Hesablama Palatasının auditinə görə, aqrar subsidiya sistemində ümumilikdə yüz milyonlarla manatlıq pozuntu və uyğunsuzluqlar aşkarlanıb. Təkcə təsdiqlənməmiş əkin sahələrinə 24,2 milyon manat, sənədsiz və şübhəli əməliyyatlar üzrə isə daha on milyonlarla manat vəsait ödənilib
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurasında apardığı auditdə bir sıra maliyyə pozuntuları və uyğunsuzluqların aşkarlandığını bildirir.
Bu barədə məlumat Palatanın “Dövlət auditi” rəsmi bülletenində qeyd olunub. Bildirilib ki, 2022-2025-ci illəri əhatə edən auditdə bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyi qiymətləndirilib.
Audit zamanı müəyyən olunub ki, AKİA peyk monitorinqi ilə becərilmə işlərinin aparılması, hətta ilkin mərhələsi olan şum işləri belə təsdiq olunmayan 49 əkin bəyanı üzrə 117 min hektardan çox torpaq sahəsinə görə 19 fermerə 24,2 milyon manat subsidiya ödəyib.
Eyni sahələr üzrə Aqrar Sığorta Fondu xətti ilə sığorta haqları və sığorta hadisəsi üçün sığorta ödənişləri adı ilə əlavə 1 883 200 manat vəsait maliyyələşdirilib.
Audit nəticələrinə görə, subsidiya ödənilmiş əkin sahələri ilə faktiki biçilmiş sahələr arasında ciddi fərqlər də qeydə alınıb.
2022–2023-cü bəyan ilində biçilmiş əkin sahəsi üzrə məhsuldarlıq 14 sentner olduğu halda, ümumi əkin sahəsi üzrə bu göstərici 2,3 sentner olub. Biçini aparılmayan 60 276,8 hektar sahəyə 13 863 700 manat əkin subsidiyası ödənilib.
Növbəti - 2023–2024-cü bəyan ilində isə biçilmiş sahə üzrə məhsuldarlıq 9,2 sentner, ümumi sahə üzrə 4,4 sentner təşkil edib. Biçini aparılmayan 44 501,7 hektar sahəyə 10 235 400 manat subsidiya verilib.
Bundan əlavə, məhv olmuş 44 400 hektar əkin sahəsinə 10,1 milyon manat əkin subsidiyası ödənilib. Auditə görə, bu vəziyyət Kənd Təsərrüfatı Nazirliyinin (AKİA) məhv olma göstəricilərini araşdırmaması və uçota almaması ilə izah olunub.
Sənəddə daha geniş problemlər də göstərilir. 28 halda torpaq sənədləri rekvizitləri olmayan 157 min hektar torpaq sahəsinin identifikasiyası üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi müraciət edilməyib. Bu sahələrə 34,55 milyon manat əkin subsidiyası ödənilib.
Məhsul subsidiyaları üzrə də ciddi uyğunsuzluqlar aşkar edilib. Elektron qaimə-faktura ilə rəsmiləşdirilməmiş şəraitdə 769 534,3 ton pambığın, 4 150,4 ton ərzaqlıq buğdanın, 64 082,7 ton tütünün və 106 433,7 ton şəkər çuğundurunun təhvili zamanı fiziki şəxs fermerlərə ümumilikdə 132,1 milyon manat məbləğində məhsul subsidiyası maliyyələşdirilib.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarını tədarükçülərə təhvil vermədən subsidiya hüququ yaranmadığı halda, 10 hüquqi şəxs həm istehsalçı, həm də tədarükçü kimi çıxış edərək - yəni özü-özünə satış rəsmiləşdirərək - 14 898 400 manat məbləğində məhsul subsidiyası alıb. Bu məbləğ 4 918,6 ton şəkər çuğunduru, 87 115,3 ton pambıq və 5 898,8 ton tütün üzrə ödənilib.
Subsidiya ödənişlərinin köçürülməsi ilə bağlı da qanun pozuntuları müəyyən olunub. Qanunvericiliyə görə, 2025-ci ildən hüquqi şəxslərə subsidiya məbləğləri onların cari hesablarına köçürülməlidir. Lakin EKTIS-də qeydiyyatda olan hüquqi şəxslərin əkin və məhsul bəyanlarına görə 304 milyon manat subsidiya (246,4 milyon manat əkin, 57,6 milyon manat məhsul) cari hesablara deyil, həmin hüquqi şəxslərlə əmək müqaviləsi olan və ya olmayan fiziki şəxslərin fermer kartlarına köçürülüb.
Bu vəsaitin 16,9 milyon manatı əmək müqaviləsi olmayan fiziki şəxslərin kartlarına yönəldilib. 2025-ci ilin I rübündə isə əlavə 34 milyon manat yenə fermer kartlarına köçürülüb.
Audit həmçinin göstərib ki, banklardan götürülməmiş 5 017 fermer kartında 2020-ci ildən 2025-ci ilin I rübünə qədər 2 625 700 manat büdcə vəsaiti hərəkətsiz qalıb. 13 304 fermerin kartlarında isə 469 800 manat iki ildən çox istifadə olunmadan saxlanılıb.
Statistik göstəricilərdə də uyğunsuzluqlar aşkar edilib. Kənd Təsərrüfatı Nazirliyinin eyni bitki növləri üzrə əkin sahələrinə dair göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərini 126,5 min hektar üstələyib. Pambıq və tütün istehsalı üzrə fərq 25,3 min ton təşkil edib. Bu fərqə görə ödənilmiş məhsul subsidiyasının məbləği 3,7 milyon manatdır.
Kənd Təsərrüfatı Nazirliyi ilkin cavab məktubunda bildirib ki, cari ildə fermerlər bəyan edərsə, bərpa məbləği ödəniş zamanı nəzərə alınacaq, əks halda məhkəməyə müraciət ediləcək.
Bülletendə qeyd olunur ki, bu məsələ ilə bağlı bir sıra materiallar Baş Prokurorluğa təqdim edilib.
Kənd Təsərrüfatı naziri 2022-ci ildən etibarən Məcnun Məmmədovdur. Aqrar Subsidiya Şurası 9 üzvdən ibarətdir və şuraya nazir rəhbərlik edir.