Həbsdə olan iqtisadçı Baş Prokurorluğa müraciət edib: “Vəkillərim qanunsuz şəkildə prosesdən kənarlaşdırılıb”

Həbsdə olan iqtisadçı Baş Prokurorluğa müraciət edib: “Vəkillərim qanunsuz şəkildə prosesdən kənarlaşdırılıb” Foto: Fazil Qasımovun "Facebook" hesabı
2 Aprel 2026
Mətni dəyiş

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan iqtisadçı Fazil Qasımov Baş prokurorunun birinci müavini Elçin Məmmədova müraciət ünvanlayaraq cinayət işi üzrə ciddi qanun pozuntularına yol verildiyini bildirib.

Qasımov iddia edib ki, cinayət işinin materiallarında yer alan müdafiəçidən imtina ərizəsindəki imza ona məxsus deyil və sənəd onun tərəfindən yazılmayıb. Onun sözlərinə görə, həmin ərizə üçüncü şəxs tərəfindən hazırlanaraq imzalanıb:

“Müdafiəçidən imtina ərizəsindəki imza mənə məxsus deyil və ərizə mənim tərəfimdən yazılmayıb. Həmin ərizənin kompyuterdə hazırlanaraq mənim yerimə imzalandığını nəzərə alsaq, onun əsasında vəkillərimin prosesdən kənarlaşdırılması müdafiə hüququmun kobud şəkildə pozulması ilə nəticələnib”.

O qeyd edib ki, bu sənəd əsasında müstəntiq Yusif Yusifov onun həm dövlət hesabına təyin edilmiş, həm də müqavilə əsasında cəlb edilmiş vəkillərinin işdə iştirakına xitam verib.

Qasımov müraciətində Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edərək bildirib ki, müdafiəçidən imtina yalnız könüllü və şəxsin özü tərəfindən yazılmış ərizə ilə mümkündür:

“Qanuna görə, müdafiəçidən imtina yalnız şəxsin öz təşəbbüsü ilə, könüllü və vəkilin iştirakı ilə yazılmış ərizə əsasında qəbul edilə bilər”.

O, həmçinin Konstitusiya Məhkəməsinin mövqeyini xatırladaraq vurğulayıb ki, belə hallarda ərizə şəxsən yazılmalı və imzalanmalıdır, əks halda bu, müdafiə hüququnun pozulması hesab edilir.

Qasımov əlavə edib ki, daha əvvəl də istintaq orqanlarının hərəkətlərindən şikayət edib. Onun sözlərinə görə, 2024-cü ilin may və iyul aylarında Baş Prokurorluğa ünvanladığı müraciətlərdə müstəntiqin sübutları saxtalaşdırdığını bildirib, lakin şikayətlərinə baxılmayıb:

“Müstəntiq Yusif Yusifovun müdafiəçim Anar Qasımlı ilə birlikdə sübutları saxtalaşdırdığını bildirmişdim. Lakin ərizələrimə baxılmayıb və etirazım təmin edilməyib”.

Qasımov hesab edir ki, onun işi üzrə sübutların saxtalaşdırılması Cinayət Məcəlləsinin 294.3-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır və bu məsələyə hüquqi qiymət verilməlidir.

“Sübutların saxtalaşdırılması cinayət məsuliyyəti yaradır. Bu faktlara hüquqi qiymət verilməsini xahiş edirəm”.

Müraciətin sonunda o, vəkillərinin işdən kənarlaşdırılması və istintaq zamanı yol verilmiş pozuntuların araşdırılmasını tələb edir.

Fazil Qasımov 2023-cü il avqustun 5-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, iqtisadçı alim Qubad İbadoğlu ilə bağlı cinayət işi çərçivəsində həbs olunub və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham edilib.

Qasımov məhkəmədə istintaq zamanı zorakılığa məruz qaldığını və müəyyən dərmanların təsiri altında ifadə verməyə məcbur edildiyini bildirib. Daha sonra həmin ifadədən imtina edib və həbsini siyasi motivli adlandırıb.

2025-ci il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun