“Abzas Media işi”: “Şikayətim Əliyevdən Əliyevədir: “Məhkəmələrə qanunsuz tapşırıqlar verməyi dayandırın”

“Abzas Media işi”: “Şikayətim Əliyevdən Əliyevədir: “Məhkəmələrə qanunsuz tapşırıqlar verməyi dayandırın”
3 Aprel 2026
Mətni dəyiş

Ali Məhkəmə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.

Aprelin 3-də hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslər – jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da kassasiya şikayətlərinə baxılıb.

“Abzas Media”nın qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları vəkilləri təmsil edib.

Araşdırmaçı jurnalist Hafiz Babalının vəkili Rəsul Cəfərov məhkəmədə iştirak edə bilmədiyi üçün onun ərizəsi məhkəməyə təqdim edilib. Ərizədə vəkil Hafiz Babalının kassasiya şikayətinin təmin edilməsini, cinayət işinə xitam verilməsini məhkəmə heyətindən xahiş edib.

Daha sonra Hafiz Babalı söz alaraq vəkilinin ərizədə yazdıqlarına qatıldığını bildirib və ona bəraət verilməsini xahiş edib.

Jurnalist həmçinin əlavə edib ki, onun barəsində həbs qərarı çıxaran hər kəsin cinayət məsuliyyətinə cəlb olunmasını da istəyir.

Hafiz Babalı eyni zamanda bildirib ki, 28 aydır pensiyasını ala bilmir:

“28 aydır həbsdəyəm və bu müddətdə pensiyamı ala bilməmişəm. Mənim səhhətimdə ciddi problemlər var. Pensiyam müalicəmə xərclənirdi, amma indi bundan məhrum qalmışam”.

Babalı bildirib ki, cinayət işi çərçivəsində digər bank hesabları ilə birlikdə pensiyasını aldığı bank kartı da bloklanıb.

Proses zamanı Hafiz Babalı məhkəmə heyətinə təklif də səsləndirib:

“Mən 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıram. Orada cəzasının 2/3 hissəsini çəkən məhkumlar vaxtından əvvəl azadlığa buraxılması üçün daxili məhkəmələr keçirilir. Məhkumlar onların qanunən hüquqları olan bu məhkəmələrin keçirilməsi üçün pul verməli olurlar. Mən Ali Məhkəmədən xahiş edirəm ki, sözügedən məhkəmələr üçün müəyyən məbləğ təyin etsin. Beləcə, hər şey qanuni hal alar və həbsxanalarda baş alıb gedən korrupsiyanı da önləmiş olarsınız. Bu sözləri sizə çatdırmağı məndən məhkum dostlar xahiş edib”, – Hafiz Babalı bildirib.

Daha sonra jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamovanın adından vəkil Günay İsmayılova çıxış edib. O bildirib ki, istintaq materiallarında hər iki müvəkkilinin təqsirini sübut edən fakt yoxdur.

Günay İsmayılovanın sözlərinə görə, Elnarə Qasımova “Abzas Media” ilə 2023-cü ilin oktyabrında könüllü əsaslarla bir neçə ay əməkdaşlıq edib.

“Elnarənin mütəşəkkil dəstə üzvü olduğunu sübut edən heç bir fakt yoxdur. O, sadəcə fotoqraf olduğuna görə dəstə üzvü elan edilib. İstintaqda cəmi bir dəfə ölkəni tərk etdiyi qeyd olunub, onda da şəxsi məsələ ilə bağlı olub. Elnarə heç vaxt iş üzrə təqsirləndirilən şəxslərlə ölkə xaricində olmayıb, amma nədənsə dəstə üzvü elan edilib”.

Vəkil Nərgiz Absalamovanın da video reportyor olduğuna görə bu işə mütəşəkkil dəstə üzvü kimi cəlb edildiyini vurğulayıb:

“Nərgizi sənədlərin saxtalaşdırılmasına ittiham edirlər, amma bununla bağlı heç bir sübut yoxdur. Ortada yalnız hansısa sənədlərin surətləri var, onların da mötəbərliyi sual altındadır”.

Günay İsmayılova hər iki müvəkkilinin iş üzrə təqsirləndirilən digər şəxs Məhəmməd Kekalovun ifadəsi əsasında saxlanıldığını, lakin sonuncunun məhkəmə istintaqı zamanı əvvəlki ifadələrindən imtina etdiyini məhkəmə heyətinin diqqətinə çatdırıb.

Daha sonra vəkil Bəhruz Bayramov söz alaraq bildirib ki, bundan əvvəlki instansiyalarda bütün sübutlara baxmayaraq məhkəmələr ədalətsiz qərar çıxarıb. O, Ali Məhkəmədən də fərqli qərar gözləmədiyini deyib.

Daha sonra Bəhruz Bayramov növbə ilə jurnalistlər Sevinc Vaqifqızı və Elnarə Qasımovanın son sözlərini məhkəmə heyəti və iştirakçılar üçün oxuyub.

Sevinc Vaqifqızının son sözündə deyilib:

“Bu işin Ali Məhkəməyə gəlib çıxmağına səbəb əvvəlki iki instansiyada haqqımızda sifarişli hökm çıxarılmağıdır. Sifarişi verən də ailəsinin korrupsiyaya bulaşdığını göstərdiyimiz İlham Əliyevdir.

Bilirik ki, onun bizi qanunsuz həbsdə saxlamaqla bağlı sifarişi sizə də gəlib. Xatırladım ki, bu yaxınlarda Əliyev icra başçılarını qəbul edərkən yerli məmurların yuxarı səviyyələrdən gələn təzyiqlərlə qanunsuz göstərişləri icra etməyə məcbur edildiklərini deyib. O, məmurlara tapşırıb ki, bundan sonra əgər kimsə onlara qanunsuz tapşırıq versə, dərhal ona məlumat versinlər.

İndi şikayətim Əliyevdən Əliyevədir. Cənab Əliyev, məhkəmələrə qanunsuz tapşırıqlar verməyi dayandırın. İmkan verin, hakimlər baxdıqları işlərlə bağlı müstəqil qərar versinlər.

Oxşar idarəçilikdən əziyyət çəkən Türkiyənin ilk qadın vəkili – 59 il vəkil kimi çalışmış Sürəyya Ağaoğlunun bir sözü var: “Bir məmləkətdə hakim zamana görə deyil, ancaq hüquqa görə hökm versə, o məmləkətdə illərlə insan fikir suçundan həbsə düşməz”.

Sizdən istəyim zamana görə deyil, hüquqa görə haqqımızda qərar verməyinizdir”.

Elnarə Qasımovanın isə son sözündə bunlar yazılıb:

“Həbsimiz boyunca iştirak etdiyimiz məhkəmələrin adları, ünvanları, binaları, oradakı hakimlər bir-birindən fərqli ola bilər. Amma həmin məhkəmələrdə bizimlə bağlı verilən qərarlar tək adama məxsusdur. Azərbaycanda məhkəmələr insanların ədalətli mühakiməsi üçün deyil, İlham Əliyevin hakimiyyətini qorumağa, söz azadlığına olan qəzəbini soyutmağa xidmət edir.

Azərbaycan məhkəmələri bizim işimiz üzərindən öz məhkəməsini qurur. Göstərir ki, ədalətli mühakimədən nə qədər uzaqdır. Göstərir ki, Prezident Administrasiyasının qərarlarından nə qədər asılıdır. Göstərir ki, insanları uzun müddət həbsə göndərmək onlar üçün nə qədər asandır.

İbtidai istintaqı bir il aparılan, sonrakı məhkəmələri toplam səkkiz ay çəkən işimizdə, demək olar, heç bir vəsatətimiz təmin olunmadı. O vəsatətlərimiz təmin olundu ki, bu, ancaq vizuallığa xidmət edirdi. Məsələn, Bakı Ağır Cinayətlər Məhkəməsindəki proseslərdə vəkillərin yanında əyləşmək. Məhkəmə salonunda hər şey səliqəli görünürdü. Hər kəs yerli-yerində, vəkillərin mantiyası əynində, müdafiə etdikləri şəxslər yanında... Amma bir şey əskik idi: ədalətli araşdırma...

Biz məhkəmələrdə çıxış edərkən prokurordan “klounluq eləmə”, hakimdən “artistlik edirsiniz” sözlərini eşitmişik. Prosesi yarımçıq tərk etdiklərini görmüşük. Hətta görüntü üçün olsa da, hakimlər bizim işimizdə özlərini peşə etikalarına uyğun aparmadılar. Bu sözləri və davranışları ilə tərəfsiz olmadıqlarını göstərdilər. İndi də məhkəməmizin keçirildiyi salon səliqəli və təmiz görünür. Amma yekunda yenə görəcəyik ki, hakim heyəti ədalət qarşısında toz-torpaq içindədir”.

Daha sonra dövlət ittihamçısı Rəşad Məmmədli çıxış edərək təqsirləndirilən şəxslərin kassasiya şikayətlərinin təmin edilməməsini istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedərək qərarı elan edib və əvvəlki hökmün qüvvədə saxlanıldığını bildirib.

2023-cü ilin noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da jurnalistlərin azadlığa buraxılmasına çağırıblar.

İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun