Apellyasiya Məhkəməsi Azər Qasımlının vəsatətlərinin əksəriyyətini təmin etməyib

Apellyasiya Məhkəməsi Azər Qasımlının vəsatətlərinin əksəriyyətini təmin etməyib
14 Aprel 2026
Mətni dəyiş

Bakı Apellyasiya Məhkəməsində siyasətçi Azər Qasımlının işi üzrə keçirilən iclasda müdafiə tərəfinin əsas vəsatətləri təmin olunmayıb, yalnız onun vəkillərinin yanında əyləşməsinə icazə verilib.

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının işi üzrə baxış iclası keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi bir sıra vəsatətlərlə çıxış edib.

Məhkəmə Azər Qasımlının vəkillərinin yanında əyləşməsinə icazə versə də, digər vəsatətləri təmin etməyib.

Vəkil Rövşanə Rəhimli məhkəmə istintaqının davam etdirilməsi ilə bağlı vəsatət qaldıraraq bildirib ki, istintaq mərhələsində müdafiə tərəfinin araşdırılmasını tələb etdiyi sübutlara məhkəmə qiymət verməlidir.

O, həmçinin Qasımlıya qarşı hədə-qorxu ittihamı irəli sürən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın məhkəmədə dindirilməsini istəyib. Vəkilin sözlərinə görə, Yusifovanın ifadəsi ittihamların aydınlaşdırılması üçün əhəmiyyətli ola bilər.

Bildirilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi əvvəllər onun dindirilməsi barədə qərar versə də, polis Yusifovanın tapılmadığını açıqlayıb. Müdafiə tərəfi isə qeyd edib ki, Yusifov istintaqa ifadəsində Azər Qasımlının onun ailəsini dağıtdığını iddia edib və bu məsələyə aydınlıq gətirə biləcək şəxs məhz Fərəhbanu Yusifovadır.

Məhkəmə bu vəsatətləri təmin etməyib.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və 2026-cı il martın 11-də 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə təqsirli bilinib. İttihama görə, Qasımlı Qurbanəli Yusifovu oğlunu qaçırmaq və atasını öldürmək hədəsi ilə pul verməyə məcbur edib.

Azər Qasımlı ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun