Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilən İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclas təqsirləndirilən şəxslərin ifadələri ilə başlayıb.
Elgiz Qəhrəman ifadəsində bildirib ki, ittiham aktında onun cinayət törətməsi ilə bağlı konkret sübut yoxdur və özünü heç bir maddə üzrə təqsirli bilmir. Onun sözlərinə görə, son dörd ildə ölkədən yalnız 3 dəfə çıxıb:
“2020-24-cü illər ərzində cəmi 3 dəfə ölkədən kənara çıxmışam. Onun birində təhsil üçün Türkiyəyə gedib bir il orada qalmışam. Digərlərində isə 2 dəfə yeni il ərəfəsində ölkədən xaricə çıxmışam. Qaçaqmalçılıqda ittiham olunuram. Bu, necə ola bilər? Bu maddə ilə heç bir əlaqəm yoxdur”.
Qəhrəman əlavə edib ki, cinayət işi materiallarına daxil edilmiş telefon zəngləri və SMS yazışmaları da ittihamlarla əlaqəli deyil:
“Mən diqqət etdim ki, orada 63 dənə telefon danışığı və SMS var. 57-si telefon zəngidir, 6-sı SMS. Orada göstərilir ki, bu 57 telefon zəngindən 34-ü ümumiyyətlə həftəsonuna aiddir və 63 telefon danışığı və SMS-in sadəcə 10-u həftəiçi və iş günlərinə aiddir. Bunlar maddi sübut kimi işə daxil olunub. Mən bunların işdən xaric edilməsini istəyirəm, çünki biz İmranla dostuq və həftəsonları görüşüb birlikdə vaxt keçirmişik. Kiminsə kimləsə telefonla danışmağı hansısa cinayəti törətməyinə necə sübut hesab oluna bilər?”
O, həmçinin bildirib ki, Ankara Universitetinin Politologiya fakültəsi üzrə Beynəlxalq Əlaqələr ixtisasını bitirib, eyni zamanda Anadolu Universitetinin Açıq Təhsil fakültəsində Xarici ticarət üzrə təhsil alıb və 10 ildən çoxdur riyaziyyat-məntiq müəllimi kimi çalışır. Qəhrəmanın sözlərinə görə, data analitika sahəsində biliklərini İmran Əliyevin xahişi ilə bir neçə dəfə tətbiq edib, lakin bu əməkdaşlıq ödənişsiz və dostluq münasibətləri əsasında olub:
“İmrana köməkliyi pul müqabilində etməmişəm. Bu, dostluq münasibətləri əsasında olub. “Meclis.info”nun fəaliyyətindən xəbərim yoxdur. Sadəcə Milli Məclisin fəaliyyəti ilə bağlı internetdə olan açıq məlumatları toplayıb vizuallaşdırmışam”.
O, istintaq zamanı ona təqdim olunan sənədlərdəki imzaların özünə məxsus olmadığını bildirib və digər təqsirləndirilən Tamella Musayevanı ilk dəfə məhkəmədə tanıdığını deyib.
Tamella Musayeva da məhkəmədə ittihamları rədd edib. O bildirib ki, əvvəllər mühasib kimi müxtəlif təşkilatlarla əməkdaşlıq edib və İmran Əliyevlə 2021-ci ilin iyununda tanış olub:
“İmran dedi ki, ABŞ-nin Azərbaycandakı səfirliyindən ona 19 min dollar alınıb və həmin pulun hesabatını aparmaq üçün onunla xidməti müqavilə ilə işləməyi təklif etdi. O mənə bildirdi ki, onunla birlikdə bir neçə şəxs xidməti müqavilə əsasında işləyəcək. Həmin şəxslərə rəsmi qaydaya köçürmələri həyata keçirməli və İmran Əliyevin verdiyi DSMF hesabatını təqdim etməli idim. Faəliyyətim bundan ibarət idi. Razılaşdım. İyun ayında işə başladıq və 2022-ci ilin fevralına qədər davam etdi. Cəmi 2 dəfə ofisə getmişəm. Ondan sonra evdən davam etmişəm. Mənə o işdən üç dəfə rəsmi şəkildə ödəniş olunub. VÖEN-im vardı. Nağd pul almamışam”.
Musayeva əlavə edib ki, Elgiz Qəhrəmanı yalnız işə cəlb olunduqdan sonra tanıyıb. Onun sözlərinə görə, əvvəlcə şahid qismində dindirilib, daha sonra təqsirləndirilən şəxs qismində cəlb olunub:
“Mən heç bir saxta sənəd tərtib etməmişəm, qanunsuz iş görməmişəm. Heç kimin əvəzinə imza atmamışam”.
Daha sonra İmran Əliyevin vəkili Rəsul Cəfərov çıxış edərək bildirib ki, müvəkkili bir müddətdir bel və onurğa nahiyəsində güclü ağrılardan əziyyət çəkir. Vəkilin sözlərinə görə, Bakı İstintaq Təcridxanasında və Penitensiar Xidmətin Müalicə Müəssisəsində MRT müayinəsi üçün şərait yoxdur.
Cəfərov qeyd edib ki, İmran Əliyev məsələ ilə bağlı müəssisə rəhbərliyinə müraciət edib və ilkin razılıq əldə olunub. Vəkil məhkəmədən mülki tibb müəssisəsində müayinəyə etiraz olunmaması barədə məktub göndərilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib və bildirib ki, Penitensiar Xidmətdən müraciət daxil olduqdan sonra müvafiq təsdiq məktubu veriləcək.
Növbəti məhkəmə prosesinin İmran Əliyevin ifadəsi ilə davam edəcəyi bildirilib.
İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, daha sonra ittihamların genişləndirildiyi açıqlanıb.
Elgiz Qəhrəman və Tamella Musayeva isə bu iş üzrə 2025-ci ilin fevralında cinayət məsuliyyətinə cəlb olunublar və barələrində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hazırda hər üç şəxs barəsində 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan səkkiz ağır maddə ilə ittiham irəli sürülüb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları “Meclis.info işi”ni siyasi motivli hesab edir və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Foto: sosial media, Elgiz Gahraman