Dövlətlə universitet arasında maliyyə böhranı: pulsuzda oxuyan tələbələrdən ödəniş tələb olunur

Dövlətlə universitet arasında maliyyə böhranı: pulsuzda oxuyan tələbələrdən ödəniş tələb olunur
2 Aprel 2026
Mətni dəyiş

Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə (ödənişsiz əsaslarla) təhsil alan tələbələrdən təhsil haqlarının bir hissəsini ödəmələrinin tələb olunduğu bildirilir. Tələbələrə verilən məlumata görə, dövlət büdcəsindən ödənilməli olan vəsait tam köçürülmədiyi üçün semestr imtahanlarına qədər qalıq məbləği onların özləri ödəməlidir. Əks halda, imtahanlara buraxılmayacaqları bildirilib.

Bununla bağlı şikayət edən tələbələr iddia ediblər ki, dövlət sifarişi ilə təhsil almalarına baxmayaraq, onlardan 375 manat məbləğində ödəniş tələb olunur. Onların sözlərinə görə, bu məbləği ödəmədikləri halda imtahanlara buraxılmamaq və kəsilmə ilə hədələnirlər.

Tələbələr həmçinin fevral və mart aylarına aid təqaüdlərin ödənilmədiyini qeyd edərək, buna baxmayaraq təhsil haqqının gecikdirilməsi ilə bağlı sərt xəbərdarlıqlar edildiyini bildiriblər.

“Bizə siyahı atıldı və siyahıda hər tələbənin adının qarşısında müəyyən borc yazılmışdı. Borcun hansı səbəblə yazıldığını soruşduqda isə bizə Elm və Təhsil Nazirliyinin təhsil haqqımızı yarımçıq ödədiyini və geri qalan məbləği də bizim ödəməli olduğumuzu dedilər. Lakin biz rəsmi sənəd tələb etdikdə, bizə heç bir sənəd göstərilmədi. Hər bir tələbə portal.edu.az saytında kabinetinə girərək akademik borcda sıfır yazıldığını gördü. Əgər akademik borcda sıfır yazılırsa, bizdən hansı adla pul tələb edirlər?”, - tələbələrdən biri mətbuata müsahibəsində deyib.

“Bizdən bu pulu tələb edirlər. Verməyəcəyimiz təqdirdə, imtahana buraxmayacaqlarını deyirlər. Dekanlığa yaxınlaşıb səbəbini öyrənmək istəyəndə, dekan “Mən bilmirəm, gedin hara şikayət edirsiniz edin” dedi”, - başqa bir tələbə bildirib.

Universitetdən verilən açıqlamada bildirilib ki, dövlətin müəssisəyə ödədiyi vəsait büdcəyə geri qaytarıldığı üçün tələbələrə təhsil haqları ilə bağlı məlumat verilib.

“Məlum olduğu kimi, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə ödənilir. Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarına köçürülür.

2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılmış, onun əhəmiyyətli hissəsi xərclənmiş, müəyyən hissəsi isə qalmışdır. Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.

Lakin 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olmuşdur ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz.

Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitin universitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciət məktubunda qeyd olunub. Lakin məktubumuza hələ heç bir qurumdan rəsmi məlumat göndərilməyib.

Hazırda universitetin 13 təhsil proqramının beynəlxalq akkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumat daxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanları, laboratoriya və texniki avadanlıqların alınması üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb.

Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumat verildikdən sonra baş verən situasiyada günahkar universitet çıxarılır. Məsələ ilə bağlı universitetin aidiyyəti təşkilatlara müraciəti hələ ki cavabsız qalır.

Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyi xidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilin fəaliyyətində istifadə etmək imkanına da sahib olacaq.

Hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədəyik və geri dönüş gözləyirik. İctimaiyyətə gedişat barədə məlumat veriləcək”, - qurumun açıqlamasında qeyd olunur.

Elm və Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir:

“Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz. Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.

Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil”.

Məsələyə Maliyyə Nazirliyi də münasibət bildirib. Qurumun məlumatına görə, ötən il dövlət büdcəsindən universitetə ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən təhsil xərcləri üzrə 3 milyon 596,6 min manat, təqaüd xərcləri üzrə isə 1 milyon 480,0 min manat ayrılıb.

Qeyd olunub ki, həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1 539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.

"Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə ayrılan vəsait 7,2 faiz artımla nəzərdə tutulub. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat isə təqaüd xərcləri üçün planlaşdırılıb", - nazirliyin açıqlamasında bildirilib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun