Azərbaycanla Rusiya arasında son illərdə yaranmış gərginlik fonunda Bakıda rusiyalı vətəndaşlarla bağlı ilk məhkəmə hökmü çıxarılıb və bu qərar iki ölkə münasibətlərində hüquqi proseslərin siyasi kontekstdə necə dəyərləndirildiyi suallarını yenidən gündəmə gətirib
Bakı Ağır Cinayətlər Məhkəməsi aprelin 22-də rusiyalı sahibkar və proqramçı Aleksandr Vayseronu çirkli pulların yuyulması işi üzrə 4 il azadlıqdan məhrum edib.
Bu, 2025-ci ilin iyununda Bakıda saxlanılan Rusiya vətəndaşları ilə bağlı iş üzrə çıxarılan ilk hökmdür. Həmin saxlanmalar Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskin şəkildə pisləşdiyi dövrə təsadüf edib. Gərginliyə Rusiyada azərbaycanlıların saxlanılması və Rusiya hava hücumundan müdafiə sisteminin AZAL-a məxsus təyyarəni vurması səbəb olmuşdu.
Vaysero 2025-ci ilin iyununda turist kimi Yekaterinburqdan Bakıya gəlib. İyulun 1-də o, daha yeddi Rusiya vətəndaşı ilə birlikdə saxlanılıb. Daha sonra onlara qarşı kibercinayətlər və İran mənşəli narkotiklərin tranziti də daxil olmaqla müxtəlif ittihamlar irəli sürülüb.
İstintaqın versiyasına görə, Vaysero Azərbaycandan kənarda fəaliyyət göstərən qanunsuz bukmeker, lotereya və digər qumar saytları vasitəsilə əldə edilən 727 min manatdan (427 min dollardan çox) artıq vəsaiti leqallaşdırıb. Azərbaycan istintaq orqanları bildirir ki, o, vəsaitin mənşəyini gizlətmək üçün pulları hissə-hissə müxtəlif şəxslərin adına açılmış bank kartlarına köçürüb.
Vayseronun işi üzrə istintaq Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılıb və ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma) ilə ittiham verilib.
“Azadlıq Radiosu”nun yazdığına görə, 36 yaşlı Vaysero ittihamı qəbul etmir. Məhkəmədə o, özünü təqsirli bilmədiyini, Azərbaycana turizm məqsədilə gəldiyini və burada saxlanıldığını deyib. Müdafiə tərəfi də onun təqsirsiz olduğunu bildirib və bəraət istəyib. Prokuror isə Vayseronun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Digər saxlanılan Rusiya vətəndaşları barədə hökm hələ çıxarılmayıb, onlar həbsdə qalırlar.
Həmin dövrdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının saxladığı digər Rusiya vətəndaşlarına narkotik ittihamları irəli sürülüb. Sergey Sofronov, Anton Draçov, Dmitri Fyodorov, Valeri Dulov və başqalarının da daxil olduğu səkkiz nəfərin işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və saxlama) ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Məhkəmə prosesində hazırda dindirmə mərhələsi gedir və səkkiz nəfərdən beşi ifadə verib. Təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir və özlərini Azərbaycanla Rusiya arasında gərginləşmiş münasibətlərin qurbanı hesab etdiklərini bildirirlər.
İki ölkə arasında münasibətlər 2025-ci ilin iyununun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakılıqla müşayiət olunan reydlərdən sonra kəskinləşib. Həmin əməliyyatlar zamanı iki azərbaycanlı həyatını itirib, 50-dən çox şəxs saxlanılıb.
Rusiya İstintaq Komitəsi Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından öldüyünü açıqlasa da, Azərbaycanın məhkəmə-tibbi ekspertləri ölümün çoxsaylı xəsarətlər nəticəsində baş verdiyini bildirib. Reydlərin 10–20 il əvvəl törədilmiş sifarişli qətllərin araşdırılması çərçivəsində keçirildiyi qeyd edilib.
Bu hadisələr Bakı ilə Moskva arasında onsuz da mövcud olan diplomatik gərginlik fonunda baş verib. 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra münasibətlər daha da pisləşib. Rəsmi Bakı Moskvadan üzr, kompensasiya və günahkarların cəzalandırılmasını tələb edib.
2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü münasibətlərdə nisbi yumşalma kimi qiymətləndirilib. Rusiya prezidenti Vladimir Putin qəza ilə bağlı üzr istədiyini xatırladıb və kompensasiya ödəniləcəyini bildirib.
2026-cı ilin aprelində isə Rusiyanın kompensasiya ödəməyə hazır olduğu açıqlanıb.