İran nümayəndə heyətinin ABŞ ilə danışıqlara başlamaq üçün ali rəhbərlikdən icazə aldığı bildirilir. “Axios” nəşrinin yazdığına görə, qərar aprelin 20-də verilib və tərəflər ikinci raund görüş üçün İslamabadda toplaşa bilər
İran nümayəndə heyəti ABŞ ilə danışıqlara başlamaq üçün ali lider Müctəba Xameneidən “yaşıl işıq” alıb. Bu barədə “Axios” nəşri mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev aprelin 20-si gün ərzində Tehrandan siqnal gözləyib ki, İranın danışıqlar qrupu İslamabada yola düşəcək. Görüşün baş tutması üçün Pakistan, Misir və Türkiyədən olan vasitəçilər də Tehranı danışıqlarda iştirak etməyə çağırıblar.
Lakin mənbənin sözlərinə görə, İran tərəfi İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqləri fonunda prosesi ləngidib. Bildirilir ki, korpus nümayəndə heyətindən daha sərt mövqe tutmağı tələb edib və ABŞ-nin dəniz blokadası aradan qaldırılmadan danışıqlara başlanmamasını istəyib.
“Axios”un üç mənbəsinin məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens də İslamabadda keçiriləcək görüşdə iştirak etmək üçün yola düşəcək. Onun aprelin 21-i səhər saatlarında uçuş edəcəyi planlaşdırılır. Digər bir mənbə isə Vensin artıq aprelin 20-si gecə saatlarında yola düşə biləcəyini bildirib.
Eyni zamanda, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin də danışıqlarda iştirak etmək üçün İslamabada gedəcəyi gözlənilir.
ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 11-12-də İslamabadda keçirilib, lakin konkret nəticə ilə yekunlaşmayıb. Bir həftə sonra İran Hörmüz boğazını kommersiya gəmiləri üçün açacağını açıqlasa da, qısa müddət sonra yenidən bağlayıb.
Bunun ardınca ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayıb və Hörmüz boğazından keçməyə çalışan “Tuska” adlı İran yük gəmisinə zərbə endirib.
Məlumata görə, ikinci raund danışıqlar ABŞ vitse-prezidenti Cey Di Vensin iştirakı ilə atəşkəs müddətinin başa çatdığı vaxta təsadüf edə bilər. “Axios” qeyd edir ki, Donald Tramp əvvəlcədən razılaşdırılmış iki həftəlik atəşkəsin müddətini faktiki olaraq bir gün uzadıb.
Belə ki, ilkin olaraq atəşkəs aprelin 21-də bitməli idi, lakin Tramp daha sonra son tarix kimi aprelin 22-si axşamını göstərib. Bununla belə, o, “Bloomberg” agentliyinə açıqlamasında atəşkəsin uzadılmasının “çox az ehtimal olunduğunu” bildirib.