlərinə qarşı genişmiqyaslı zərbələr planı hazırdır. Buna cavab olaraq, İranın da Fars körfəzi ölkələrinin enerji infrastrukturunu hədəf ala biləcəyi ehtimal edilir.

Aprelin 4-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehran razılaşmaya getməsə və Hörmüz boğazını açmasa, iki gün ərzində İrana qarşı sərt zərbələr endiriləcək. Aprelin 5-i axşam isə Tramp paylaşım edərək mümkün hücumların vaxtının dəyişdirildiyinə işarə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun