Xəstəxana dəhlizində görünən adamlardan biri digərlərinin diqqətini özünə çəkir. Qara geyimli qadını dörd tərəfdən Penitensiar Xidmətin əməkdaşları müşayiət edir. Dörd-beş əməkdaş və saxlanıldığı müəssisənin baş həkimi ilə birlikdə addımlayan qadın müayinə üçün bir neçə saatlıq Lənkəran Penitensiar Kompleksindən mülki xəstəxanaya göndərilən məhkumdur. O, müayinə olunmaq üçün azad həyat sakinlərinin maraq dolu baxışlarından sıxıla-sıxıla bu dəhlizdə irəliləməyə məcbur qalıb. Çünki Lənkəran Penitensiar Kompleksində müayinə üçün lazım olan avadanlıqları işlətməyə ixtisaslı kadr yoxdur.
Kompleksin tibb məntəqəsinə (“sançast”) rentgen cihazı göndərilib, amma quraşdırılmayıb. Soruşanda ki, avadanlıq niyə quraşdırılmayıb, baş həkim deyir, “onsuz da onu işlədə biləcək uzman həkim yoxdur”. USM (ürək-damar ultrasəs müayinəsi), EKQ (elektrokardioqram) cihazları var, amma onlardan da baş çıxaracaq ixtisaslı kadrlar yoxdur. Elə bu kadr çatışmazlığı səbəbindən məhkumlar başqalarının narahatedici baxışlarının müşayiəti ilə mülki xəstəxanaya üz tutmalı olurlar.
Müayinəyə gedən bu yol məhkumlar üçün həm keşməkeşlidir, həm də ödənişli. Onlar əvvəlcə əməkdaşları, həkimi, baş həkimi həqiqətən ağrıdıqlarına, səhhətlərinin pisləşdiyinə inandırmalıdırlar. Çünki səhhətin gözlə görüləcək qədər pis deyilsə, ağrıdığına heç kimi inandıra bilməzsən.
Əgər inandırmısansa, sənədlər baş idarəyə göndərilir. Daha sonra məhkumun mülki xəstəxanaya göndərişinə qərar verilir. Elə bu ərəfədə bəlli olur ki, o, “yol pulu” ödəməlidir. Başqa seçimi olmadığından müayinə üçün etdiyi bu “məcburi” ödəniş ona 19 (on doqquz) manata başa gəlir. Heç bir qazancı olmayan məhkumun ailəsi onun müəssisədəki hesabına pul köçürəndə həmin “yol pulu” tutulur.
Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsinin 2.5-ci bəndi ilə məhkumların ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq hüququ var. kompleksdəki həkim çatışmazlığı isə məhkumları bu hüququndan məhrum edir. Nəinki tibbi yardım almaq, heç bu yardımı göstərmək üçün qadın korpusunda həkim otağı belə yoxdur. Həkim korpusa gələndə xəstələri ya qadın korpusunun dəstə rəisinin otağında, ya da gözəllik salonunda qəbul edir. İynə vurmaq lazım olanda məhkumların saxlanıldığı kameradan istifadə olunurdu. Bu dəfə isə iynə vurdurmaq istəyən məhkuma həkim gözəllik salonunu təklif edir. Deyir, dəstə rəisi Zamin Əliyev belə tapşırıq verib ki, daha iynəni gözəllik salonunda vursun, kameralarda yox. Salonda isə uzanmağa yer yoxdur. Ən əsası pəncərələri həyətə açıldığı üçün oradan salonun içi aydın görünür. Bunları nəzərə alan qadın salonda iynə vurdurmaqdan imtina edir.
Amma iynə vurduran məhkumların heç də hamısı şəfa tapmır. Məsələn, 65 yaşlı qadın aylardır oynaq ağrılarından şikayətlənir. Onun şikayətlərini müxtəlif ağrıkəsicilərlə azaltmağa çalışırlar. Həkim heç bir tibbi müayinə aparmadan, sadəcə xəstənin dediklərinə əsasən, ona diaqnoz qoyub müalicə təyin etdi. Amma göz ilə aparılan bu müayinə nəticəsində yazılan müalicə heç bir effekt vermədi. Əlini həkimlərdən üzən qadın dərdinə “türkəçarə” ilə özü dərman axtarır.
Ötən ilin sentyabrından bu yana kompleksə bir dəfə rentgen cihazı ilə təchiz olunmuş tibbi maşın gəlib, məhkumlar müayinə edilib. Bu müddətdə bir dəfə də məhkumlar QİÇS, hepatit və bu qəbildən yoluxucu xəstəliklərlə bağlı analizə aparılıblar. Məhkumların müayinə, analiz nəticələrini almaq hüquqları olsa da, bu, onlara təqdim olunmur. Nəticələri istəyəndə aldıqları cavab isə budur: “Pis nəsə olsaydı, deyilərdi”.
Gecə tutan ağrılar zamanı isə məhkumun tibbi yardım almağa heç bir yolu qalmır. Çünki 1000-dən yuxarı dustağın saxlanıldığı bu müəssisədə gecə növbəsində işləyən həkim yoxdur.
Elə ki, gecə hansısa məhkumun təzyiqi və ya hərarəti qalxdı, ümid qalır onun özünün təxminlərinə və digər məhkumların yarımçıq tibbi biliklərinə. Səhhətindəki dəyişikliyi əlamətlərə görə müəyyənləşdirən məhkuma otaq yoldaşları kömək edir. Bundan sonra nəzarətçidən iynə-dərman istəyirlər. Nəzarətçiyə tibbi yardım çantası (“apteçka”) verilmədiyindən, o, rəisin növbətçi köməkçilərinin vasitəsilə digər korpuslardan dərman soraqlayır. Çox vaxt bu dərmanlar məhkumların “apteçka”larından tapılır və ehtiyacı olana göndərilir. Məhkumlar növbətçi həkim, dərman boşluğunu doldurmağa çalışırlar.
Başqa bir gün gündüz astması tutan və yerə yıxılmış məhkumun başının üstündə 4 nəfər rütbəli dayanır. Onlar rəis müavinləri və rəisin növbətçi köməkçiləridir. Çağırışa gələnlərin arasında həkim yoxdur. Məsul şəxslər də həkimi tapa bilmədiklərinə görə özləri gəliblər. İynə vurmağı bacaran məhkumdan yerə yıxılan digər məhkuma venadaxili iynə vurmasını istəyirlər. Müavinlərdən biri tez-tez “tələsmə, ehtiyatla vur” deyə iynə vuran məhkuma məsləhət verir. O da həyəcandan əli əsə-əsə, rütbəlilərin diqqətli baxışları altında məhkum yoldaşının damarını tutmağa çalışır. Əks nəticədə problem yaransa, məsuliyyəti kimin – iynə vuran məhkumun, ona göstəriş verən müavinlərin, yoxsa kadr çatışmazlığı problemini həll etməyən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi rəhbərliyinin götürəcəyi bəlli deyil.
Həkim, dərman, tibbi avadanlıq çatışmazlıqları ilə bağlı şikayətləri eşidəndə kompleksin rəsmiləri deyir: “Bizlik deyil, Tibb Baş İdarəsi göndərməlidir”.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin bu problemləri nə vaxt aradan qaldıracağı məlum deyil. O vaxta qədər isə tibbi yardıma ehtiyacı olan məhkumların həkim çağırışına iynə vurmağı bacaran məhkum yoldaşları gələcək.
Elnarə Qasımova
Lənkəran Penitensiar Kompleksi